Müzəffər Baxışov: «Siyasi məhbusların səhhətindəki problem onların həbsdə saxlanılmasını mümkünsüz edirsə, həbs qərarına xitam verilməlidir»
Azərbaycan hakimiyyətinin yürütdüyü repressiya siyasəti nəticəsində siyasi məhbus həyatı yaşayan tanınmışların bəzilərinin səhhəti ilə bağlı həyacanlı xəbərlər gəlməkdədir. İntiqam Əliyevin səhhətindəki problemlər artıq o həddə çatıb ki, tanınmış hüquqşünas ayaqüstə dayana bilmir. Leyla Yunusla da bağlı verilən məlumatlar onun səhhətindəki problemlərin get-gedə dərinləşdiyini deməyə əsas verir. Bundan başqa İslam Partiyasının sədri Mövsüm Səmədovun da səhəttindəki problemlər onun bir neçə dəfə karsa salınmasından sonra daha dərinləşib. Bəs bu cür yaranmış situasiyaya görə kim məsuliyyət daşıyır? Qanunvericilikdə belə hallarda hansı addımların atılması nəzərdə tutulub? Səhhətlərindəki problemlərlə əlaqəli olaraq bu şəxslər barəsində hansı yüngüləşdirici tədbirlər görmək olar?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, əgər bu şəxslərin səhhəti ilə əlaqədar olaraq həbsdə saxlanılmasının mümkünsüz olduğu müəyyən edilsə, bu barədə tibbi rəy olsa həbs cəzası dəyişdirilə bilər. M.Baxışovun sözlərinə görə, Cinayət Prosesual Məcəllənin 157.8-ci maddəsinə görə, müstəntiq və ya prossə rəhbərlik etmiş prokuror məhkəmənin seçdiyi həbs tədbirinin tətbiqi ilə bağlı xitam verə bilərlər: «Siyasi məhbusların ağır xəstəliyi ilə bağlı tibbi rəy olsa, belə halda onların barəsində həbs qətimkan tədbirinə xitam verilməsi barədə qərar qəbul olunmalıdır. Amma hamı bilir ki, Leyla Yunus və İntiqam Əliyev siyasi hakimiyyətin sifarişi ilə həbs olunub. Azərbaycanda elə bir müstəntiq, prokuror tapmaq mümkün deyil ki, onlar siyasi məhbusların səhhəti ilə bağlı həbs qərarına xitam versinlər. Çünki prokurorlar, müstəntiqlər yaxşı bilirlər ki, istər Leyla Yunus, istər İntiqam Əliyev və ya istər digər siyasi məhbuslar olsun onlar siyasi hakimiyyətin göstərişi ilə qeyri-qanuni həbs ediliblər. Ona görə də onlar barəsində belə bir tədbir görülməyəcək».
M.Baxışov hesab edir ki, ən azından Ədliyyə Nazirliyinin Müalicə Müssisəsi var. Əgər səhhətində ciddi problemləri olan siyasi məhbusların həbsdə saxlanılması qeyri-mümkündürsə onlar bu müəssisəyə göndərilməlidirlər. «Amma əfsuslar olsun ki, siyasi hakimiyyət həmin şəxslərə işgəncə vermək məqsədilə bunu reallaşdırmır. Onların xəstəlikləri siyasi hakimiyyətə bəlli olduğu halda onları müalicə müəssisəsinə keçirməyə təşəbbüs göstərmir. Əksinə hakimiyyət səhhətində problemlər olan siyasi məhbusları elə bir vəziyyətdə saxlayır ki, onların səhhətində problemlər daha da dərinləşir», deyə M.Baxışov vurğuladı.
Xəyal