Hakim partiyanın qurucuları küncə sıxışdırılıb
Modern.az saytı “Siyasi partiyalara gəlib-getmiş tanınmışlar” adı ilə araşdırma yazıların təqdimatına davam edir. Bu rubrikada növbəti araşdırma hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə bağlıdır.
YAP-da ilk və sonuncu hay-küylü istefa dalğası
Rəsul Quliyev 1996-cı ildə Milli Məclisin sədri vəzifəsindən istefa verib ABŞ-a mühacirətə getsə də, onun siyasi gələcəyinə, hətta Azərbaycana qayıdıb siyasi proseslərdə fəal iştirak edəcəyinə inananlar vardı. Keçmiş spikerin qayıdışı reallaşmasa da, okeanın o tayındakı Rəsul Quliyevin tərəfdarları 1998-ci ildə bir yerə yığışmaq qərarına gəlirlər. Beləliklə, hakim partiyada bəlkə də indiyədək rast gəlinməyən ilk səs-küylü istefa dalğası baş verir. 1995-ci il seçkilərində YAP üzvü kimi Milli Məclisə deputat seçilmiş 5 nəfər 1998-ci ildə YAP-ı tərk etdikləri haqda bəyanat verərək ADP-yə keçirlər. Qeyd edək ki, keçmiş spiker həmin vaxt artıq ADP-nin sədr seçilmişdi, onun tərəfdarları olduqca fəal şəkildə Rəsul Quliyevin okeanın o tayından rəhbərlik etdiyi partiyanın uğur əldə edəcəyinə inanırdılar. Bu səbəbdən keçmiş spikerin təbliğatı aparılır, hətta onun qayıdışı üçün yollar arayırdılar. YAP-dan ayrılıb Rəsul Quliyevin arxasınca gedənlər isə bunlar idi: 100 saylı Şəmkir kənd seçki dairəsindən majoritar sistem üzrə deputat seçilən Mahir Əsədov, 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilən (majoritar sistem üzrə) Şamil Yusifov, majoritar sistem üzrə 58 saylı Biləsuvar seçki dairəsindən mandat alan Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən (majoritar sistem) deputat seçilən Solmaz Ələsgərova və YAP-ın proposional sistem üzrə siyahısından Milli Məclisə üzv seçilən Zəminə Dünyamalıyeva idilər.
YAP-dan qovulanlar: onların arasında partiyanın qurucuları da var
Rəsul Quliyevin Milli Məclisin sədri kimi istefa verib ölkədən mühacirət etməsinə baxmayaraq hakim partiyadakı tərəfdarları onun siyasi perspektivinə inandıqlarından arxasınca okeanın o tayına getməsələr də, burada onun sədr seçildiyi partiyada bir araya gəlmişdilər. Keçmiş spiker isə bu vaxta qədər, belə demək mümkündürsə, artıq YAP-dan qovulmuşdu. Bu, 1996-cı ildə spikerlikdən istefa verdikdən bir müddət sonra baş verib. Həmin prosesin şahidlərinin sözlərinə görə, Rəsul Quliyevin hakim partiyaya üzv qəbul olunması ilə çıxarılması o zaman əmək və əhalinin sosial müdafiə naziri işləyən, YAP sədrinin o vaxtkı birinci müavini Əli Nağıyevin kabinetində baş verib. Eks-spikerin vaxtilə ərizə yazmadan hakim partiyaya üzv qəbuluna yekdilliklə səs verən YAP-ın Siyasi Şurasının üzvləri yekdilliklə, həm də çox sərt tənqidlər söyləməklə onun üzvlükdən çıxarılmasına da “hə” deyiblər.
Hakim partiyadan qovulanların sırasında keçmiş səhiyyə naziri Əli Insanov da var.
1993-cü ildə səhiyyə naziri vəzifəsinə təyin edilən 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra YAP-ın qurucularından biri partiyadan çıxarılıb.
