Prokurorluq işçiləri müayinə xərclərindən məhrum olunmalarına etiraz edirlər
Baş prokuror Zakir Qaralov prokurorluq işçiləri üçün nəzərdə tutulan müayinə xərclərini ləğv edib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Zakir Qaralov bu barədə sentyabr ayında əmr imzalayıb. Qeyd edək ki, əvvəlki qaydalara görə prokurorluq işçilərinə ildə bir dəfə maaşlarının iki misli qədər müayinə və müalicə pulu verilirdi.
Zakir Qaralovun sentyabr ayında imzaladığı əmrdən sonra isə prokurorluq işçiləri bu puldan məhrum edilib. Əvəzində onlar Bakıda fəaliyyət göstərən özəl klinikaların birində pulsuz müayinə ala bilərlər. Məlumatlara görə, baş prokurorun sözügedən əmri prokurorluq işçiləri arasında narazılığa səbəb olub. Məlumatlarda iddia olunur ki, xüsusilə bölgələrdə çalışan prokurorluq işçiləri baş prokurorun əmrindən narazılıq edir. Çünki onlar müayinə üçün Bakıya gəlməyi əlavə vaxt və əziyyət hesab edirlər. Bundan başqa onlar müayinə olunmaq üçün inandığı həkimlərə müraciət etməyi üstün tuturlar.
Baş prokurorun əmrində maraqlı bir məqam da dövlət səhiyyəsinə etimadsızlıqla bağlıdır. Hər halda prokurorluq işçilərinin müayinə və müalicəsi üçün özəl klinikaların birinin seçilməsini başqa cür qiymətləndirmək mümkün deyil.