Səadət Cahangir
Biz çağdaş dünyanın inkişaf yollarından o qədər uzağıq ki, burnumuzun ucunu belə görə bilmirik. Bu geriliyi göstərən ən açıq güzgü cəmiyyətin özü, onun yaratdığı girdab isə insanlara cəhənnəm yaşadan həbsxanalardır. Dünyanın bir qütbündə insanların həyatını hər yolla yüngülləşdirməyə çalışan cəmiyyətlər, o biri qütbündə biz. Biz, yəni cəmiyyətdə xüsusi çəkisi olan bir ziyalı qadını, bir hüquq müdafiəçisini, bir inanc sahibini, bir gənc fəalı qisasçılıq zəminində həbsə atıb, ona olmazın işgəncə verməyi məqbul sayan eybəcər idarəçilik altında yaşayanlar. Beyin mexanizmi “türmə qanunları” ilə haqq-hesab çürüdəcək qədər çürümüş bir sistem! Insanları ən küt cəngəllik qanunları ilə tabeçilikdə saxlamağa çalışan bir rejim!
Müstəqillik tariximizdən bu yana ölkənin ən məşhur hüquq müdafiəçisi olaraq tanınan Leyla Yunusun başına gətirilənlər misli görünməmiş rüsvayçılıqdır. Dünyanın heç bir yerində bu səviyyədə tanınmış insanlara qaba həbsxana qaydaları tətbiq olunmaz. Istənilən halda, o insanın illər boyu qazandığı nüfuz əngəl olar həmin yazılmamış qaydalara. Hələ o da bir qadın ola! Nə yazıq ki, bizdə o xətti də ayaqlayıb keçdilər. Qisasçılıq və qərəz güc gəldi Leyla Yunusla haqq-hesabı olanlara. Onu sındırmaq və alçaltmaq üçün bir kamera “amir”inin əlinə veriblər. Sifarişin lap yuxarılardan gəldiyi aydın məsələdir. Amma doğrudanmı, bu rəzalətə qol qoyanlar nə qədər aciz və miskin duruma düşdüklərinin fərqində deyillər?
Belə görürəm ki, dünyada bizdən başqa hər kəs zamanla dəyişikliyin qaçılmaz olduğunu anlamağa başlayıb. Bu il Türkmənistan hökuməti məhbus qadınların vəziyyətinin yaxşılaşdırılması məqsədilə tikdirdiyi 290 milyon dollarlıq həbsxananı istifadəyə verəcək. Ölkə rəhbərliyi iki il əvvəl bu addımı beynəlxalq insan hüquqları təşkilatlarının davamlı tənqidlərindən nəticə çıxararaq atıb. Bu həbsxananın tikilməsi ilə ölkənin tək qadın həbsxanası olan Daşoğuz dustaqxanası ləğv ediləcək. Yeni layihəyə görə, həbsxanada doğum evi, körpələr evi, poliklinika, məktəb, idman salonları kimi bütün ehtiyaclara cavab verən qurğular olacaq. Məlumdur ki, Türkmənistan, əhali sayına görə, dünyada ən çox məhkumu olan ölkə sayılır. Burada hər yüz min vətəndaşın 550-si həbsxanalarda.
Amma ən çox məhkumu olan ölkə belə, artıq böyük basqıları nəzərə alıb, irəli addım atmağı vacib sayır. Durumun acınacaqlı olduğunu görə bilməyən tək bizimkilər. Bu gedişlə yaxında say baxımından da türkmənlərə çatar, onları ötərik belə.
Nə olur-olsun, bir gerçəyi anlamaq lazım. Sivil ölkələrdə həbsxanalar işgəncə mexanizmi olmaq statusunu çoxdan itirib. Nümunə üçün Norveçin kiçik bir adası olan Bastoeydə fəaliyyət göstərən həbsxananı göstərək. Dünyada ilk ekoloji həbsxana kimi tarixə düşən Bastoeyin enerjisi günəş panelləri ilə alınmaqda, qidaları da məhkumlar yetişdirməkdədir. Bu həbsxana həm də dünyanın ən təhlükəsiz həbsxanası sayılır. Yaxud Boliviyanın yoxsul məhəllələrindən birində mövcud olan San Pedro həbsxanası. 1500 məhbusun saxlandığı bu yer yüksək divarları, təhlükəsizlik qapıları ilə normal bir həbsxana kimi görünsə də, içəridə top oynanılan uşaq meydançası, bazar dəzgahları, bərbərlər, hətta bir hotel belə var. Həbsxanada heç bir təhlükəsizlik işçisi və dəmir barmaqlıqlı hücrələr yox. Amma bu nisbi azadlığın əvəzində məhkumlar öz hücrələrini, yəni qalacaqları yeri satın almaq məcburiyyətindədirlər. Ona görə də, çalışıb öz həyat şərtlərini təmin etməyə borcludurlar.
Sözsüz, dünyanın bunca dəyişən şərtləri daxilində həbsxanaları əldə işgəncə yuvası kimi saxlamaq feodal düşüncəsi ilə yaşamaqdır. Onsuz da, Leyla Yunus kimi əsassız şəkildə o divarlar arasına məhkum edilmiş insanlar öz mübarizə əzmləri sayəsində oradan qurtulacaqlar. Ona görə, kimsə əlindəki zorakı imkanları fürsət bilib, müxalif saydığı insanlara zülm etməyi qəhrəmanlıq saymasın. Fələyin çarxı çox tez tərsinə çevrilir axı, bilirsiniz!