Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bu gün dünya tarixinin böyük simalarından biri Yuli Sezarın doğum günüdür, amma məqsədimiz heç də Sezarın həyatını anlatmaq deyil. Təzəlikcə şair Məmməd Ismayılla görüşümüzdə o, bu görkəmli sərkərdə və siyasi xadimlə bağlı maraqlı bir faktı anlatmışdı mənə.
Sən demə, yunan şairi Katul Sezar haqqında öldürücü satiralar yazırmış, Sezar isə əsla inciməz və qəzəblənməzmiş. Əksinə, Katulu saraya – kef məclislərinə dəvət edər, haqqında öldürücü satiralar yazan şairlə bu yazdıqlarına əsla eyham vurmadan həvəslə söhbət edərmiş.
Bu, Sezarın özü haqqında tənqidlərə insani münasibəti ilə bağlı yeganə fakt deyil. Nə vaxtsa oxumuşdum ki, hərbi səfərlər zamanı hətta döyüşçüləri belə Sezar haqqında yüksək səslə satirik mahnılar ifa edərlərmiş, Sezar da bunu yalnız təbəssümlə qarşılayarmış. Səbəb aydındır: o, öz zəkasına hədsiz inanır və güvənir, döyüşçülərinin sədaqətinə isə əsla şübhə etməzdi.
Təsəvvür edin, bütün bunlar iki min il əvvəl baş verirdi. 21-ci əsr Azərbaycanında isə tənqid – həbsdən, mühacirətdən, basqıdan, təhdiddən, zaman-zaman hətta ölümdən başqa heç nə vəd etmir.
Bəli, tənqiddən qorxmaq – zəiflik əlamətidir. Öz gücünə, öz yoluna inamsızlıq görsənişidir. Öz həqiqətlərinə, öz ideallarına güvənsizliyin nümayişidir.
Səmimi danışaq: özü haqqında tənqidi heç kim eşitmək istəməz. Tənqid heç də həmişə obyektiv, qərəzsiz də olmur. Amma ağıllı insanlar istənilən tənqiddən öyrəniləcək çox şeyin olduğunun fərqindədirlər. Istənilən tənqid – müzakirə, mübahisə, polemika yaradır. Haqlını ortaya çıxarmağa kömək edir.
Tənqid canlanma, dirilmə deməkdir. Yalnız qəbbristanlıq sükutunu sevənlər, bozluq tərəfdarı olanlar, hərəkətlilik arzulamayanlar, durğunluğu xoşlayanlar tənqidə qarşı çıxa bilərlər. Tənqidsiz bir ortam istəyində olanlar heç nə öyrənmək istəməyənlərdir. Fransız yazıçılarından biri vaxtilə belə demişdi: “Bizi tərifləyənlər bizə özümüz haqda yeni heç nə öyrətmirlər”.
Tənqid bizə özümüzü daha yaxşı tanımaq, zəif yerlərimizi görmək və beləliklə, daha güclü olmaq imkanı verir.
Azərbaycanlıların tənqidə qarşı münasibəti aqressivdir. Biz tost deməyi xoşlayan, tost sevməyi sevən xalqıq. Nəticədə ortaya bugünkü Sistem – tənqidi səsləri hər fürsətdə boğmağa, tənqidi qələmləri hər addımda sındırmağa çalışan irtica rejimi çıxır.
Azərbaycanlıların tənqidə münasibətini hələ yüz il öncə Əbdürrəhim bəy Haqverdiyev çox parlaq şəkildə əks etdirmişdi. Onun “Tənqid” hekayəsini oxuyanlar nə demək istədiyimi başa düşəcəklər. Oxumayanlar isə mütləq tapıb oxusunlar. Aradan keçən 100 il ərzində tənqidə münasibətimizdə də dəyişən bir şey olmadığını görəcəksiniz.
Russo deyirdi ki, tərif onu sevənlərin zövqünü korlamaqdan başqa heç nəyə yaramır. Eyni məntiqlə tənqid – insanların zövqünün yüksəlməsinə xidmət edir. “Tənqidsiz tərəqqi yoxdur” – bu sözlər nə qədər şablon səslənsə də, həqiqətdir və təkrarlamaqda fayda var.
Tənqidi sözün, fərqli fikrin, aykırı düşüncənin, müxalif mövqenin qarşısına zorla, zopa ilə, bıçaqla, top-tüfənglə çıxmaq acizlikdir, bəşəri cinayətdir. Belələri əvvəl-axır məğlubiyyətə məhkumdur. Yuli Sezarın yalnız bütün döyüşlərdən deyil, əsrlərlə mübarizədən də qalib çıxmasının və bu günün özündə də ehtiramla anılmasının sirri həm də bundadır. Yazının əvvəlində onunla bağlı xatırlatdığımız örnəklər hər şeyi deyir.
Tənqid – işıqdır, tərif – zülmət.
Tənqid – nəfəslikdir, tərif – havasızlıq.
Tənqid – oyanışdır, tərif – mürgü.
Tənqid – tərəqqidir, tərif – tənəzzül.
Tənqid – gələcəkdir, tərif – keçmiş.
Tənqid – yenilikdir, tərif – köhnəlik.
Işığı, tərəqqini, oyanışı, yeniliyi sevənlərə salam olsun!