Böyük yaşayış massivinə çevrilmiş bu qəsəbənin sakinləri problemlərini həll edəcək qurumların yoxa çıxdığını düşünür
«Bakı Dairəvi Avtomobil Yolu» ola-ola, binaların bir-birinə yaxın tikildiyi, əhalinin sıx yaşadığı, yolların dar, keçilməz olduğu yerlərdən təhlükəli ağır tonnajlı iri maşınların fasiləsiz hərəkəti insanları bezdirib
Bakının mərkəzində son illər göz oxşayan bərpa-yenidənqurma işləri aparılsa da, ətraf qəsəbə və kəndlər bir çox problemləri ilə vətəndaşların haqlı narazılığına səbəb olur. Belə problemlərdən qaça bilməyən qəsəbələrdən biri də Biləcəridir. Bir zamanlar, az qala çöllük-biyabanlıq olan, tək-tük evin, daxmanın (əsasən stansiyada çalışanların qaldığı) gözə dəydiyi və dəmir yol qovşaqlarının daha çox üstünlük təşkil etdiyi sözügedən bu ərazi indi yüz mindən çox əhalisi olan böyük bir qəsəbədir. Biləcəri son 15 il ərzində hər gün daha da böyüyərək, özü ilə çox ciddi problemləri də gətirmişdir. Lakin çox təəssüf ki, bəzi səlahiyyətlilər hələ də bu ərazinin əski “Stansi Biləcəri” kimi qaldığını zənn edib, buranın sakinlərinin xirtdəyəcən yığılmış problemlərini görməzdən gəlir. Birdəfəlik anlamaq gərəkdir ki, Biləcəri artıq stansiya deyil, iri bir yaşayış massividir və burada insanlar yaşayır, onları bu qədər problemlə baş-başa buraxmaq ədalətsizlikdir.
Zibil ərşə dirənib
Bu gün Biləcəri sakinlərinin ən ciddi dərdi paytaxtın müxtəlif yerlərində də qarşılaşdığımız zibilxanalardır. Qəsəbə sakinləri evlərində toplanmış zibili hara atacaqlarını bilmirlər və çıxış yolunu hər hansısa qapının ağzı, blok, həyət, dalan, hətta liftdə yer tapıb zibili ora tökməkdə görürlər. Nəticədə, bir müddətdən sonra həmin yerdə qalaqlanmış zibil tayaları əmələ gəlir. Üfunətdən dayanmaq beləm, mümkün olmayan bu zibilxanalar isə müxtəlif xəstəliklərə sabəb olan infeksiya yayıcılarının artmasına, eyni zamanda da sağlamlıqla bağlı tələblərin ciddi şəkildə pozulmasına gətirib çıxarır. Oxşar acı mənzərə ilə Biləcəri qəsəbəsinin dörd bir yanında rastlaşmaq mümkündür və belə getsə, qəsəbənin ekoloji baxımdan təhlükəli zonaya çevriləcəyi gün uzaqda deyil. Təəssüf ki, Biləcəri bu gün yiyəsiz, başsız qalmış bir ailəni xatırladır. Məsələyə cavabdeh olan qurumlar isə problemdən çıxış yolu tapmaq əvəzinə günahkar axtarmaqla məşğuldurlar. Onlar sakinləri zibil tullantılarını hara gəldi atmaqda ittiham etməklə, qəsəbədə yığılıb qalmış bir çox oxşar çatışmazlıqları aradan qaldırmaqdan sanki boyun qaçırmaq xətti tutublar. Qəsəbə sakinlərinin verdikləri məlumatda isə bildirilir ki, illərdir problemlə bağlı aidiyyəti orqanlara şikayət etsələr də, onların şikayətlərinə baxan, problemin həllində köməklik göstərən olmayıb. Nə bələdiyyə, nə də Binəqədi Rayon Icra Hakimiyyəti qəsəbənin problemilə maraqlanmaq istəyir.
Həqiqətən də inanmaq olmur ki, zibil tullamaq üçün nəzərdə tutulmuş iri dəmir qablar ola-ola kimsə zibili, məmurların təbirincə desək, hara gəldi töksün. Demək ki, ümumi qəsəbə üzrə belə dəmir zibil qablarının sayı kifayət qədər az olduğu üçün, yaxud da çox az sayda gözə dəyən zibil qutuları dolub vaxtında təmizlənmədiyi və boşaldılmadığı üçün sakinlər çarəsizlikdən onu hara gəldi atmağa məcbur olurlar. Artıq iş o yerə çatıb ki, bu zibilliklər sahibsiz itlərin, pişiklərin kompakt toplaşdığı məkana çevrilib. Bu səbəbdən də qəsəbədə çirklənmə, antisanitariya, quduz itlərin vətəndaşlara hücumu kütləvi şəkildə baş alıb getməkdədir. Yaxalarını kənara çəkməyə çalışsalar da, istənilən halda bu məsələdə rayon icra hakimiyyətinin və qəsəbə bələdiyyəsinin yarıtmazlığı göz qabağındadır.
