Fərman Kərimov: «Sahib və dostları qalib gələcək»
Balaca Nərmin: «Atam üçün darıxıram…»
Ictimai Palatanın 2 aprel mitinqilə əlaqədar həbs olunan müxalifət fəallarından bir neçəsinin barəsində ilkin istintaq dövründə iki aylıq həbs-qətimkan tədbiri seçildi. Beynəlxalq birlik müxalif fəalların həbsini pisləyərək, onların dərhal azadlığa buraxılmasını tələb edirlər. Konkret olaraq, “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı 2 aprel aksiyasına görə həbs olunanlardan yeddisini “vicdan məhbusu” elan edib. Uydurma ittihamlarla hazırda həbsdə olan AXCP sədrinin müşaviri Sahib Kərimov da “vicdan məhbusu” elan olunanlardan biridir.
Sahib Kərimovun üzv olduğu AXCP rəhbərliyində təmsil olunan müxalifət nümayəndələri onun ailəsinə baş çəkib. AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın Ali Məclis sədrinin müavini Iradə Əliyeva, MNTK-nın üzvü Ayəndə Mürsəliyeva və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid vicdan məhbusunun Şəkinin Bideyiz kəndindəki ata evində oldu.
Sahib Kərimovun ailəsi nəinki kəndin, bütövlükdə Şəkinin tanınmış ziyalı ailələrindən biridir. Atası Fərman Kərimov Bideyiz kənd orta məktəbində “Insan və cəmiyyət” fənnini tədris edir. Anası Gülbəniz Kərimova da elə həmin məktəbin ibtidai sinif müəlliməsidir.
Sahib Kərimov həbs olunan gün onun ata evi mühasirəyə alınıb
Sahib Kərimovun atası Fərman kişi övladının nahaqdan həbsdə olmasıyla heç cür barışa bilmir. Bununla belə, oğluyla və bütövlükdə azadlıq, ədalət uğrunda mübarizə aparan insanlarla qürur duyduğunu deyir.
Fərman kişi oğlunun həbs olunduğu günü yada saldı: “Aprelin 9-da səhər tezdən işə getmək üçün oyanmışdım. Birdən həyətyanı sahədə işləyən kiçik oğlum məni səslədi. Həyətə çıxanda gördüm ki, evimizi polislər mühasirəyə alıb. Iyirmiyə yaxın polisin arasında yalnız Şəki Rayon Polis Idarəsinin Niyazi adlı rəis müavinini və sahə müvəkkilini tanıdım. Nə baş verdiyini soruşanda bildirdilər ki, Sahibi aparmağa gəliblər. Sahibi yuxudan oyatdıq. Polislərin evi mühasirəyə aldığını görən Sahib bu addımın tərbiyəsizlik olduğunu söyləyərək, rəis müavininə etirazını bildirdi. Sonra hazırlaşıb onlarla gedəcəyini dedi. Evə qayıdıb səhər yeməyi yedi, deyib-güldü bizimlə. Polislər də bayırda onları gözlətdiyinə görə əsəbdən həyətdə var-gəl edirdilər. Sahib isə çox təmkinlə, heç nə olmamış kimi, bizimlə deyib-gülürdü. Polislər Sahibin gülüş səslərini eşitdikcə daha da əsəbiləşərək bir neçə dəfə onu gözlədiklərini deyirdilər. Sahib isə çox rahat idi, polisləri mədəni olmağa çağırdı. Evdəkilərlə sağollaşıb polislərlə getdi. Bizdən isə narahat olmamağımızı istədi”.
Fərman bəy deyir ki, oğlu əqidəsinə, vətənində ədalətli cəmiyyət qurulması uğrunda apardığı mübarizəyə görə bu gün həbsdədir. Onun sözlərinə görə, nəinki Sahib Kərimovun, istənilən Azərbaycan vətəndaşının haqq-ədalət, azadlıq və demokratiya istəyinə hörmətlə yanaşılmalıdır. Belə insanları həbs etməklə, onlara hədə-qorxu gəlməklə uğur qazanacaqlarını, mübariz insanları yollarından çəkindirəcəklərini düşünənlər yanılırlar: “Hər kəs bilir ki, Sahibi nəyə görə tutublar. Onun günahı yoxdur. Sahib ədalətli cəmiyyət, insanların azad və firavan yaşaması üçün savaşan insanların yanındadır, onlarla birgə ön sıralarda dayanır. Sahib və dostlarının apardığı bu haqq davasının qələbə ilə nəticələnəcəyinə zərrə qədər şübhəm yoxdur”.