Dövlət çevrilişi cəhdi ittihamı ilə üzləşən YAP Siyasi Şurasının üzvü Fərhad Əliyev də həmin dalğada həbs olunanlardan biri idi. Bu iki nazirin əməlləri o vaxt təkcə hakimiyyət daxilindəki müəyyən ziddiyyətlərin əlaməti olmaqla yanaşı, həm də hakim partiyanın zəiflədilməsi yönündə atılan ilk addım kimi dəyərləndirilirdi. Halbuki, keçmiş səhiyyə nazirinin YAP-ın güclənməsi üçün var qüvvəsilə çalışdığı, hətta iddia edildiyinə görə, səhiyyə sistemində çalışan süpürgəcini belə, bu partiyaya üzv yazdırdığı vurğulanırdı…
2005-ci ilin məlum hadisəsindən sonra hakim partiya sıralarından uzaqlaşdırılan digər məmur “Azərkimya” Dövlət Şirkətinin prezidenti, deputat Fikrət Sadıqov olub. O, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, bir müddət sonra azadlığa buraxılmışdı.
2005-ci ildə bu dalğada tutulanların biri də Prezident Aparatı işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev idi. 2005-ci ilin oktyabr ayında – parlament seçkiləri ərəfəsində Əli Insanov, Fərhad Əliyev, Fikrət Sadıqovla birgə həbs olunduğuna görə, həmin vaxt ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Onun da sabiq YAP-çı olduğu bildirilir.
Akif Muradverdiyev A.Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Amma 2013-cü il iyunun 20-də Bakı aeroportunda saxlanılıb. CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunan Muradverdiyə 4 il iş kəsilib, hazırda həbsdədir.
Partiyanın qurucusu ağır ittihamlarla “qovulub…”
YAP-dan qovulanlardan söhbət düşübsə, mərhum Sirus Təbrizlinin adını çəkməmək mümkün deyil. Mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1992-ci ildə partiyanın yaradılması prosesində xüsusi rolu olan, sonradan onun hakimiyyətə gəlməsi üçün təbliğat aparan Təbrizlinin qurucusu olduğu partiyadan uzaqlaşdırılması 2007-ci il martın 27-də baş verib. Həmin gün YAP Siyasi Şurasının gözlənilmədən qapalı iclası keçirilib. Sonradan məlum olub ki, toplantıda Sirus Təbrizlinin partiya rəhbərliyinin ünvanına səsləndirdiyi ittihamlar müzakirə edilib. Müzakirələrdən sonra partiyanın siyasi xəttinə zidd mövqe tutduğuna və rəhbərliyə qarşı əsassız ittihamlar səsləndirdiyinə görə Təbrizlinin YAP sıralarından çıxarılması haqqında yekdilliklə qərar qəbul olunub.
Sirus Təbrizlidən söz düşmüşkən, YAP-ın yaradılmasında xüsusi xidmətləri olduğunu iddia edən “91-lər” kimi tanınan bir çox tanınmış da artıq hakim partiyadan kənarda qalıb. Onlar özlərini həm də Heydər Əliyevin hakimiyyətə gətirilməsində xüsusi rol oynayan YAP-çılar kimi təqdim edirdilər. Bunlar keçmiş “91-lər” Əsədulla Qurbanov və Ariz Abduləliyevdir. Qeyd edək ki, bəzəın ikincinin hakim partiyadan çıxarılmadığı iddia olunur. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov 2008-ci ilin fevral ayında bu informasiyanı təsdiqləyərək bildirib ki, Əsədulla Qurbanovla Ariz Abduləliyev YAP-dan 6 ay öncə çıxarılıblar. Siyavuş Novruzov onları partiyanın siyasi xəttinə qarşı çıxdıqlarına görə YAP-dan kənarlaşdırıldıqlarını da söyləmişdi.
