Administrasiya rəhbəri hansı haqla elm sahəsindəki rüsvayçılıqdan danışır?
Cəmil Həsənli və Rüstəm Ibrahimbəyov «qara siyahı»ya salınanda real vəziyyət belə də olmalı idi
Son günlər PA rəhbəri Ramiz Mehdiyevin ildırımsürətli təbliğatı aparılır. Bu təbliğat PA rəhbərinin DIA-dakı çıxışından sonra start götürdü. Belə ki, həmin tədbirdə Ramiz Mehdiyev bir çox sahədəki geriləmələri etiraf etdi və uğurlu təbliğat nağılını ifşa elədi.
Artıq bir neçə gündür “Azərbaycan” qəzeti Ramiz Mehdiyevi təriflər burulğanına salıb. 2 gün öncə “Mənəviyyat manifesti” adlı məqalə dərc olundu. Ötən gün isə, “Azərbaycan” qəzeti estafeti deputat, Maye-qaz emalı zavodunun direktoru olduqdan sonra ədəbiyyatda parlayan Hüseynbala Mirələmova ötürüb. Millətimizin yazıçı-deputatı “Vətəndaş və alim vicdanının diktəsi” adlı məqalə yazıb və Ramiz Mehdiyevin təriflənmə prosesini sürətləndirib.
Məqsədimiz bu ucsuz-bucaqsız məqaləni ixtiyarınıza vermək deyil.
Sadəcə olaraq, Ramiz Mehdiyevin DIA-dakı çıxışı zamanı ziyalı qıtlığı, samballı əsərlərin yazılmaması, peşəkarlığın aşağı səviyyədə olması, təhsildəki problemlərlə bağlı dediklərinə Hüseynbala Mirələmovun bir xatırlatması ilə münasibət bildirmək istəyirik.
Hüseynbala Mirələmov yazır: “Ötən il Ramazan bayramı münasibətilə təşkil edilmiş iftar süfrəsində Ramiz Mehdiyevlə geniş söhbət imkanı əldə etdik. Ramiz müəllim böyük ziyalı yanğısı, əsl vətəndaş təəssübü ilə məhz tarixi mövzulardan bəhs etdi, bu mövzulara ədəbiyyat xadimlərinin toxunmamasından ciddi narahatlığını bildirdi. ”Sənin Nadir şahla bağlı yazdığın “Sonuncu fateh” kitabın masamın üzərindədir, baxmışam. Bu mövzular səndə yaxşı alınır, onları tarixi silsilələrə çevir, Səfəvilər dövrünü, o zamanın Azərbaycan-Osmanlı münasibətlərini araşdır, roman yaz. Indi buna daha çox ehtiyac var”. Ramiz Mehdiyev kimi sanballı, dəyanətli bir dövlət və elm xadimindən, kamil şəxsiyyətdən eşitdiyim bu tövsiyələr, əslində, həm də “Iki şah, iki sultan” tarixi romanıma verilən ilk xeyir-dua idi”.
Bəli, bu yazılanlardan məlum olur ki, Ramiz Mehdiyev samballı tarixi əsərlərin yazılmasını Hüseynbala Mirələmov kimilərə tapşırır. Belə olan təqdirdə, Ramiz Mehdiyev niyə samballı əsərlərin yazılmamasından şikayətlənir? Tarixi əsərlərin yazılması bu adamlara tapşırılanda nəticə də belə olmalıydı.
Bəli, canab Mehdiyev! Cəmil Həsənli, Rüstəm Ibrahimbəyov və digər ziyalıların adları dırnaq arasında yazılanda, ziyalı ziyanlı kimi təqdim ediləndə böyük əsərləri kiçik adamlara tapşırmaq zərurəti yaranır.
Əliyev hakimiyyəti dövründə sözün həqiqi mənasında ziyalı olan xeyli insana divan tutulub.
Son olaraq isə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmiş, tarix elmləri doktoru, dosent, professor, əsərləri Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə və Iranda nəşr olunmuş Cəmil Həsənli PA-nın “qara siyahı”sına düşdü. Çünki, Ramiz Mehdiyevin “ürək ağrısı” ilə xatırlatdığı Sabirlərin, Cəlillərin, Üzeyirlərin səsinə səs verirdi.
Yaxud, xalq yazıçısı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq, Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimi, Oskar mükafatı laureatı Rüstəm Ibrahimbəyov “vətən xaini” adlandırıldı.
Yəni məhz Ramiz Mehdiyevin gözləri önündə dünyaca məhşur ziyalılar, dünyanın kiçik bir hissəsi olan Azərbaycanda sıradan çıxarılır.
Bir sözlə, öz dövrünün gerçəkliklərini görə bilməyənlərə, Osmanlı, səfəvi dövrünün araşdırmasını həvalə etmisinizsə, deməli, iradlarınızın ünvanı da məhz özünüzsünüz.
Unutmayın ki, ən böyük ziyalı, mədhiyyəni “elm”ə çevirən deyil, elmdən mədhiyyəni uzaqlaşdırandı.
Siz isə, cənab Mehdiyev, birinciləri zirvəyə qaldırıb, ikinciləri zirvədən salmısınız.
Akif