Qubad İbadoğlu onu ittiham edən Vaqif Hacıbəyliyə cavab verdi
“Arif Hacılıya da təklif edirəm ki, Müsavatda olmayan ailə üzvlərinin partiyanın işinə qarışmasının qarşısını alsın”
“Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam nə deməkdir? Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə getməyiblərmi? Onlar Müsavat rəhbərliyi deyilmi?
İsa Qəmbərin guya gizlində kiməsə dəstək verməsi də absurddur. İsa bəyin doğma qardaşı, ağsaqqal əmisi, başda dostum Vəzir olmaqla mühafizəçiləri, Müsavatdakı bütün pisliklərdə həmişə barmağı olan qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə, onda İsa bəy əl altından sənin əleyhinə nə iş görüb?”
Bunu Əhrar Partiyasının sədri, Müsavatın yeni başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli özünün facebook sosial şəbəkəsindəki statusunda bildirib.
Vaqif Hacıbəyli Müsavat başqanlığına keçirilən seçkilərdə məğlub olan Qubad İbadoğlunun Arif Hacılı əleyhinə dediyi bəzi ittihamlara cavab verib.
O qeyd edib ki, seçkidən sonra Tural Abbaslı özünü çox ağayana aparıb, Qubad İbadoğlu isə faktları təhrif edib.
“Digər tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O müsavatçı deyil bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür vallah…”, – deyə V.Hacıbəyli yazıb.
Qubad İbadoğlu isə Vaqif Hacıbəylini qərəzli mövqe nümayiş etdirməkdə tənqid edib. İbadoğlu Hacıbəylini Müsavatın üzvü olmadığı halda partiya işlərinə qarışmaqda ittiham edib: “Partiyanın üzvü olmayan, qardaşının müdafiəsi üçün başqalarının fikirlərini təhrif edən şəxsin bu fikirləri onu göstərir ki, Müsavatı gələcəkdə bir “ailə partiyası”na çevirmək istəyənlər var. Bu məsələdə hesab edirəm ki, mövqe qoymağa Vaqif Hacıbəylinin nə mənəvi, nə də siyasi haqqı çatır.
Mən ona özündən ibarət olan partiyası ilə məşğul olmağı məsləhət görürəm. O, müsavatçı olmasa belə mən onun ittihamlarını cavablandırardım. Ancaq o, Arif Hacılının qardaşı olduğuna görə hesab edirəm ki, çox qərəzli və ailə marağından çıxış edərək belə bir status yazıb. Arif Hacılıya da təklif edirəm ki, Müsavatda olmayan ailə üzvlərinin partiyanın işinə qarışmasının qarşısını alsın”.
Fəxrəddin Bağırov APA-ya açıqlamasında “Vaqif Hacıbəyli kimdir ki, mən onun ittihamlarına cavab verim?” – deyə bu barədə danışmaqdan imtina edib.