Toz-torpaq, palçıqlı yollar, qapaqsız lyuklar, baxımsız küçələr
Qeyd edək ki, zibil Biləcəridəki yeganə problemi deyil. Bu saat qəsəbədə ikinci ən böyük narahatlıq mənbəyi qəsəbədaxili yolların, səkilərin dar, ensiz, eyni zamanda baxımsız vəziyyətdə, toz-torpaq içində olmasıdır. Hətta elə yerlər var ki, orada ümumiyyətlə, asfalt yoxdur və payız-qış aylarının gəlməsilə həmin ərazilərdə palçıq əlindən yerimək olmur. Biabırçılıq odur ki, həmin mövsümlərdə insanlar hərəkət etmək üçün ciblərində mütləq sellofan səbət gəzdirmək məcburiyyətində qalırlar ki, yağışdan sonra əmələ gəlmiş bataqlıqları adlaya bilsinlər.
Qəsəbə sakinləri bildirirlər ki, son 15 il ərzində Biləcəriyə əsaslı şəkildə yol çəkilişinin şahidi olmayıblar. Olsa-olsa seçkidən-seçkiyə ayrı-ayrı ərazilərdə yollara ya yamaq vurulub, ya da hansısa yaşayış massivinin əhalisinin xoşuna gəlmək üçün onların binalarının qabağı qaraldılıb. Bu işlərin isə ömrü mövsümi xarakter daşıyıb, çünki görülən işlər o dərəcədə keyfiyyətsiz olur ki, ilk yağan yağışlar bu asfaltdan əsər-əlamət saxlamır, hamısını yuyub aparır.
Bundan başqa, qəsəbədaxili yollarda kanalizasiya lyuklarının qapaqsız, açıq olması da bir başqa problemdir. Elə lyuklar da var ki, rayon icra hakimiyyəti və qəsəbə bələdiyyəsinin rəsmilərinin hər gün keçdiyi yolun düz ortasındadır, ancaq nə edəsən ki, avtomobillər üçün xeyli təhlükəli olan bu boyda dəlik bu rəsmi adamların gözündən yayına bilir. Oxşar mənzərələrsə Biləcəridə yüzlərlədir.
Ümumiyyətlə, yaşıllığın az olması və abadlıq işlərinin demək olar ki, aparılmamasından, qəsəbədə toz-torpaq ərşə dirənib. Biləcəri digər qəsəbələrlə müqayisədə bəlkə də ən az ağac, ot örtüyü, kol bitkiləri olan yaşayış yerlərindəndir. Ancaq nə yazıq ki, məhdud sayda olan bu yaşıllıq da baxımsızlıqdan, susuzluqdan məhv olmaq həddindədir. Ağaclar, kollar gövdəsindən üzü yuxarı təbii rəngindən məhrum olmuş, tozun-torpağın içindədir. Küçələr də eynilə diqqətsizlikdən, baxımsızlıqdan xarabazarı xatırladır.
Ağır tonnajli iri yük maşınları biləcərililəri boğaza yığıb
Indi söz açacağım məsələ isə Biləcəri sakinlərinin uzun illərdən bəri dəfələrlə səlahiyyətli şəxslər qarşısında qaldırdığı, lakin bugünədək həllini tapmayan çox ciddi problemlərdən biridir. Ağır tonnajlı, ən böyüyünün uzunluğu 13-14 m-ə, enisə 2,5 m-ə çatan, həm də təhlükəli yüklərin daşındığı yedəkli-yedəksiz yük avtomobillərinin qəsəbədaxili yollardan istifadə etməsi barədə danışacağıq. Bu məsələ demək olar ki, qəsəbə sakinlərini artıq boğaza yığıb. Yuxarıda Biləcərinin boş şoran düzəngahlıqlardan ibarət olduğunu və Qafqazın ən böyük dəmir yolu qovşağının burada yerləşdiyini qeyd etmişdik və hələ o vaxtlardan bu yerlərin yarıasfalt-yarıtorpaq yollarından iri yük avtomobillərinin istifadə etdiyi hər kəsə bəllidir.
Ancaq indi durum tamamilə fərqlidir, çünki Biləcəri son illərdə daraldıqca daralıb, ensizləşib, əhalisi isə fantastik sürətlə artıb. Məsələ burasındadır ki, “Bakı Dairəvi Avtomobil Yolu” ola-ola, binaların bir-birinə yaxın inşa edildiyi, əhalinin sıx yaşadığı, əsas yolların dar, keçilməz olduğu yerlərdən son dərəcə təhlükəli olan belə iri maşınların fasiləsiz olaraq keçməsi heç cür anlaşılmır. Hər beş dəqiqədən bir Biləcərinin bir başından o biri başına saysız-hesabsız belə maşınların şütüdüyünü nəzərə alsaq, önümüzdə dəhşətli bir mənzərə canlanar. Yedəyində 30-40 ton yük daşıyan bu maşınların hər biri, az qala bütöv bir yolu tutur və onun adicə bir dalanı, döngəni keçməsi saatlarla vaxt alır və bu, yol, piyada hərəkətində ciddi problemlər yaradır. Eyni zamanda tez-tez tıxaca düşən, piyada hərəkəti məhdudlaşan insanların əsəblərinin pozulmasına, bir çox psixoloji sarsıntıların yaranması da bundan qaynaqlanır.