Əsədulla Qurbanov isə mətbuata açıqlamasında bildirirdi ki, partiyadan kənarlaşdırılması 2005-ci ilin parlament seçkiləri ilə bağlıdır. Belə ki, o, namizədliyini irəli sürdüyü dairədə baş verən saxtakarlıqlara etiraz edib. Bundan sonra onu gecəykən çalışdığı Bakı Dövlət Universitetinə çağırıblar.
Bu cütlüklə eyni taleni yaşayanlardan biri də tanınmış alim, Heydər Əliyevin vaxtilə ?YAP-ın Qızıl Fondu? adlandırdığı “91-lər”in daha bir üzvü Əli Əlirzayevdir. Tanınmış iqdisadçı 2005-2010-cu illrədə həm də Milli Məclisin deputatı olub.
YAP-dan “Namus”la gedən də olub…
Toğrul Ibrahimli 1995-ci ildə hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi 21 saylı Binəqədi seçki dairəsindən majoritar sistem üzrə Milli Məclisin deputatı seçilmişdi. 1998-ci ildə bir qrup şəxs YAP-dan istefa verib ADP-yə keçəndə Toğrul Ibrahimli, belə demək mümkünsə, fərqli taktika seçib. O, parlamentin iclaslarının birində o zaman spiker olan Murtuz Ələsgərovdan bəyanat oxumaq üçün icazə alır. Ibrahimli elə Milli Məclisdəcə bəyan edib ki, o, “Namus” Respublika Partiyası yaratdığı səbəbindən hakim partiyadan ayrılır. Onun AMIP-dən olan deputat həmkarı Nazim Imanov bir qədər sonra zarafatyana demişdi: “Adamın Allahı var, Toğrul YAP-dan ”Namus”la ayrıldı”.
Modern.az saytı bu ilin əvvəllərində keçmiş YAP-çını arayanda məlum olmuşdu ki, hər şeydən bezən Toğrul Ibrahimli partiyasını bağlayıb, özü isə Bakı kəndlərinin birinə köçüb. Bir müddət öncə isə Toğrul Ibrahimli bu dünyadan köçdü… vəfat etdi.
Diplomat olub YAP-dan gedənlər
Nə qədər qəribə olsa da, vaxtilə Heydər Əliyevdən sonra partiyada ikinci şəxs sayılan Əli Nağıyev də YAP-dan gedib. 1996-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi naziri işləyən YAP sədrinin keçmiş birinci müavini 2006-cı ildə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Əli Nağıyev diplomatik xidmətə getdiyi üçün qanuna görə heç bir siyasi təşkilatın üzvü ola bilməzdi. Bu səbəbdən də sabiq nazir partiyadan çıxarılıb. O 2011-ci ildə səfir vəzifəsindən geri çağılırıb. Maraqlıdır ki, bəzi məlumatlarda onun 2012-ci ildə yenidən YAP sıralarına bərpa edildiyi öz əksini tapıb.
Amma Əli Nağıyev özünün son müsahibələrindən birində nə YAP-da, nə də hökumətdə ona ehtiyac gördüklərini deyib.
1995-ci ildən Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova da Əli Nağıyevlə birlikdə Azərbaycanın Belarusdakı səfirliyində çalışdığı üçün hakim partiyadan çıxıb.
