Məzunlar, təhsili yarımçıq qalan tələbələr və onların valideynlərini Fatma Abdullazadə də aldatdı
Təhsil Nazirliyinin əmri ilə bağlanmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil almış tələbələrin etirazları səngimək bilmir. Buna səbəb onların indiyə qədər diplomsuz qalmasıdır. Dağıstan filialından ABU-ya köçürülən tələbələr təhsil haqlarını ödədiklərini və əllərində bütün sənəd-sübutları olduğunu deyirlər.
Ötən gün diplom ala bilməyən, təhsili yarımçıq qalan tələbələr və onların valideynləri növbəti dəfə etiraz aksiyası keçirdilər. Narazı tələbələr öncə fəaliyyətini dayandırmış universitetin qarşısına toplaşdılar. Bir qədər sonra ali məktəbin gözətçisi vətəndaşlara bildirdi ki, burada onları qəbul edəcək kimsə yoxdur: “Çünki qəbul günləri həftənin tək günləridir”. Etirazçılar dərdlərini demək üçün telekanallara zəng etdilər. Telekanallardan yalnız ANS-in işçiləri dəstəyi götürdü. Şikayətçiləri dinləyən telekanal əməkdaşı ABU-nun qarşısına gələcəklərini bildirsə də, gəlmədilər. ANS-i gözləyə-gözləyə gözlərinin kökü sarılmış etirazçıları az sonra isə ABU-nun rektoru Elşad Abdullayevin qayınatası, akademik Hüseyn Əhmədov “salamladı”. Bahalı maşınla əraziyə gələn akademik gözətçidən bir-iki kəlmə soruşaraq, vətəndaşların problemlərini dinləmədən universitetin həyətinə daxil oldu. Işin bu cür olduğunu görən tələbə və valideynlər yubanmadan Prezident Administrasiyasına (PA) üz tutdular. Çünki PA-nın humanitar şöbəsinin müdiri Fatma Abdullazadə saat 14:00-da onları qəbul etməli idi. Ancaq aksiyaçılara deyildi ki, F.Abdullazadə onları qəbul edə bilməyəcək. Şikayətçilər başqa şəxsin onları qəbul etməsi təklifiylə razılaşmayıb Nazirlər Kabinetinə üz tutdular.
Təhsillərini başa vurub diplomlarını ala bilməyən, təhsili yarımçıq qalan tələbə və onların valideynləri “Azadlıq”a bildiriblər ki, indiyə qədər müraciətlərinə heç bir dövlət qurumu konkret cavab verməyib.
Valideyn Həqiqət Vəliyevanın deməsinə görə, onların tələbi odur ki, universiteti bitirənlərə diplom verilsin, təhsili yarımçıq qalanlar da başqa universitetlərə köçürülsün: “Biz dövlətdən ev istəmirik, torpaq istəmirik. Illik təhsil haqqı ödəmişik, qəbzlər əlimizdə, bizim övladlarımıza niyə diplom verilmir? Niyə təhsili yarımçıq qalanlar başqa təhsil ocaqlarına köçürülmür?”.
Universitetin fəaliyyəti dayandırılandan sonra Təhsil Nazirliyi bəyan edib ki, Beynəlxalq Universitetin yalnız test üsulu ilə qəbul olunan 1300 tələbəsi başqa özəl universitetlərə köçürüləcək, qalan 1400 tələbə öz problemlərini məhkəmə yolu ilə həll etməlidirlər.
Xatırladaq ki, 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanov ABU-nun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Əmrdə qeyd olunur ki, ABU 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 saylı qərarı ilə ilk dəfə lisenziya verilib.
Ramin DEKO