Aytən Məmmədova
Axşamlar Azərbaycan Nəşriyyatı yavaş-yavaş səssizliyə qovuşur. Adamlar bir-bir redaksiyaları tərk eləyir, dəhlizlərdən ayaq səsləri kəsilir. Axşamlar Mətbuat prospektindən Nəşriyyata baxanda yalnız pəncərələrdən birindən işıq boylanır – “Azadlıq” işləyir. “Azadlıq” yaşayır. “Azadlıq” tənha qalsa da, Azərbaycan mətbuatına işıq salmaqda davam eləyir…
“Azadlıq” 25 yaşında kasıb, amma qürurlu kişini xatırladır. Tez-tez qəzetə qrammatik qüsurları, yazıların keyfiyyətsizliyini irad tuturlar. Nə gizlədək, “Azadlıq”ın peşəkar korrektora verməyə pulu yoxdur. Pulsuzluqdan nimdaş geyinən mərd adamlar kimidir. Əvəzində dəyərləri itirməyib, vicdanını, ləyaqətini saxlayıb.
“Azadlıq” Azərbaycanın mətbuat tarixində ilk müstəqil qəzetdir. Kimlərsə razılaşmaya bilər, öz işləridir, amma neyləmək olar ki, həqiqət məhz belə səslənir. “Azadlıq” həm də bu gün yeganə mətbu orqandır ki, Azərbaycanda “müstəqil qəzet” adına iddia eləyə bilər. Bilirəm, “yeganə” sözü qıcıq doğuracaq. Barışmaq lazımdır, bu daha bir həqiqətdir. Bu gün adamlar başqa heç bir qəzetdə görə bilməyəcəyi həqiqəti məhz “Azadlıq”da oxuyur. Onu fərqləndirən başlıca üstünlük də budur – başqalarının cəsarət edib deyə bilmədiyini “Azadlıq” deyir. “Azadlıq” həm də cəsarətli kişidir…
“Azadlıq”ın müstəqilliyindən söz düşəndə dərhal AXCP və onun lideri Əli Kərimlini gözə soxurlar. Arqumentləri də bu olur ki, bəs onları niyə tənqid eləmir. Səmimi danışırıqsa, mən özüm də bu fikrə az haqq qazandırmıram. O yandan həm də xatırlayıram ki, “Azadlıq”da AXCP-ni də, lap elə Əli Kərimlini də tənqid edən xeyli yazılar gedib. Yaddaşımı çox zora salmadan Şahvələd Çobanoğlunun yazısını xatırlada bilərəm. AXCP “Azadlıq” üçün doğma təşkilatdır, qəzetin ən ağır günlərində cəbhəçilər yanımızda olub.
Və nəhayət, Əli Kərimlini tənqid daha böyük cəsarət tələb eləyir, yoxsa İlham Əliyevi? Azərbaycan xalqına sıradan bir cəbhəçinin yanlış addımı daha çox ziyan vurur, yoxsa ölkəni talan edən hansısa nazir-oliqarx? Əli Kərimlini tənqid etməyə nə var ki?! “Azadlıq” ən çətinini eləyir. Çoxlarının bacarmadığını…
“Azadlıq” da başqaları kimi hakimiyyətlə anlaşa bilərdi. Anlaşsaydı, hər şey başqa cür olacaqdı. Yaxşı təmirli redaksiyada işləyəcəkdik, maaş yubanmayacaqdı, məhkəmə çəkişmələrindən uzaq olacaqdıq. “Azadlıq” həm də dəyərləri satmaq istəmədi.
“Azadlıq”da indiyədək yüzlərlə adam işləyib. Bu gün müxtəlif sahələrdə çalışan, hətta dövlət strukturlarında vəzifə tutan xeyli adam var ki, “Azadlıq”ın şinelindən çıxıb. Qəzetin 90-cı illərdəki nömrələrini vərəqləyəndə hansı adlara rast gəlirsən… Müxtəlif vaxtlarda, müxtəlif səbəblərdən “Azadlıq”ı tərk ediblər.
“Azadlıq”ın 25 yaşa çatmasında daha çox əziyyəti olan adamların sayı o qədər də çox deyil. “Azadlıq”ın ağır günləri əsasən 2000-2001-ci illərdən sonra başlayıb – ilbəil ağırlaşan maliyyə durumu, redaksiyaya hücumlar, “Xaqani-33”dən “Azərbaycan” Nəşriyyatının 9-cu mərtəbəsindəki üfunət qoxuyan nimdaş otaqlara sürgün, izlənmələr, bıçaqlanmalar, həbslər, aylarla maaşsız fədakarlıq… “Azadlıq” bizim üçün hər ayın sonunda maaş alıb, pul olmayanda dəftər-kitabı qoltuğumuza vurub, çıxıb getdiyimiz adi bir iş yeri olsaydı, yəqin ki, hələ illər öncə bu redaksiyadan ayrılardıq. Amma “Azadlıq” bizim üçün təkcə iş yeri deyil, həm də bir dəyərdi. Pula görə o dəyərdən imtina etmədik…
“Azadlıq”ın həm çap, həm də internet variantı cəmi 14-15 nəfərin çiynində ərsəyə gəlir – yazı yazandan tutmuş, texniki işçilərinə qədər hamısını saydım. “Azadlıq”ı 25 yaşına da məhz onlar gətirib çatdırıb. Təvazökarlıqdan uzaq səslənəcək, amma elə özüm də daxil bu kollektiv olmasaydı, “Azadlıq” yəqin 12-13 ildən çox yaşamazdı. Bəlkə də, indiki yaradıcı heyətin peşəkarlığı, yazı qabiliyyəti əvvəlki nəsillərdən aşkar geri qalır, amma bu adamların “Azadlıq” üçün fədakarlığı nəyə desən dəyər.
“Azadlıq” həm də azad adamların yeridir. Redaksiyanın rütubətli, soyuq, əldən düşmüş otaqlarında bir azadlıq rüzgarı əsir. Burada rəhbərliyə yaltaqlanmaq lazım deyil, onları çəkinmədən tənqid eləyə bilərsiniz.
Bir müddət əvvəl redaksiyaya 90 yaşlı təqaüdçü gəlmişdi, 90 manat təqaüdünü qəzetə yardım etmək istəyirdi. Deyirdi ki, “Azadlıq” qəzeti olmasa, hökumətin bizim başımıza açdığı oyunlar barədə hardan xəbər tutaram? Elə hökumət də “Azadlıq”ı buna görə bağlamaq istəyir.
Bugünlərdə parlamentdə KİV haqqında qanuna daha bir mürtəce dəyişiklik edildi – bir qəzetin barəsində ildə iki dəfə məhkəmə qərarı çıxarılsa, onun fəaliyyəti dayandırılacaq. Heş kim şübhə eləmir, bu dəyişiklik məhz “Azadlıq”a görədir. Qəzet yayımını “Azadlıq”a görə məhdudlaşdırmadılarmı? Hökumətin görmək istəmədiyi başqa hansı qəzet var ki? Artıq məhkəmə anonsları da gəlir. Ola bilsin, bu gedişlə “Azadlıq” heç 26-27 yaşına çatmadı. Prinsiplərə tüpürməklə xeyli uzun yaşamaq olar. Amma ləyaqətini satmamaqla 25 yaşında qəhrəman kimi ölmək daha şərəflidir.
Əmin ola bilərsiniz, “Azadlıq” son nəfəsinə qədər haqqın yanında olacaq. Yaşamağın isə yalnız bir prinsipi var. Kişi kimi yaşamaq lazımdır. “Azadlıq” kimi…