Elxan Şahinoğlu: «Azərbaycanda fundamental hüquqların pozulması ölkəmizi ABŞ-ın tənqid hədəfi edir»
ABŞ-ın bir nömrəli terrorçu Üsamə bin Ladeni öldürülməsindən sonra Vaşinqtonun özünə “yeni düşmən” axtarışına çıxacağı barədə yazılar son zamanlar mətbuatda yer almaqdadır. ABŞ-ın növbəti düşməni kimi isə bir çox hallarda dünyadakı avtoritar rejimlərin olacağı göstərilir. Yəni, ABŞ öz ənənəvi təbliğatını saxlamaq üçün xarici siyasət vektorunda əsas istiqaməti demokratiyanın müdafiəsi olduğunu elan edəcək. Amma məsələ burasındadır ki, ABŞ-ın bütün dünya üzrə demokratik dəyərləri müdafiə etdiyi dəfələrlə rəsmilər tərəfindən vurğulanıb. Digər tərəfdən, hazırda ABŞ-ın arzuolunmaz dövlətlər elan etdiyi avtoritar rejimlər öncə xalqlarının hüquqlarını kobud şəkildə pozduqlarına görə hədəfdədirlər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında bildirdi ki, soyuq müharibə dövründə iki fövqəldövlət – ABŞ və SSRI arasında informasiya mübarizəsi gedirdi. Bu dövrdə dünya xəritəsinin, az qala iki hissəyə bölündüyünü deyən E.Şahinoğlu vurğuladı ki, ABŞ və SSRI dövlətlər və maraqlar uğrunda mübarizə aparır, bir-birini zəiflətməyə çalışırdılar: “SSRI sonda ABŞ-la rəqabətə tab gətirməyərək, tarixin arxivinə getdi. Bu gün kimin nə deməsindən və nə istəməsindən asılı olmayaraq, ABŞ dünyanın yeganə supergücüdür və Vaşinqton bu üstünlüyündən istifadə edərək dünyanın başlıca problemlərinin həllində əsas rol oynayır. ABŞ qoşunlarının Əfqanıstana və Iraqa müdaxiləsi xeyli insan itkisi ilə nəticələndi. Bu iki ölkədə vətəndaş müharibəsi görünməmiş miqyas aldı, mülki əhali arasında ölənlərin sayı durmadan artdı. Vaşinqton bir çox məsələnin həllində birinci addım atarkən, ikinci addımda çətinlik çəkdi. Məsələn, ABŞ Iraq xalqını Səddam Hüseyn rejimindən qurtarsa da, uzun müddət bu ölkənin hansı şəkildə formalaşacağına dair plan ortaya qoya bilmədi”.
Lakin bütün bunlara baxmayaraq, E.Şahinoğlunun fikrincə, ABŞ-ın liderliyinin üstünlüklərini də vurğulamaq lazımdır. Götürək, 1990-nın ilk illərini. Yuqoslaviya dağıldıqda serb silahlı qüvvələri Bosniya müsəlmanlarını harda gəldi qırdı, Srebrenitsa şəhərində hollandiyalı sülhməramlı qüvvələrin gözü qarşısında minlərlə dinc insanı qətlə yetirdi. Bütün bu prosesləri Fransa və ya Almaniya kimi dövlətlərin yalnız seyr etdiyini deyən E.Şahinoğlu vurğuladı ki, məhz Vaşinqtonun işə qarışmasından sonra qırğın durduruldu: “Əlbəttə, ABŞ-ın lider olduğu dünyada işlər mükəmməl deyil. Ancaq gəlin bir anlığa təsəvvür edək ki, soyuq müharibədə ABŞ deyil, SSRI qalib çıxardı və ya dünyanın super dövləti Çin olardı”.
Hazırda avtoritar rejimlərə qarşı yalnız Vaşinqtonun sinə gərmək gücündə olduğunu da qeyd edən ekspert əlavə etdi ki, Rusiya, Çin, Hindistan və ya elə Fransa, Almaniyadan olsa, bütün diktatorlarla dil taparlar. Doğrudur, Vaşonqtonun siyasətində avtoritar rejimlərlə əlaqələrdə bəzi istisnaların olduğunu da etiraf edən E.Şahinoğlu enerji maraqlarının önə çıxdığı bu istisnalarda Ağ ev, Dövlət Departamenti, Konqres ABŞ siyasi və ictimai elitasının daimi nəzarəti və təzyiqi altında olur: “Vaşinqton illərlə əməkdaşlıq etdiyi və maliyyə dəstəyi verdiyi Misir prezidenti Hüsnü Mübarəkə lazımi anda ”getməlisən” deməyi də bacarır. ABŞ rəsmi Bakı ilə enerji və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edir. Buna baxmayaraq, Vaşinqton demokratiya və insan haqları mövzularında rəsmi Bakının yaxasından da əl çəkmir. Dövlət Departamentinin hər il yayınlanan hesabatları buna sübutdur. Azərbaycan prezidentinin indiyə qədər ABŞ-a rəsmi səfərə dəvət edilməməsi də bu amillə bağlıdır. Bəlkə də Ağ ev sahibi azərbaycanlı həmkarını Vaşinqtona rəsmi səfərə çoxdan dəvət edərdi, sadəcə, Azərbaycanda fundamental hüquqların pozulması fonunda Barak Obama bu görüşə veriləcək ictimai rəydən çəkinir”.
Xəyal