Ölkənin daha bir neçə məhşur hüquqşünası vətəndaşları mitinqə çağırdı
Milli Şuranın noyabrın 9-na təyin etdiyi aksiyaya ictimai maraq artmaqdadır. Bundan əvvəl oktyabrın 12-də uğurlu aksiyaya imza atan Milli Şura keçirəcəyi aksiyanın yenə əsas tələbi «siyasi məhbuslara azadlıq» olacaq. Milli Şura həmçinin insan haqları sahəsindəki pozuntuları, insanların sosial durumu ilə bağlı problemləri də gündəmə gətirərək, hakimiyyətdən hesabat tələb etmək niyyətindədir. Dünən ölkənin bir sıra tanınmış hüquqşünasları noyabrın 9-da keçiriləcək aksiyaya çağırış etmişdi. Bu gün onların sırasına daha bir neçəsi qoşulub. Bu gün də mövqeyini öyrəndiyimiz hüquqşünasların fikrincə hazırda cəmiyyətdə yaranmış siyasi situasiyada keçiriləcək aksiyanın əhəmiyyəti böyükdür.
Əlayif Həsənov: «Milli Şuranın bu istiqamətdəki təşəbbüsünü alqışlayıram»
Tanınmış vəkil Əlayif Həsənov hesab edir ki, siyasi məhbus probleminin aktuallaşdığı dönəmdə bu cür aksiyaların keçirilməsi xüsusi önəm daşıyır. Milli Şuranın bu istiqamətdəki təşəbbüsünü alqışlayan Ə.Həsənov vurğuladı ki, Azərbaycandakı siyasi məhbus problemi daha çox siyasi məsələ sayılır: «Hakimiyyət İşçi Qrupunu yaratmaqla, Avropa təssisastlarında siyasi məhbus problemini müzakirə etməklə özü də onu etiraf edir ki, son həbslər siyasi motiv daşıyır. Ona görə baş verənlərə insanların öz etirazlarını bildirməsinə, aksiyalar təşkil etməsinə xüsusi ehtiyac var. Digər bir tərəfdən Azərbaycan dövlətinin İnsan Haqları ilə bağlı tərəfdaş çıxdığı Konvensiya mövcuddur. İnsanları sərbəst toplaşmaq hüququndan məhrum etmək olmaz. İnsanların ölkədə baş verən neqativlərə münasibət bildirməsi tamamilə arzuedilən və normal hadisələrdir».
Aslan İsmayılov: «Etiraz olmasa, həbslər hər kəsin qapısının önünü kəsə bilər»
Hüquqşünas Aslan İsmayılov da Milli Şuranın noyabrın 10-na təyin etdiyi aksiyanı alqışladı. Onun da fikrincə, bu tip aksiyaların keçirilməsi günümüzün zərurətinə çevrilib. Çünki cəmiyyətin, toplumun etirazı səfərbər olunmayacağı təqdirdə siyasi həbslər daha geniş vüsət ala bilə. «Siyasi məhbuslara azadlıq» aksiyaları keçirilməsə, ictimaiyyət buna diqqət yetirməsə, bu siyasət daha da genişlənə və hər kəsin qapısının önünü kəsə bilər», deyə A.İsmayılov vurğuladı.
Xalid Bağırov: «Cəmiyyətin siyasi məhbus probleminə biganə qalmaması təsirsiz ötüşməyəcək»
Tanınmış vəkil Xalid Bağırov bildirdi ki, Milli Şuranın «siyasi məhbuslara azadlıq» tələbi ilə keçirdiyi aksiyanın məramı xoşdur. Bu üzdən cəmiyyətdə geniş dəstək qazana bilər: «İnsanların sərbəst toplaşmaq azadlığı var. Buna hörmətlə yanaşmaq lazımdır. Hazırda baş verənlərə də vətəndaşların münasibət bildirmək isətəməsi normal haldır. Düşünürəm ki, cəmiyyətin siyasi məhbus probleminə biganə qalmaması, proseslərə müdaxilə etməsi cərəyan edən hadisələrə təsirsiz ötüşməyəcək».
Bəhruz Bayramov: «Aksiyalar siyasi məhbuslara bir mənəvi dəstəkdir»
Tanınmış vəkil Bəhruz Bayramov da hesab edir ki, vətəndaşların ölkədə baş verənlərə münasibət bildirməsi, narazı olduğu məqamlara etiraz etməsi onların konstitusiyon hüququdur. Bu hüququn Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq qanunlarda da əksini tapdığını deyən B.Bayramov vurğulayıb ki, vətəndaşlırn hüquqları təmin edilməli və onların tələbləri dinlənilməlidir. «Milli Şuranın təşəbbüsü ilə keçirilən aksiyalar siyasi məhbuslara bir mənəvi dəstəkdir. Bu cür məsələlərin cəmiyyətin gündəminə gətirilməsi təqdiredicidir».
Xəyal