Dekabrın 4-də Senatda ölkəmizə təyin olunacaq səfirin təsdiqlənməsi ilə bağlı dinləmə olacaq
Fuad Qəhrəmanlı: «Bu, Azərbaycana münasibətdə diplomatik formada ifadə olunan etimadsızlığın göstəricisidir»
Dekabrın 4-də ABŞ Senatında Azərbaycanda yeni səfirin namizədliyinin təsdiqlənməsi məsələsi üzrə dinləmələr keçiriləcək. Bu barədə “Trend” Senatın saytına istinadən məlumat verir.
Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.
Səfirin namizədliyi bundan əvvəl ABŞ Senatının Xarici əlaqələr komitəsində müzakirə olunub.ÿSekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.
Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. O, bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.
Almaniyada iqtisadi müşavir-səfir kimi Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Kabildəki səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri postu vakantdır. Bundan əvvəlki səfir Riçard Morninqstar səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-a qayıdıb.ÿMəlumatda deyilir ki, Xarici əlaqələr komitəsində Makedoniya, Monteneqro və Ermənistanda yeni səfir vəzifələrinə namizədlərin təsdiqlənməsi üzrə dinləmələr də keçiriləcək.
Amma maraqlıdır, artıq neçənci dəfədir ki, ABŞ-ın ölkəmizə səfir təyinatı problemli məsələyə çevrilir. Və münasibətlərin normallaşması üçün hər dəfə Azərbaycan tərəfi səylər göstərməyə məcbur olur. Bu dəfə də baş verənlərə bir sıra ABŞ konqressmenləri müdaxilə edib. Onlar Obamadan Azərbaycana səfir təyin etməyi xahiş edirlər. Qarşıdan gələn müzakirələrdən nə gözləmək olar? Səfir təyinatı öz həllini tapa bilərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, səfir təyinatı məsələsinə hər ölkənin ABŞ-la əlaqələri kontekstində baxmaq lazımdır. Bu baxımdan ABŞ-la Azərbaycan arasındakı münasibətlərdə gərginliyin müşahidə olunduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, “soyuq müharibə” şəraiti hökm sürür. Belə bir şəraitdə səfir təyinatının uzun müddət yubanması Azərbaycana qarşı etimadsızlığı ifadə edir: “Bu daha çox diplomatik təzyiq forması kimi görünür. Səfir təyinatının bu qədər yubanması, bu ətrafda ictimai polemikaların getməsi Azərbaycan-ABŞ münasibətləri kontekstindən qiymətləndirilməlidir. Bu Azərbaycana münasibətdə diplomatik formada ifadə olunan etimadsızlığın göstəricisidir”.
F.Qəhrəmanlının fikrincə, bu dinləmələrdə ABŞ-ın Azərbaycanla bağlı xarici prioritetləri diqqətə çatdırılacaq. F.Qəhrəmanlı hesab edir ki, dekabrın 4-dəki müzakirələr əvvəlkilərdən daha konkret olacaq. Çünki artıq Azərbaycan hakimiyyəti əvvəlki dövrdən fərqli olaraq təkcə demokratiya məsələsində ABŞ-ın gözləntilərinə qarşı çıxmır. Eyni zamanda geosiyasi məsələlərdə, Rusiyaya münasibətdə də Azərbaycanın indiki xarici siyasəti Amerika tərəfindən narahatlıqla izlənilir.
Xəyal