Hökumət kredit qaydalarını təcili şəkildə sadələşdirməlidir
Xəbər verildiyi kimi, Mərkəzi Bank kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur. Bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar da atılıb. Bu sahədə əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsidir ki, həmin tələbdən sonra hər bir şəxsin kredit üzrə aylıq ödənişləri sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər olacaq.
Bir sözlə, insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Bank hər bir şəxsin kredit götürərkən aylıq gəlirlərinə və onun hər ay borcların ödənilməsinə ÿnə qədər yönəldə biləcəyinə baxacaq.
Kredit şərtlərinin sərtləşdirilməsi ölkə əhalisinin sosial həyat tərzinə sözsüz ki, birbaşa təsir edəcək. Elə bircə məqamı demək kifayət edər ki, bu gün əhali gündəlik məişət ehtiyacının əksərini kredit yoluyla əldə edib. Bu sıraya əhalinin övladına cehiz yükünü də əlavə etsək, istənilən şəxsin bankdan kredit götürdüyü günün adi yaşam tərzidir. Hazırda kredit sərtləşməsinə gedilməsi isə bu sahədə bəlli problemlərə gətirəcək.
Ekspertlər proqnoz verərkən, kredit şərtlərinin sərtləşdirilməsini yanlış taktika adlandıraraq indiki şəraitdə istehsalın azaldığını, bunun da sosial həyat tərzinə birbaşa təsirini söyləyir. Hökumət istehsaldakı tənəzzülün qarşısını almaq, yaxşılaşdırıcı addımlar atmaq, stimullaşdırıcı tədbirlər görmək əvəzinə, əhalini daha da çətin duruma salır. Buna labirint demək daha məqbul olardı. Fəqət kreditlərin verilmə qaydalarının sadələşdirilməsi, mənfi tendensiyanın qarşısının alınmasına yönəlik addımlar atılmır. Hökumət bu sahədə qaydaları sadələşdirməlidir. Şərtlərin sərtləşdirilməsinin əhalinin vəziyyətini daha da ağırlaşdırması tam labüddür. Vaxtı ötmüş problemli kreditlərin həcmi 1 milyard manata qədər artırsa, bu artıq, əhalinin sosial həyat tərzinin birbaşa göstəricisidir. Bu mənada indiki dövrdə kreditlərin verilmə mexanizmini sərtləşdirən hər cür addım yanlışdır. Ekpertlər bunun başqa izahını görmür. Onların təbirincə, əksinə, kreditlərin uzun müddətə verilməsi təklif olunmalıdır. Hökumətin indiki dövrdə buna imkanı da var. Düzgün iqtisadi siyasət yeridilsəydi, neftdən gələn imkanlardan ölkənin qeyri-neft sektorunu inkişaf etdirmək və bu gün xarici ticarət dövriyyəsində, sənaye, kənd təsərrüfatında yaranmış itkiləri kompensasiya etmək mümkün olardı.
Sosial şöbə