Şair Əli Nasirdən və Azəri–Talış Birliyinin sədrindən qəzetimizə təbrik
25 illik yubileyimizlə bağlı redaksiyamıza təbriklər davam edir. Ölkəmizin cənub bölgəsindən şair Əli Nasir və Azəri–Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov da bizi təbrik edənlər sırasındadır. Onların təbrikini təqdim edirik:
“Azadlıq təşnəsi ilə ürəkləri çarpışan qəhrəman və mərd övladlarının rəşadətli mübarizəsi sayəsində yetişdi müstəqilliyinə, ana vətənimiz, doğma yurdumuz – Azərbaycan! Sərhədləri bəlli, ərazisi bəlli, Dövlətçilik atributları müəyyənləşmişdir, ölkəmizin! Şübhə yoxdur ki, bu tarixi nailiyyət bizi – müstəqil Azərbaycan vətəndaşlarını ürəkdən sevindirir, fərəhləndirir!
Həsrətində olduğumuz Dövlət müstəqilliyimizi qazansaq da, çox təəssüflər olsun ki, ölkəmizdə azad, demokratik, dilindən və dinindən asılı olmayaraq bərabərhüquqlu vətəndaş cəmiyyətinin qurulmasına hələ də, nail ola bilməmişik. Günü bu günə kimi məmləkətimizdə azad söz ifadəçiliyi, müstəqil mətbuat institutlarının fəaliyyəti ürəkaçan səviyyədə deyildir.
Nə yaxşı ki, hər cür məhrumiyyətlərə, gündəlik təzyiqlərə mətanətlə, cəsarətlə sinə gərərək, ayaq üstə dura bilən müstəqil, ədalətli, azad söz carçısı “Azadlıq” qəzeti var… Bəli, ölkəmizdə ruhu, mənəviyyatı pak, kollektivi sağlam, dilindən və dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının tribunasına çevrilə bilmiş, adına layiq “Azadlıq” qəzeti var!
25 ildir ki, Respublikamızın istiqlaliyyəti yolunda mübariz tribuna rolunu cəsarətlə çiyinlərində daşıyan və bu yolun ilk bələdçilik missiyasını ləyaqətlə yerinə yetirən “Azadlıq” qəzeti bu gün də meydandadır, fəaliyyətdədir!
24 dekabr 2014-cü il tarixində fəaliyyətinin 25 ili tamam olur. Bu 25 ildə çox nailiyyətlərin oldu! Bundan sora da, İnsan hüquq və azadlıqlarının qorunması, azad və demokratik cəmiyyət quruculuğu naminə qarşıda görüləcək çoxlu işlərin vardır!
25 illik yubileyin mübarəkdir, “Azadlıq”!
Azərbaycan vətəndaşlarının xoşbəxt gələcəyi, rifahı naminə bu şərəfli yolda göstərəcəyiniz fədakarlıqlar üçün kollektivinizə yeni-yeni uğurlar arzulayrıq.
Əli Nasir, şair
Mehdibəy Səfərov, Azəri–Talış İctimai Birliyinin sədri“.