Hələ bu maşınların qəsəbədaxili yolları bərbad günə qoymasını demirəm. Bu səbəbdəndir ki, “xala xətrin qalmasın” yamaqlanan yolların ömrü uzun olmur, dağılıb gedir. Təsəvvür edin ki, sözügedən maşınlar o baş-bu başa şütüdükcə özlərilə hər gün gətirdikləri toz-torpaq evlərin bacalarında, içindədir, gecə saatlarına qədər yaratdıqları vahiməli səs-küy insanlarda səksəkə yaradıb və bu küydən hər kəsin yuxusu ərşə çəkilib, körpə uşaqlarda isə diksinmə, qorxu sindromları əmələ gəlib. Belə maşınları təhlükəli idarə edən sürücülərlə sakinlər arasında isə dəfələrlə mübahisə, dava düşür. Sadaladığımız hallara sərnişin daşıyan marşrut avtobuslarını və minik avtomobillərini də əlavə etsək, çox dəhşətli mənzərə ilə qarşılaşmış oluruq.
Halbuki dövlət hələ bir neçə il öncə bir ucu Rəsulzadə qəsəbəsinə, bir ucu isə Binəqədi kəndinin arxası ilə keçməklə Binəqədi-Sulutəpə yoluna birləşən “Bakı Dairəvi Avtomobil Yolu”nu istismara verib, lakin kimdir ondan istifadə edən. Varsa da, çox azdır. Biləcəri sakinləri düşünür ki, bu məsələnin tək çıxış yolu Rəsulzadə qəsəbəsinin qurtaracağında olan dördyoldan Biləcəri qəsəbəsinə ayrılan yolun üstünə ağır tonnajlı iri yük maşınlarının hərəkətini qadağan edən yol hərəkəti nişanının basdırılması ola bilər. Yaxud da, Bakı Şəhər Icra Hakimiyyətinin müvafiq strukturu belə maşınların Biləcəri qəsəbəsinin daxilindən istifadə etməsinə qadağa qoymaqla problemi həll etməlidir. Əks təqdirdə sakinlər davamlı aksiyalar keçirəcəkləri ilə bağlı xəbərdarlıq edirlər.
Çatışmayan marşrut avtobusları
Marşrut avtobuslarının çatışmazlığı da Biləcəri sakinlərinin ən çox şikayət etdiyi problemlərdəndir. Hər gün səhər evdən çıxıb işə, dərsə tələsən sakinlərin dayanacaqlarda saatlarla avtobus gözlədiyinin şahidi olmaq mümkündür. Maraqlısı odur ki, ilk 3-4 dayanacaqda, hələ Biləcəridən çıxmamış avtobuslar sərnişinlərlə dolur və qəsəbədən çıxana qədər yolun üstündə olan onlarla dayanacaqda saysız-hesabsız adam nəqliyyatdan məhrum olaraq işə, dərsə gecikir. Bu baxımdan sakinlər qəsəbədaxili marşrut avtobuslarının heç olmasa günün birinci yarısı üçün sayının artırılmasını tələb edirlər. Əvvəllər marşrut xətlərinin sayı çox olduğu üçün belə hallar az yaşanırdı, ancaq sonradan hansısa naməlum əllər hədsiz tamahları, görməmişlikləri ucbatından bu xətləri bir-bir azaltmağa başladı ki, nəticədə vətəndaşlar üçün indiki ağır durum yaranıb. Əhalisinin sayı durmadan artan Biləcəri üçün nəqliyyat probleminin həlli isə hava-su qədər önəmlidir.
Göründüyü kimi, problem çox, həll edənsə yox. Bununla belə, biz paytaxt Bakının mərkəzindən sadəcə 5 km aralıda yerləşən bir qəsəbənin içində boğulduğu problemlərinin hələ çox cüzi hissəsinə işıq tuta bildik. Yazılası, aşkara çıxarılası o qədər şey var ki. Yadıma düşmüşkən deyim ki, bu yaxınlarda ölkə başçısı şəhərətrafı qəsəbələrə baş çəkərkən yolüstü Biləcəri qəsəbəsində də olub və qəsəbə üçün deyəsən, pul da ayırıb. Yaxşı olardı ki, prezident korteji ilə Biləcərinin içindən keçəydi və qəsəbənin miskin, cansız durumunun şahidi olaydı…
Rəşad B.Öz