YAP-da Rza Ibadov da vardı…
YAP-ın yaranması, sonradan hakimiyyətə gəlməsi bir çoxlarına həm maddi, həm də mənəvi cəhətdən uğur gətirib. Təbii ki, partiyanın yaranmasında tanınmış simaların böyük rolu olub. Ancaq bəziləri məhz YAP-ın sayəsində cəmiyyətdə tanınıblar. Bunlardan biri də eks-deputat Rza Ibadov idi. Rza Ibadov 2000-ci ildə də mandatını qoruya bilmişdi və 2005-ci il parlament seçkilərinə qədər işləri “xod” gedirdi. 2005-ci ildə 24 saylı Nizami II Seçki Dairəsindən namizədliyini irəli sürsə də, seçki prosesinin gedişində təzyiqlərə görə Azərbaycanı tərk edərək, Ingiltərəyə gedib. Xatırladaq ki, onun 2005-ci ildəki rəqibi ARDNŞ-in indiki prezidenti Rövnəq Abdullayev (o zaman Neft Emalı Zavodunun rəhbəri idi – red.) idi. Rza Ibadov seçki kampaniyası dövründə geri çəkilmədi, namizədliyini götürmədi, seçkidə məğlub oldu, məsələ hətta elə həddə çatmışdı ki, onun həbs ediləcəyi belə, gündəmə gəlmişdi. 2011-ci ilin yanvarından isə Azərbaycan hüquq-mühafizə orqanları bir zamanlar bərk gedən Ibadovu axtarışa da veriblər. Nəsimi rayon Polis Idarəsinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Rza Ibadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi. Son məlumata görə, keçmiş deputatın Rza Ibadovun adı axtarış siyahısından çıxarılıb
Bakı şəhər Icra Hakimiyyətinin keçmiş başçısı, sabiq deputat Rəfael Allahverdiyev Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1993-2000-ci illərdə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 2000-ci ilin oktyabrında deputat mandatından imtina edib, 2004-cü ildən Isveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.
2006-cı ildə fəaliyyətinin dayandırılması ilə təkcə Müstəqil Azərbaycan Universiteti yox, həm də bu təhsil ocağının o vaxtkı rektoru olan YAP Binəqədi rayon təşkilatının sədri Abbas Mustafayev gündəmə gəlmişdi. Bu universitetin bağlanması ilə minlərlə tələbə küçələrə töküldü, Mustafayev özü də hakim partiyadan uzaqlaşdırıldı.
Xıdır Alovlunun “alovu” birdən “söndürüldü”
Sabiq deputat Xıdır Alovlunu yəqin ki, xatırlayırsınız, bir zaman YAP-ın ən alovlu üzvü sayılırdı, 2000-ci ildə 39 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat da seçilmişdi, beş il sonra mandatsız qaldı. O, təkcə mandatsız qalmadı, 2006-cı ildə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri vəzifəsindən də kənarlaşdırıldı.
YAP-dan gülə-gülə yola salınmayan Gülər Əhmədova
Hakim partiyaya gəlib-gedənlər, göründüyü kimi kifayət qədərdir, həm də əksəriyyəti tanınmış simalar olub. Amma yəqin ki, keçmiş deputat Gülər Əhmədovanın təmsil olunduğu Yeni Azərbaycan Partiyasından xaric edilməsinin tarixdə ayrıca yeri olacaq. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı videomateriallar Gülər Əhmədovanını demək olar karyerasını bitirdi. 2012-ci il dekabrın 14-də qeydiyyatda olduğu YAP-ın Bakı Dövlət Universitetindəki şöbəsi yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb.
Hazırda Fransada mühacir həyatı yaşayan ABU-nun rektoru Elşad Abdullayev də bir zamanlar hakim aprtiyanın üzvü olub.
Eynulla Fətullayevin YAP-dan keçən yolu…
Jurnalist Eynulla Fətullayev də 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra isə müstəqil jurnalist kimi fəaliyyətə başlayıb.
Nazim Məmmədov-keçmiş deputat da YAP-dan çıxarılanlar siyahısında qeyd edilir. 2005-2010-cu illərdə Milli Məcliisn aktiv üzvlərindən olmuş iqtisadçl alim növbəti parlament seçkilərində hakim partiyanın dəstəyini ala bilmədi. Amma YAP-ın çağırışlarına baxmayaraq seçkilərdən də geri çəkilmədi və hakim partiya ilə münasibətləri kəskinləşdi. Elə bundan sonra Nazim Məmmədovun YAP-dan uzaqlaşdığı bildirilir.