Fələstinin Xarici Işlər Naziri Azərbaycana niyə gəlir?
Oktyabrın 15-16-da Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq. Azərbaycanın Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Riyad əl-Malikinin Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Sirr deyil ki, bugün Fələstin üçün ən mühüm məsələ, dünyanın bu ölkəni dövlət kimi tanımasına nail olmaqdır. Uzun müddətdir ki, bu məsələlər müzakirə olunur və son dövrlər Fələstinin bu istiqamətdə uğurları da görünür. Artıq Fələstinin dövlət kimi tanınması prosesi start götürüb.
Bir neçə gün öncə Isveçin baş naziri Stefan Löven qeyd edib ki, Israillə Fələstin arasındakı münaqişənin həlli yolu hər iki dövlətin tanınmasından keçir: “Qərar qəbul olunmalı və beynəlxalq hüquq normaları çərçivəsində razılaşdırılmalıdır. Bu qərar hər iki ölkənin sülh şəraitində yaşamasına gətirib çıxarmalıdır. Məhz buna görə Isveç Fələstini dövlət kimi tanıyır”.
Öz növbəsində Israil hökuməti S.Lövenin bəyanatından narazılıq ifadə edib. Israilin xarici işlər naziri Aviqdor Libermanın bəyanatında deyilir ki, Isveç hökumətinin başçısı Fələstini suveren dövlət kimi tanımaqla bağlı açıqlama verərkən “tələskənliyə yol verib”: “Bəyanatı verməzdən öncə bu məsələ ilə yaxından tanış olmaq daha yaxşı olardı”.
Ötən gün isə Ingiltərə parlamenti Fələstini dövlət kimi tanıyıb. Təklif parlamentdə 274 səslə qəbul edilib
Qeyd edək ki, BMT Baş Assambleyası 2012-ci ildə Fələstinə qurumda “müşahidəçi dövlət” statusu verib.
Bütün bunları xatırlamaqla onu diqqətə çatdırmaq istəyirik ki, fələstinli nazirin Bakı səfəri belə bir aktiv dövrə təsadüf edir. Təbii ki, Bakı səfərində Azərbaycanın Fələstini dövlət kimi tanıması məsələsi müzakirə olunacaq.
Israil-Fələstin münasibətlərini nəzərə alsaq, Azərbaycan hökumətini çətin vəziyyət gözləyir. Belə ki, Azərbaycanla Israil arasında əməkdaşlıq mövcuddur və son dövrlər münasibətlər daha da sıxlaşıb. Belə bir şəraitdə Azərbaycanın Fələstini dövlət kimi tanıması Israillə münasibətləri gərginləşdirə bilər. Ancaq Fələstinin lehinə qərar qəbul edilməməsi də Azərbaycan üçün mənfi reputasiya formalaşdıracaq.
Ümumi mənzərə onu göstərir ki, Əliyev hakimiyyəti iki od arasında qalıb. Indi, “su”yu hansı tərəfə tökmək mühüm əhəmiyyət kəsb edir.
Akif