Mübariz insanlar Sahib Kərimovun və ailəsinin yanındadır
AXCP sədrinin müavini Gözəl Bayramlı partiya rəhbərliyinin, müxalifət düşərgəsinin Sahib Kərimovun ailəsinə salamlarını və dəstəyini çatdırdı. AXCP yetkilisi, Sahib Kərimovun həbsinin əsassız olduğunu və bunu həm yerli, həm də beynəlxalq ictimaiyyətin birmənalı qəbul etdiyini vurğuladı.
AXCP Ali Məclis sədrinin müavini Iradə Əliyeva Sahib Kərimovun ailəsində əhval-ruhiyyənin yüksək olmasına sevindiyini və bunun da Azərbaycan ictimaiyyətinə örnək olduğunu bildirdi. Onun sözlərinə görə, dünyanın diqqətində olan Azərbaycanda insanların siyasi baxışlarına, azad yaşamaq istəyinə həbs və təzyiqlərlə cavab verilməsi mövcud iqtidarın zəifliyinin göstəricisidir.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də Sahib Kərimovun və digər vicdan məhbuslarının həbsinin əsassız olduğunu vurğuladı. Media kapitanı əmindir ki, məhz Sahib Kərimov kimi insanların mübarizəsi sayəsində Azərbaycanda tezliklə azad və ədalətli cəmiyyət qurulacaq.
“Sevinirəm ki, belə bir mübariz insanla ömür-gün yoldaşıyam”
Vicdan məhbusunun həyat yoldaşı Ülviyyə xanım da Sahib Kərimovun günahsız olduğunu bildirdi. Ülviyyə xanım həyat yoldaşının seçdiyi yolu yüksək dəyərləndirdiyini, ona hər zaman dəstək olduğunu söylədi: “Sahib günahsızdır. Onun həbsinə göstəriş verənlər bizim ruhdan düşəcəyimizi, ailəmizə zərbə vuracaqlarını düşünürlərsə, yanılırlar. Biz elə ölkədə yaşıyırıq ki, azadlıq, firavan həyat istəyən, haqqını tələb edən hər kəsi çətinliklər, hədə-qorxular və həbs gözləyir. Sahib kimi öndə gedənlərin isə daim hədəfdə olduğunu bilirəm. Ona görə də onun həbsinə hazır idim. Sevinirəm ki, belə bir mübariz, vətənini sevən insanla ömür-gün yoldaşıyam. Inanıram ki, tezliklə Sahib və digər siyasi məhbuslar azad olunacaq. Azərbaycanda azad, ədalətli və demokratik bir cəmiyyət qurulacaq”.
Sahib Kərimovun 5-ci sinifdə oxuyan qızı Nərmin də bilir ki, atasını mitinqdə iştirak etdiyinə görə həbs ediblər: “Atamı mitinqə görə tutublar. Neynəyib ki, başqa. Darıxıram atam üçün…”
Məhbus ailələrinə mesaj: “Zalımların qarşısında dik dayanın!”
Vicdan məhbusunun ailə üzvləri diqqətə görə AXCP sədri Əli Kərimliyə və müxalifət düşərgəsinə, mətbuat nümayəndələrinə təşəkkürünü çatdırmağı qonaqlardan xahiş etdi. Fərman bəy digər siyasi məhbusların ailə üzvlərinin də mətin olmalarını, hakimiyyətin təzyiqləri qarşısında məğrur dayanmalarını istədiyini bildirdi: “Bu insanlarla fəxr etmək lazımdır. Zalımların qarşısında əyilməməli, başımızı dik tutmalıyıq”.
Turan,
Bakı-Şəki-Bakı