Tel-Əvivlə Əliyev hakimiyyəti arasında münasibətlər pozula bilər
Israilin nüfuzlu “Haaretz” qəzetində Azərbaycanla bağlı dərc edilən məqaləni dünənki sayımızda təqdim etmişdik. Məqalədə açıq şəkildə Azərbaycan hakimiyyətinə mesaj verilir ki, Israil Bakının yürütdüyü siyasətdən razı deyil. Hakimiyyətə yaxınlığı ilə seçilən qəzetin bu mesajı elə Tel-Əvivin xəbərdarlığı kimi qiymətləndirilir.
Qəzet yazır ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə yaxınlaşması, ölkədə demokratik təsisatlara savaş açması, bununla da Qərblə münasibətləri korlaması Israili də çətin duruma salıb. Israil Azərbaycanla sıx əməkdaşlıq edən ölkədir. Tel-Əviv üçün “çətin durum” Azərbaycan hakimiyyətini müdafiə edə bilmək imkanlarının minimuma enməsidir ki, bunu da şərtləndirən Əliyev iqtidarının yürütdüyü siyasətdir.
Lakin ekspertlər məqalədə başqa nüansa da diqqət çəkir. Ekspetlər bildirir ki, məqalədə Bakı ilə Tehranın yaxınlaşmasına və Tel-Əvivin bundan narahat olmasına çox incə şəkildə işarə edilib. “Qəzet əvvəl Israil-Azərbaycan əməkdaşlığına dair misallar gətirir. Israilin Azərbaycandan Irana qarşı kəşfiyyat əməliyyatları apardığını, Azərbaycana xeyli silah, o cümlədən pilotsuz uçuş aparatları, radarlar satdığını yazır. Daha sonra isə son vaxtlar Azərbaycanla Iran arasında münasibətlərin normallaşmasına diqqət çəkilir. Bu il Iran prezidenti Həsən Ruhani ilə Azərbaycanın dövlət başçısı Ilham Əliyevin dörd dəfə görüşməsinə diqqət çəkilir. “Hareetz”, daha doğrusu, Tel-Əviv bununla Əliyev hakimiyyətinə mesaj verir ki, Irana qarşı birgə addımlar atıldığı halda, indi Bakının Tehranla yaxınlaşması başadüşülən deyil. Bu məqalə Israil-Azərbaycan münasibətlərinə ciddi dəyişikliklər olacağını proqnozlaşdırmağa əsas verir”,- deyə ekspertlər bildirir.