Bəzən şahidi olursan ki, uzun müddət mübarizə aparan, haqqı tapdananın yanında olan, həqiqətləri yüksək səslə söyləyən adam qəfildən mövqeyini dəyişir. Ən yaxşı halda susur və peşiman olmuş adam görkəmi alır. Bu dəyişkənliyə qiymət verən adamlar isə “mübarizənin perspektivini görmədiyi üçün geri çəkildi”, “adam uzun illərdi vuruşur, artıq yorulub”, “görür ki, bunun nəticəsi olmayacaq” kimi arqumentlərlə çıxış edirlər.
Əvvəla qeyd edim ki, həqiqi mübarizlər heç vaxt bu bəhanələri özlərinə yaxın buraxmazlar. Insan şərəfli ömür sürməkdən necə yorula bilər? Insan həqiqəti söylədiyi üçün perspektiv gözləməlidirmi? Hakimiyyətə gələ bilmirsənsə, şərlənərək həbs olunmuş adamı müdafiə etməkdən çəkinməlisənmi?
Siz, qarnı ağrıdağına görə biryolluq yemək yeməkdən imtina etmiş adam gördünüzmü? Yaxud, boğazı ağrıdığına görə ömürlük su içməkdən özünü məhrum edən birinə rast gəldinizmi?
Yəni hakimiyyətə gələ bilməmək, yalanın qarşısında “ağ bayraq” qaldırmağa bəraət qazandırmır. Əksinə, ləyaqətli insan üçün hakimiyyət pilləsinə qədəm qoymaq, daha çətin, daha məsuliyyətli mərhələ olmalıdır. Həqiqətən də millətin və dövlətin işıqlı gələcəyi üçün çalışırsansa, hakimiyyət dövrünü daha ağır mübarizə dövrü kimi təsəvvür etməlisən.
Bütün bunları yazmaqda məqsədim odur ki, öz səngərini dəyişib, bunu müxtəlif arqumentlərlə əsaslandırmağa çalışanları “məsum mübariz” kimi qiymətləndirməyin.
Yəni sizin gözünüzdə qəhrəmana çevrilən insan indi dovşanların qarşısında quyruq bulayırsa, bunu yorulmaq, həvəsdən düşmək kimi qiymətləndirməyin. Bu onu göstərir ki, həmin adam heç vaxt “savaş adamı” olmayıb. Sadəcə olaraq döyüş meydanını müşahidə eləyib və qalibin bayrağını qaldırmaq planı ilə yaşayıb.
Indi gözlərimizin qarşısında xeyli sayda “eks mübariz”lər var. Bu adamlar xəyanətlərinə haqq qazandırmaq üçün keçmiş xidmətlərini gözümüzə soxmağa çalışırlar.
Dünən verdiyin çörəyi bugün əlimdən alırsansa, səni necə xeyirxah kimi qəbul edim? Dünən mübarizədə haqqın cəbhəsində, bugün isə zalımın dəstəsində döyüşürsənsə, keçmişi xatırlamaqdan utanmırsanmı?
Təbii ki, bu mübrizə dövrünün uzun çəkməsi, insanların ehtiyac bataqlığında boğulması, qayğıların mühasirəsində yaşamaq çətindir və insanı zədələyir. Ancaq, pul düşkünü olmayan adam pula görə dostuna şər ata bilməz axı.
Əgər başqa nümunələr olmasaydı, bu “mübariz satqın”ların arqumentini qəbul edərdik. Ancaq bu gün bütün vasitələrlə sınağa çəkilən, doğmaları ilə şantaj olunan yüzlərlə insan var ki, döyüş meydanını tərk etmir. Bu “eks mübariz”lər isə bütün dövrlərdə başqalarından yaxşı yaşadıqları halda “çevrilmə”dən yaxa qurtara bilmədilər. Bu adamlar yalnız düşərgəni tərk etmədilər, hətta şərin qoşununa “yol” göstərməyi də özlərinə rəva bildilər.
Ona görə də “filankəsin vaxtları var idi, mübarizənin önündə dayanmışdı” kimi yanaşmalar düzgün deyil. Həmin adam elə əvvəldən “yarımçıq” olub. Sadəcə olaraq bu “yarımçıq”lığı üzə çıxarmaq üçün zaman lazım idi. Bu zaman gəldi və hamı zamanın rentgenindən keçdi.
Məlum oldu ki, bəziləri “vərəm”, bəziləri “xərçəng”, bəziləri “taun” daşıyıcısı imiş. Indi düşərgə “xəstə”lərdən təmizlənib. Eyni zamanda mübarizənin məsuliyyəti də artıb. Çünki, “xəstə”lənmişlər sağlam qalanları yoluxdurmaq üçün “həkim”lərdən tapşırıq alıblar.
Bu yoluxmadan qurtulmaq üçün isə daha artıq mübarizə aparmaq lazımdır. Çünki, daha artıq mübarizə yoluxmaya qarşı immunitet yaradır.
Unutmayın ki, satılmışların və atılmışların sırasında olmamaq mübarizənin ən böyük nəticəsidir.