Rusiya Mərkəzi Bankı elan edib ki, bu gün noyabrın 10-dan etibarən milli valyutanın kursunun aşağı və yuxarı həddini müəyyən edən intervalı qaldırır.
Bununla da Mərkəzi Bank rublun kursunun sabit saxlanılması üçün valyuta bazarına intervensiyanı dayandırmış olur. Başqa sözlə, Rusiya rublunun məzənnəsi indi tamamilə bazar amillərindən asılı olacaq.
Mərkəzi Bankın rəhbəri Elvira Naibullinə təsdiq edib ki, bu qərar rublun kursunun sərbəst buraxılması deməkdir. Onun sözlərinə görə, rublun kursunun sərbəst buraxılması Mərkəzi Bankın pul-kredit siyasətinin təsir imkanlarını gücləndirəcək və qiymətlərin stabilləşməsinə kömək edəcək. İqtisadiyyat yeni şərtlərə tez adaptasiya edəcək və rublun kursunun sərbəst tənzimlənməsindən fayda əldə etməyi öyrənəcək.
Hələlik gözlənildiyinin əksinə olaraq rublun dollar və avroya nisbətdə məzənnəsi kəskin artmayıb. Bu günkü hərraca görə 1 dollar 45.7 rubla, 1 avro 57 rubla bərabərdir. Mərkəzi Bankın qərarının elan edilməsindən sonra rublun məzənnəsi nisbətən yüksəlməyə başlayıb.
Artıq il başlayandan bəri rublun dollara nisbətən dəyəri, dünyanın 30-a yaxın valyutası ilə müqayisədə 40 faiz ucuzlaşıb. “Bloomberg” Agentliyinin yazdığına görə, Rusiyanın Mərkəzi Bankı pulun dəyərini sabitləşdirmək üçün təkcə oktyabr ayında 30 milyard dollar istifadə edib. Artıq Mərkəzi Bank məhdudiyyət tətbiq edib. Belə ki, valyuta səbətində intervensiya üçün günə maksimum 350 milyon dollar xərclənməsi qərara alınıb. Qərara görə, vəsait valyuta səbətində gündəlik 5 sentin alınmasına qədər yönəldiləcək. Bahalaşmanın qalan hissəsi isə “üzən məzənnə”yə, yəni sərbəst buraxılıb. Artıq Rusiyanın beynəlxalq rezervləri 24-31 oktyabr tarixinə görə 10,5 milyard dollar azalaraq 428,6 milyard dollara qədər düşüb.