Qələbə gec-tez əqidəsinə sadiq qalanların, xalqı uğrunda mübarizə aparanlarındır!
Xalid Qarayevi də şərləyib tutdular. Onu guya küçədə gedərkən ünvansız söyüş söyməkdə ittiham edərək 25 sutka müddətinə həbs etdilər.
Xalid bəy “Azadlıq” qəzetinin və AXCP təşkilat şöbəsinin əməkdaşıdır. Olduqca çalışqan, mübariz, təvazökar əqidə dostumuzdur. Amma yəqin ki, Xalid bəyin hökumətin qəzəbinə tuş gəlməsinə əsas səbəb “Azərbaycan saatı” proqramının ərsəyə gəlməsindəki rolu oldu.
“Azərbaycan saatı”ndan çox qorxurlar.
Hakmiyyət internet istifadəçilərindən artıq əlini üzüb. Bilir ki, internet vasitəsilə bunların korrupsiyasından, saxtakarlıqlarından, cinayətlərindən xəbər tutmaq imkanı olan insanları daha aldatmaq mümkün olmayacaq. Onların böyük əksəriyyəti rejimin əleyhdarıdır. Ona görə də internetə, sosial şəbəkələrə əli çatan insanları qorxutmaqla “dinc oturmağa” məcbur etməyi düşünürlər. Rayon və kəndlərdə yaşayıb, əsas informasiya axınından kənarda qalmış və beləliklə, AzTV və digər hökumət televiziyalarına möhtac olmuş insanları isə öz girovları sayırlar. Sayı hələ də milyonlarla hesablanan bu sadə vətəndaşlarımızı tam olaraq informasiya blokadasında saxlayırlar. Səhərdən axşama qədər onları hökumətin yalanlarını eşitməyə məcbur edirlər. “Azərbaycan saatı” isə onların bu monopoliyasını dağıdır, min bir əziyyətlə olsa da, həqiqətləri ölkənin ən ucqar bölgələrinə yayır. Ona görə bu proqramdan bu qədər qorxurlar.
Digər tərəfdən də 12 oktyabr mitinqimizin uğurlu alınması, üstəlik yenidən mitinqlərə hazırlaşmağımız haqda məlumatlar rejim başçılarının yuxusuna haram qatıb. AXCP yenidən rejimin əsas hədəfinə çevrilib. Xalid bəyin həbs olunması, Əbülfəz Qurbanlının açıq-aşkar izlənməsi, partiya üzvümüzün Türkiyə bayrağını yandırması, Sumqayıt təşkilatımızın 52 nəfər üzvünün partiyanı tərk etməsi haqqında qıpqırmızı yalanlar, hökumətin ələ aldığı əqidəsiz satqınların bizə yönəlmiş hədyanları, polisin səlahiyyətlərinin daha da artırılması rejimin isterik reaksiyalarıdır.
Planları baş tutmayıb. Cəmiyyəti susdurub siyasi sistemi yenidən dizayn edə bilməyiblər. Real, prinspial müxalifəti, azad mətbuatın, vətəndaş cəmiyyətinin qalıqlarını məhv etməyi planlayırdılar, əvəzində müxalifətin, vətəndaş cəmiyyətinin və azad mətbuatın içindəki öz adamları tam ifşa olundu. Siyasi həyatda tam bir aydınlıq yarandı. Asan deyil, amma fəxr edirəm ki, belə bir ağır vəziyyətdə də minlərlə həmvətənimiz şər düşərgəsi ilə ləyaqət uğrunda mübarizəni inam və qətiyyətlə davam etdirir. Əminəm ki, bu çətin və qeyri-bərabər mübarizədə qələbə bir az gec və ya tezliyindən asılı olmayaraq, əqidəsinə, mübarizəsinə sadiq qalanların, xalqına inanıb, xalqı uğrunda mübarizə aparanlarındır!