“Özgürlük Evi” (Freedoom House) qurumu Əliyevlər Azərbaycanını TOTALITAR ölkə olaraq xarakterizə edir. Bunun praktik görsənişini də ortaya qoyur: “bu ölkədə insan hüquqları, özgürlükləri amansızlıqla qapsanır, bu sürəc ardıcıl xarakter daşıyır. Ölkədə siyasi hakimiyət Ilham Əliyevlə hakim partyanın əlində toplanıb. Hökumət, parlament, yerli hakimiyət bir partiyanın gözətimindədir. Dövlət başçısı orduya komandanlıq edir, iqtisadiyatın başlıca sektorları da onun gözətimindədir. Uluslararası gözləmçilərin oyuna görə, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkisinin sonucları total saxtalaşdırılıb. Hökumətin ardıcıl repressiyaları müxalifəti gücsüzləşdirib”. Burada göstərilənlər doğrudurmu? Bütünlüklə doğrudur. Bu doğrunu yalnız rejim başçısı başda olmaqla rejim adamları dana bilərlər. Danırlar da!
Ortada açıq-aydın TOTALITAR rejim görsənişləri var. Totalitar rejim demək dövlət hakimiyətinin bütünlüklə, Əliyevlər Azərbaycanında olduğu kimi, bir adamın əlində toplanması deməkdir. Baxın, bu gün Azərbaycanda çağdaş dünyadakı demokratik dövlətlərə özgü bütün institutlar var: prezidentlik, parlament, bələdiyə (yerli özünüyönətim). Gerçəkdəsə bunların biri də yoxdur: ölkəni demokratiya instituları adına öz bildiyi kimi yönətən diktator-prezident var. Bir də bu diktator-prezidentin başında durduğu repressiyalar. Sonu görünməyən repressiyaları totalitar rejim cinayətləri doğurur: total rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya axarında baş verən çoxsaylı cinayətlər repressiya faktorunu qaçılmaz edir. Ortaya üstün güc çıxmadıqca repressiyalar durdurulmayacaq – burası bəlli bilinməlidir. Bir sıra dış görsənişlərdən göründüyü kimi, çox gec olsa da, bəlli bilinməkdədir.
Yuxarıda deyildiyi kimi, “hökumətin ardıcıl repressiyaları müxalifəti gücsüzləşdirib”. Ancaq bu yalnız repressiyalara görə deyil. Əliyevlər çevriliş yoluyla ələ keçirdikləri hakimiyəti qoruyub saxlamaq üçün təkcə dışda deyil, içdə də böyük pullardan keçməli olurlar. Düzdür, bu yöndə dışda səpələnən pullara görə içdə səpələnən pullar balaca pullardır: dışda milyardlar, içdə milyonlar söz qonusudur. Müxalifət yalnız repressiyalarla gücsüz salınmayıb: ortada qamçı-kökə siyasətləri var – “müxalifət” adı altında illərlə rejimin gizli əlatıları rolunu oynayan bir sıra partiyalar, bu partiyaların başında duranlar gizli-açıq ayrıca ödülləndirilirkən (qərargahdan tutmuş, villaya, maşına, pul-parayadək) hansısa gerçək müxalifət partiyasının öz gücünə əldə etdikləri də buldozer-terror, partlatma-dağıtma yoluyla əlindən alınır.
Yuxarıda sözügedən qurumun açıqlamasında bu da var: “Mətbuatın çox böyük bir bölümü hakimiyətin gözətimindədir, başqalarının işi isə kəsinliklə qapsadılıb”. Burada qurum “ürəyigenişlik” edərək “mətbuatın çox böyük bölümü” deyir. Gerçəkdəsə, gündəlik faktlardan göründüyü kimi, bu gün bizdə “Turan” informasiya agentliyi ilə “Azadlıq” qəzetindən savayı rejim gözətimindən qıraq informasiya qurumu qalmayıb. Bu isə “Özgürlük Evi”nin Totalitar Əliyevlər hakimiyəti göstərisini doğrulayan başlıca faktorlardandır: totalitar rejimli ölkədə informasiya-düşüncə-baxış özgürlüyünə yer ola bilməz, olarsa, onda totalitrarizmdən danışmağa dəyməz. Bizdə isə totalitarizm bütün parametrlər üzrə at oynatmaqdadır. Bunu gecdən-gec olsa belə, demokratik dünya qurumları da anlamağa başlayıblar. Avropa Parlamentinin yaxınlarda ortaya çıxan bəlli qərarını totalitar rejimlə qarşılaşmanın siyasi dəyərləndirilməsi saymaq olar. Iş yalnız “kürü-dollar diplomatiyasında” deyildi, iş bir də Əliyevlərin 93-dən bu yana dünyanı çox ustalıqla aldatmalarında idi. Bu ustalıqla aldatma, eləcə də aldanma bir çox demokratik dünya qurumlarını siyasi bankrota gətirib çıxardı. Indi biz bankrotdan dönmə dönəmini yaşayırıq. Bu BANKROTLARI Əliyevlərin çoxillik saxta demokratiya BANKNOTLARI yaratdı. Bankrotdan dönmə prosesi ağır gedir, ancaq gedir…