Araşdırmaçı jurnalist həbs olunacağı haqda mesaj alıb
Azərbaycanda müstəqil hüquq müdafiəçiləri, azad medianın fəaliyyəti hakimiyyətin daim qıcığına səbəb olub. Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa qarşı hakimiyyətin uzun illərdir nümayiş etdirdiyi münasibət hamıya bəllidir. Eyni ssenari bu gün araşdırmaçı jurnalist Xədicə Ismayıla qarşı yönləndirilib.
Hazırda ölkə xaricində tədbirdə olan jurnalist barədə hökumətyönlü media orqanları geniş materiallar dərc edərək, onu az qala, “xalq düşməni” elan etməyə çalışırlar. Məsələn, “Yeni Azərbaycan”ın dünənki sayında dərc olunmuş iri həcmli yazıda Xədicə Ismayılın xalqa düşmən mövqedə olduğunu sübut etməyə çalışırlar. Eyni xətti tutan qəzet zaman-zaman Leyla Yunusu da “ermənipərəst” adlandırmaqla öz niyyətini ortaya qoyub.
Leyla Yunusa qarşı uzun illər davam edən qarayaxma kampaniyasının nəticəsi olaraq, hüquq müdafiəçisi hazırda dəmir barmaqlıqlar arxasındadır. Xədicə Ismayılı da eyni aqibətin gözlədiyi hakimiyyətin bu məşum ssenarisindən görünür.
Bu arada, jurnalist özü də “facebook” səhifəsində həbsilə bağlı mesaj aldığını bildirib: “Mən hökumətin hüquq-mühafizə orqanlarının işçilərindən belə bir mesaj almışam. Mesajda deyilir ki, onlar məni təyyarə meydanında gözləyəcəklər. Əgər qorxuya düşərək qayıtmayacağımı güman edirlərsə, yanılırlar. Avropa Şurası Parlament Assambleyasının sessiyasından sonra ölkəyə qayıdacağam”.
İnformasiya şöbəsi