Azərbaycan yeni quruma girmək istəyir. Bu, “Bloklara Qoşulmayan Dövlətlər Hərəkatı”dı və bu bloka qoşulmuş dövlətlər içində elə bir urvatlı dövlət tapa bilməzsən ki, öz işıqlı yanlarıyla dünya mədəni dövlətləri ailəsində abırlı yer tutsun. Belə çıxır ki, bundan belə biz Iraq, Əfqanıstan, Myanma (Birma), Fələstin, Papua-Qvineya, Ruanda, Səudiyyə Ərəbistanı, Somali, Trinidad və Tobaqo, Türkmənistan, Uqanda kimi dövlətlərlə bir ailədə yaşayacaq və Avropaya göz dağı verəcəyik.
Elə bil “Eurovision – 2011″ mahnı müsabiqəsində oxunan mahnının sözlərini Avropa öz əliylə məhz ondan qaçan Azərbaycan üçün yazıbmış…
Sözügedən blokun mahiyyətini anlamaq üçün dərinə varmağa zərrəcə ehtiyac yoxdu – bircə fakt bunu gözlər önünə sərir. Xalqın qəzəbi sayəsində devrilmiş diktator Hüsnü Mübarəkin adı indi cəmi iki yerdə qalır ki, bunun da biri həmin blokdu – Mübarək hələ də bu blokun sədri olaraq qalır, ikinci məntəqə isə Azərbaycanda, Xırdalan adlı məkandadı – adına olan park və heykəli, arvadı – indi Misirin sonuncu ledisi olan Suzan Mübarəkinsə adı bir məktəbin üstündə YAP-ın göz bəbəyi kimi qorunur. Bu 118 dövlətin birləşdiyi bataqlıq təsiri bağışlayan bloka qoşulmaqla sanki çox təbii proses baş verir – su axıb çuxurunu tapır. Və Azərbaycan hakimiyyəti elə zənn eləyir ki, o bloka qoşulmaqla bu bataqlıq dövlətlərinin içində özünü suda balıq kimi hiss eləyəcək. Əslində hakimiyyətlə bağlı bu elə tam da belədi. Lakin bu rahatlığı Azərbaycan dövlətinə aid eləmək olmaz. Bu dövlətin bünövrəsi demokratiya və dünyəviliklə qoyulduğundan, heç vaxt o cür qartımış diktatura bataqlığında yaşaya bilməz, yaşamayacaq da.
Bundan əvvəl Azərbaycanın qoşulduğu AB-nin Şərq tərəfdaşlığı proqramı ilə məsələ aydındı. Deyir, filankəs kabab iyinə getdi, çatıb gördü ki, eşşək… dağlayırlar. Sən demə, bu, çox avara proqrammış. Orada dövlətlərdən demokratiya, insan haqları, mətbuat və söz azadlığı, sərbəst toplaşma və s. bu qəbil insanlığa layiq şeylər tələb olunurmuş. Indi də Avropa, yazıq Azərbaycan hakimiyyətinin zəhləsini tökür ki, bəs yekə kişisiz, bu təşkilata qoşulubsuzsa, üzərinizə öhdəlik götürübsüzsə, lütfən əməl eləyin. Hətta zəhmət də olsa. Bir sözlə – orada proqrama uymayanların ürəyini kabab eləyirlər.
Bax, burada artıq balığı sudan çıxarırlar. Demokratiya deyəndə bu hakimiyyətin nəfəsi təntiyir, ciyəri havasızlıqdan dağılmağa qalır, gözləri hədəqəsindən çıxır və boğulur. Əlbəttə, YAP xalqın nəfəs alması naminə özünü qurban verməyəcək.
Azərbaycanın indiki məqamda bu cür vurnuxmaları, özünü oda-közə yaxması, sifətdən-sifətə girməsi, oyundan-oyuna atılmasının yalnız bir amacı var – dərisini qorumaq, ömrünü az da olsa uzatmaq. Gizlənmək.
Yalandan “Mən pasifistəm” deməklə hərbi xidmətdən can qurtarmaq mümkün deyil. Indi dünyanın o çağıdı ki, Ümumdünya Demokratiya Səfərbərliyi elan olunub, dünya saat əqrəbi istiqamətində Günəşin, işığın başına fırlanır və hamı istədi-istəmədi eyni hədəfə doğru getmək zorundadı. Qaçıb hansısa dəlmə-deşikdə gizlənməyin heç mənası yoxdu.
Yeni Dünya Nizamı sel kimi gəlir, dəlmə-deşikdə gizlənməklə canını qurtarmaq istəyənlər boğulmağa məhkumdu. Yaxşısı, hamıyla bir gəmidə yer almaqdı. Bu gəmidə də yenə hansı kayuta başını soxmağın bir anlamı yox. Gəmi azadlığa doğru üzür.
“Azərbaycan isə bir Avropa ölkəsidir və özünü Avropa ölkəsi kimi aparmağa borcludur” – ən azı yetkinlik yaşına çatana kimi.