Əli Kərimli: "Azərbaycan üçün bir fenomen yaratdınız; Gördüyünüz işlər tarixidir"
Azərbaycanın ilk müstəqil qəzeti olan “Azadlıq” dekabrın 24-də 25 illiyini qeyd etdi. Yubiley günündə AXCP rəhbərliyi, başda sədr Əli Kərimli olmaqla, redaksiyasının qonağı olub və kollektivə təbriklərini çatdırıb. Əli Kərimli bütün cəbhəçilər adından "Azadlıq"ın çətin şərtlər altında mövqeyini və prinsiplərini qoruyaraq fəaliyyət göstərə bilməsini yüksək qiymətləndirib. Kollektivə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.
“Nə yaxşı ki, bütün dara düşənlərin üz tuta biləcəyi bir yer var”
AXCP sədri deyib ki, insanlar qəzetin hansı çətin şəraitdə, hansı ləyaqətli işi gördüyünü bilirlər və buna görə də onu fərqləndirirlər: “Siz bu tarixi işi gördüyünüzə görə hamıdan fərqlənirsiz. Əminəm ki, həyatda maddi, vəzifə, komfort baxımından çox şeyləri əldə edən adamlar sizin son günlər keçirdiyiniz daxili məmnunluğu yaşamayıblar. Çünki sevinc o zaman içdən gəlir ki, mübarizdən, fədakarlıqdan sonra olsun. Məhrumiyyətləri, mübarizə stresslərini yaşamadan, çətinliklər görmədən əldə olunmuş uğurun belə şirinliyi olmur. Sizin 25 illik uğur səlnaməniz ona görə belə səs-küylüdür, böyük əks-səda yaradır, cəmiyyəti ruhlandırır ki, çətinlikləri aşaraq bu mərhələyə gəlmisiz. Bir daha hamınızı təbrik edirəm, hər biriniz qiymətlisiz. Hər gün bunu deyə bilmirik. Ancaq heç olmasa indi bəhanə düşüb əlimizə, yubileylə əlaqədar bu etirafda olaq. Doğrudan da sizin gördüyünüz işlər tarixi işlərdir. Nə qədər çətinliklərdən keçmisiz. Bəlkə də kənardan sizə həsəd aparanlar da var ki, jurnalist olasan, belə bir uğur, sevgi qazanasan. Bunu yəqin xeyli adam ürəyindən keçirir. Ancaq onlar bilməlidir ki, bunlar asanlıqla başa gəlmir, biz bunun şahidləriyik. Siz əgər madiyyatı seçsəydiniz burada heç kim olmazdı və bu qəzet də 25 illiyinə çatmazdı. Siz onu yox, mənəvi uğuru, mənəvi dəyərləri seçdiniz, ona görə də Azərbaycan üçün bir fenomen yaratdınız. “Azadlıq” Azərbaycan üçün bir fenomendir”.
Əli Kərimli xatırladıb ki, "Azadlıq" AXC(P)-nin orqanı kimi təsis olunub, amma 1998-ci ildə AXCP təsisçiliyi qəzetin kollektivinə verib. Ondan sonra "Azadlıq"la AXCP arasında inzibati bağ olmasa da, mənəvi-siyasi bağ güclü olaraq qalıb: “Biz inzibati asılılığı istəməmişik. Demişik ki, mənəvi-siyasi bağlar güclü olacaqsa, bu, bizə yetər. Yox əgər bu bağlar tarixin sınağından çıxmayacaqsa, bu da olsun həyatın reallığı. Ötən müddət həm də bizim aramızda mənəvi-siyasi bağların gücünün nümayişi oldu. Xalq Cəbhəsi ilə heç bir inzibatı bağlılığı olmayan qəzet bütün həlledici məqamlarda onunla eyni əqidəni paylaşdı. Çünki bizim seçdiyimiz yoldan, ortaq mövqedən, dəyərlərdən söhbət gedir. Burada kiminsə yanında olmaqdan yox, hamımızın Azərbaycan üçün seçdiyimiz dəyərlərdən söhbət gedir. Nə yaxşı ki, varsız. Nə yaxşı ki, Azərbaycanda “Azadlıq”ın tribunası var. Nə yaxşı ki, əzilən insanların şəstlə döyə biləcəyi bir qapı var. Nə yaxşı ki, bütün dara düşənlərin, rejimin qarşısında aciz qalanların üz tuta biləcəyi bir yer var. Nə yaxşı ki, Azərbaycan xalqına ümid aşılayan bir mayak var. Nə yaxşı ki, Azərbaycanda insanları doğrudan da mənəvi, siyasi güclə bütün maneələri aşmağın mümkün olduğuna inandıran bir nümunə var. Sağ olun, bu nümunəni yaratdığınıza görə. Bir daha hamınızı ürəkdən təbrik edirəm”.
“Azadlıq"ı işıqlı idealların təntənəsinə inamdan irəli gələn fəaliyyət birinci edib”
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev təbriklərə görə AXCP rəhbərliyiniə minnətdarlıq edib və bunları deyib: “Azadlıq" Azərbaycanın ictimai-siyasi həyatının böyük fenomeninə çevrilib. Bu, böyük məhrumiyyətlər, çətinliklər bahasına başa gəlib. Həbslər, ardı-arası kəsilməyən repressiyalar… Ancaq bütün bunlara baxmayaraq, qəzetin kollektivi ölkəmizdə işıqlı idealların təntənəsinə dərin inamdan irəli gələn fəaliyyətlə “Azadlıq”ı ölkədə birinci edib. Bu qəzet Azərbaycan mətbuat tarixinin həqiqətən də fantastik bir nümunəsinə çevrilib. Kollektivin ağır, çətin və mürəkkəb şəraitdə bu vaxta qədər göstərdiyi səylərin çox böyük nəticələrindən biri də budur ki, Azərbaycan tarixində heç bir mətbu orqan dünyada “Azadlıq” qəzeti qədər tanınmayıb. Bu, çox böyük hadisədir. Bütün bunlar əlbəttə ki, kollektivin peşəkarlığı və söz azadlığı uğrunda görünməmiş fədakarlıqla mübarizə aparmasının nəticəsidir. Bu gün burada iştirak edən şəxslərə, Xalq Cəbhəsi Partiyasının üzvlərinə, başda partiyanın sədri Əli Kərimliyə “Azadlıq” qəzetinin fəaliyyətinə verdiyi yüksək qiymətə görə təşəkkür edirəm. Həmişə verdikləri böyük dəstəklə qəzetin fəaliyyətinin davam etdirilməsində onların payı var. Bizi məhz ortaq dəyərlər birləşdirir. Biz konkret şəxslərə görə deyil, Azərbaycanda işıqlı gələcəyin təntənəsi uğrunda eyni platformada duran adamlar kimi fəaliyyətimizi davam etdiririk. Ümid edirəm ki, bizim səylərimiz müsbət nəticə verəcək”.