Gültəkin Hacıbəyli: «Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması Azərbaycanın müstəqilliyinin ən güclü təminatıdır»
Azərbaycan hakimiyyəti yenə öz ampluasına uyğun olaraq Avropa Birliyinə mesajlar ünvanlamaqdadır. Söhbət Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun açıqlamasından gedir. N.Məmmədov növbəti dəfə Azərbaycan Avropa Birliyi münasibətlərinə toxunaraq bu məkana inteqrasiyanın dövlət maraqlarımıza uyğun olmadığını söyləyib.
N.Məmmədovun qənaətincə, Azərbaycan bu addımı atarsa, dövlət müstəqilliyini itirə bilər: “Bu il Azərbaycan 10-a yaxın Avropa ölkəsi ilə strateji tərəfdaşlığa dair bəyanat və digər sənədlər imzalayıb. Ümumiyyətlə, ayrılıqda Avropa Ittifaqının bir çox ölkələri ilə xüsusi münasibətlərimiz var. Azərbaycan siyasi və iqtisadi müstəqilliyini təmin edib. Bu gün dünyanın onlarla ölkəsində fəlakət yaşanır. Bu nöqteyi-nəzərdən Azərbaycanın beynəlxalq aləmdə belə nüfuzunun olması onun böyük tarixi nailiyyətidir. Azərbaycanın uğuru həm də sabitliyini, təhlükəsizliyini, bu çərçivədə özünün inkişafını təmin etməsidir”.
Gələn ilin martında Avropa Birliyinin növbəti sammiti ərəfəsində bu cür açıqlamaların verilməsi təsadüfi sayılmır. Çünki gələn il Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin növbəti mərhələdə necə olacağı müzakirəyə çıxarılacaq.
Azərbaycan hakimiyyətinin Avropa Birliyinin ölkəmiz üçün əhəmiyyətini bu günə qədər dəyərləndirməməsinə təəssüflənən Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli bildirdi ki, AB ilə Azərbaycanın əlaqələrinin dərinləşməsi maraqlarımıza uyğundur. Bu münasibətlərin inkişafını həm toplumun, həm siyasi qüvvələrin, həm də hakimiyyətin maraqlarına uyğun sayan G.Hacıbəyli vurğuladı ki, dünyada baş verənlərə nəzər saldıqda görünür ki, demokratikləşmə qaçılmazdır: “Ayrı-ayrı ölkələr demokratikləşməni müəyyən müddətə ləngidə bilərlər. Belə olan halda Avropa Birliyi ilə münasibətlərin prioritet olaraq seçilməsi, qaçılmaz dəyişikliklər prosesinin ağrısız, sivil, dinc yol ilə keçməsinə təminat verir. Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması ölkənin kataklizmlərdən, inqilablardan sığortalanması deməkdir. Bu sazişin imzalanması inqilab yolunun deyil, məhz təkamül, demokratik islahatlar yolunun seçilməsi deməkdir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bunu dərk etmək istəmir”.
Vətəndaş cəmiyyətinə olan basqıların göz önündə olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, bölgədə dini radikalizmin yayılmasından narahatlıqlar artır, neftdən asılı olan ölkə iqtisadiyyatını neftin qiymətinin aşağı düşməsi üzündən çətinliklər gözləyir: “Bu proseslər əhalinin onsuz da ağır olan sosial durumuna ağır təsir göstərir. Belə olan halda Azərbaycan üçün vəziyyətdən ən gözəl çıxış yolu demokratik açılımdır. Bu islahatları ən peşəkar şəkildə reallaşdırmağın yolu isə Avropa Birliyinin Azərbaycana təklif etdiyi islahatlar paketini təmin etməkdir. Siyasi məhbuslar azadlığa buraxılmalı, azad seçki hüququ təmin edilməli, ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Bu, iqtisadiyyatın inkişafı üçün zəmin hazırlayır. Bütün bu addımlar dövlət maraqlarına xidmət edir. Bu addımların atılması nəinki Azərbaycanın maraqlarına zərbə vurmur, əksinə Azərbaycanın müstəqil inkişafını daha da möhkəmləndirir. Xüsusilə də Rusiyanın Ukraynaya son dövrlər reallaşdırdığı aqressiyanın fonunda bu qərarlar mühüm əhəmiyyət daşıyır. Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması Azərbaycanın müstəqilliyinin ən güclü təminatıdır”.
Xəyal