Bu mitinq, müxalifətin mənəvi qələbəsidir!
İstiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli
12 oktyabr tarixə uğurlu bir mitinq günü kimi daxil oldu… Uzun sürən fasilədən sonra nə qədər çətin olsa da, gözləntilər özünü doğrultdu. Bu qədər basqılara, təzyiqlərə, təqiblərə, həbslərə baxmayaraq həm kəmiyyət, həm də keyfiyyət baxımından uğurlu bir mitinq alındı. Minlərlə soydaşlarımız Milli Şuranın çağırışı ilə meydana axışıb “Represiyalara son” deyərək siyasi məhbuslara azadlıq tələb etdilər. Bu mitinq, neçə illərdir ki, siyasi əqidəsinə, ictimai baxışıına və dini görüşlərinə görə zindanlarda yatan, günahsız insanlara həmrəylik nümayişi idi. Bu mitinq, bütün işgəncələrə rəğmən ən çətin şəraitdə belə mübarizə aparan mətin insanların iradəsi, cəsarəti, mübarizliyi qarşısında sayqı duruşu idi. Hətta hakimiyyətin istifadə etdiyi yeni növ əngəl və təxribat vasitələri belə meydanın ümumi ahəngini poza bilmədi. Çünki hamı- ən müxtəlif kəsimin nümayəndələri, hətta kəşfiyyat məqsədilə mitinqə gələnlər belə meydanın müsbət aurası, mənəvi ovqatı və pozitiv enerjisinin təsiri altında idi.Meydan isə “Represiyalara son!” “Siyasi məhbuslara azadlıq!” şüar və tələblərinə köklənmişdi. Bu,əslində uzun illər yorulmadan, usanmadan ardıcıl olaraq mübarizə aparan müxalifətin hakimiyyət üzərində mənəvi qələbəsi idi. Eyni qayda ilə yorulmadan, usanmadan ardıcıl olaraq müxalifətə qarşı mübarizə aparan iqtidarın isə mənəvi məğlubiyyəti idi.
Bu mitinq iqtidarın mənəvi məğlubiyyətidir!
Hakimiyyət mənsubları İlham Əliyevin “ Müxalifəti siyasi arxivə göndərəcəyik!” şüarına inanmışdılar. Elə bilirdilər ki, müxalifətçilər uzun sürən təqiblərə, təzyiqlərə, həbslərə, işgəncələrə dözüb duruş gətirə bilməyəcəklər; bir qismi zindanlarda əzilib, sınıb sıradan çıxacaq, digər qismi də uzun sürən mübarizədən bezib sıraları tərk edəcək. Ortada yalnız cib və əl müxalifəti qalacaq. Meydan isə boşalıb Hafiz, Mafizlərə qismət olacaq. Görəndə ki, əsl müxalifəti sıradan çıxarıb parlamenti əl və cib müxalifətinə, meydanı isə Hafizə və Jirinovskiyə vermək mümkün deyil. O zaman zahirən sezdirməsələr də daxilən müxalifətin varlığını etiraf edib taktikanı dəyişdilər. Siyasi təşkilatları lokolaşdırmaq, sıralarının genişlənməsinə imkan verməmək, rezervləri, xüsusilə, mətbuatı basqı altında saxlamaq, sosial şəbəkələri nəzarətə götürmək, bloqerləri təqib etmək; müstəqil fəaliyyət göstərən QHT-lərin işini tormuzlamaq və ya dondurmaq, qeyri- siyasiləri, vətəndaş hərakatının üzvlərini, daha doğrusu içtimai rəy liderlərini həbs etmək, bir sözlə demokratiya adına nə varsa hamısının məhv etmək və cəmiyyəti daima basqı altında saxlamaq üsulu seçdilər.
Və iri miqyaslı repressiyalara başladılar!
Söhbət yalnız vətəndaş cəmiyyətinin üzvlərini-hüqüq müdafiəçilərini, jurnalistləri, bloqerləri, bir sözlə ictimai-siyasi fəlları həbs etib aktiv kəsimin gözünü qorxutmaqdan getmir. Həm də kütləvi həbslərlə daha geniş ortamda bir qorxu mühiti yaratmaq, bütövlükdə toplumun gözünü qırmaq və millətin mübarizə əzmini sındırmaq idi. Məqsəd hamını, yeddidən-yetmişə bütöv bir xalqı bu hakimiyyətin əbədiliyinə inandırmaq və ona tabe etdirmək idi. Amma hakimiyyətin sınağa çəkdiyi, ya “biz”, ya “onlar” seçimi qarşısında qoyduğu toplumun aktiv və intelektual kəsimi son anda özünə doğma bildiyi hüqüq müdafiəçilərinə, jurnalistlərə, bloqçulara, gənclərə, mömünlərə, bütün siyasi və vicdan məhbuslarına sahib çıxdı. Və 12 oktyabr “Azad et” mitinqinə qatıldı. Yeri gəlmişkən Milli Şura Koordinasiya Mərkəzinin üzvü kimi ölkənin taleyinə biganə qalmayan, təqib və təzyiqlərdən qorxmayan, azadlıq və ətalətin, qələbəsi və bərpası üçün hər cür fədakarlığa qatlaşan, “Represiyala son!” deyib “Siyasi məhbuslara azadlıq!” tələb edən hər kəsə-bütün həmvətənlərimizə Milli Şura adından təşəkkür ediriəm! Şəxsən, mən peşəkar siyasətçi və təcrübəli bir hərəkatçı kimi inanıram ki, müxtəlif səbəblərdən hələlik meydana gəlib bizimlə bərabər ola bilməyən 100 minlərlə soydaşımız nə zamansa haqq uğrunda savaş meydanında bizimlə birlikdə olacaqlar. O zaman uzaqda deyil, nəhayət o gün də gələcək! Mütləq gələcək!
Bu mitinqin daha bir özəlliyi…
Bu mitinq, yeni bir uğurun əsasını qoydu. Bundan sonra uğurlar seriyası başlayacaq! Bilirsiniz niyə? Çünki bu mitinq Milli Şuranın timsalında sınaqdan çıxan, siyasi partiyalarla vətəndaş hərəkatını özündə birləşdirən modeli siyasi və qeyri-siyasilərin, veteranlar və gənclərin simasında bir daha sınaqdan keçirdi. Bu mitinqin ən böyük uğuru bax, bunda idi, dostlar. Hakimiyiyyətin aylardan bəri sərgilədiyi şər niyyətli planı bu model bu mitinqdə dəf edib sıradan çıxartı. Haydı, dostlar, uğurlu gələcəyə doğru yolunuz açıq olsun!
P.S. Uğurlu mitinqə görə təşkilatçılara təşəkkür edirəm, məxsusi olaraq Cəbhəçi dostları isə təbrik edirəm! İstiqlalçı deputat adından…