«Elmin Inkişafı Fondundan qrantı bu cür məsuliyyətsizliklə, işdə təcrübəsi olmayanlara ayırmaq ən azı israfçılıqdır»
Fizika Institutunun əməkdaşı Elman Şahverdiyevin dövlət başçısı Ilham Əliyevə açıq məktubu
başlanğıcı ötən sayımızda
Cənab prezident!
Təyin edilmişlər arasında 22 ildir Azərbaycandan kənarda Türkiyə və indi Almaniyada yaşayan, yalnız 2013-da doktorluq diplomunu almış (ilkin müdafiəsini Skype-la yaşadığı Almaniyadan etmış), ikili vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə ən konservativ data bazası olan SCOPUS-da cəmi əlli sitat olan Ənvər Nəhmədov da var. Onun protejesi – PA-da elm adamlarına yaxşı məlum olan yüksək çinli bir məmurun Fizika Institutunda çalışan həyat yoldaşı, faktiki kurator olan Oktay Ələkbərovdur. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edir.
EIF-in elmsizliyə ayırdığı milyonlar
Burada bir əhəmiyyətli faktı qeyd etmək istəyirəm: məsələ heç də mənəvi yükdə deyil; ortada maddi maraq da var. 2012-ci ildə Elmin Inkişaf Fondunun (EIF) Nazim Məmmədova layihə rəhbəri kimi ayırdığı 2,5 milyon AZN qrant layihəsində (“Yeni nəsil texnologoyalar üçün spin polyarlaşmış və spin nişanlaşmış sistemlər”) Oktay Ələkbərovun da adı keçir. Görəsən əvvəllər bu mövzu üzrə işləməyən, elmdə nüfuzu olmayan Nazim Məmmədova və Oktay Ələkbərova bu qrantlar hansı əsaslarla ayrılıb?! Axı milyonlarla qrantı bu cür məsuliyyətsizliklə, işdə təcrübəsi olmayanlara ayırmaq ən azı israfçılıqdır. Almaniyada yaşayıb-işləyən Ənvər Nəhmədovun vəzifəsi isə bu pulların mənimsənilməsi üçün bir neçə məqalə yazmaqdır. Kifayətdir ki, Ənvər Nəhmədovun və Oktay Ələkbərovun son 2-3 ildəki birgə məqalələrinə nəzər salınsın.
Cənab Prezident! Xahiş edirəm ki, diqqət edin, Sizin elmin inkişafı üçün yaratdığınız Fondun pulları necə dağıdılır!!!
Görəsən Ənvər Nəhmədova guya səs vermiş adamlar heç onun özünü, üzünü görüblərmi, onu tanıyırlarmı!!! Axı onu heç Fizika Institutunda belə çoxları tanımır! Lap bu məsələni də qoyaq bir kənara!
“Məni ”çlen-kor” elə, səninlə işləyim”
On yeddi il Almaniyada işləyəsən və elmə gətirdiyin sitatlar cəmi əlli ola! Özü də elə bir sahədəki, orda fəlsəfə doktorluğu dissertasiyasını bitirməkdə olan elmi işçilər belə ən azı 100-dən yuxarı sitat yığır! Görəsən onu təyin edənlər heç bunun məsuliyyətini dərk edirlərmi!
Sitatların azlığının səbəbi ondadır ki, çap olunan işlər ortaya heç bir yeni ideya, yeni yanaşma qoymur, sadəcə əvvəllər kiminsə elədiyinin üstünə marginal, heç də əhəmiyyətli dərəcədə yeni olmayan trivial nəticə əlavə edilir! Qoy Ənvər Nəhmədov bir öz sitatlarının sayını Almaniyada işlədiyi laboratoriyada analoji vəzifə tutan başqa elmi içşilərin sitatlarının sayı ilə müqayisə etsin!!! Görəsən özünün bir məsuliyyət hissi varmı?! Oktay Ələkbərova “Məni ”çlen-kor” elə, səninlə işləyim” – deyən bu elmi işçi başqalarına isə “mən istəmirəm, Oktay məni zorla Almaniyadan çağırıb ki, gəl ”çlen-kor” ol” deyib.
Şəxsi maraqlarını hər şeydən üstün tutan Oktay Ələkbərovun təyin etdirdiyi adamlardan biri də fizika üzrə baza təhsili olmayan, yalnız bir neçə aydır direktor təsdiq olunmuş Nazim Məmmədovdur (Ümumilikdə yeddi müxbir üzvdən beşi bu şəxsin lobbiçiliyi ilə təyin edilib). Ümumiyyətlə, hər şeyin təyinatla həll olunduğu bir seçkidə belə bu şəxs özü haqqında yalan məlumat verməkdən çəkinməyib. Yuxarıda qeyd olunan elektorat üçün dərc olunmuş məlumat kitabçasında Nazim Məmmədov iddia edir ki, o, ona yaxın elmlər namizədi və doktoru yetişdirib. Bu barədə hətta AMEA-nın rəsmi saytında belə onun 60 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunması haqqında yazıda da məlumat verib. Belədirsə, qoy o, 4-5 rəhbərlik etdiyi namizəd və doktorun avtoreferatlarını nümayiş etdirsin. Özünü Osaka Universitetinin professoru hesab edən Nazim Məmmədov görəsən doğrudan da 4 (əvvəllər bu rəqəm 5 idi, görünür, kiməsə təcili “professor” rütbəsi vermək lazım gəlib) elmlər namizədi yetişdiribsə, niyə Ali Attestasiya Komissiyasından (AAK)-dan professor rütbəsini hələ də almayıb. Maraqlıdır ki, Elmin Inkişaf Fondunun indiyə qədər Azərbaycan elminə qoyduğu vəsaitin az qala üçdə biri Nazim Məmmədovun adının keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə SCOPUS-da yalnız 257 sitat var. Çox qəribədir ki, bu sitatların az qala yarısını Türkiyədə çalışan bir Azərbaycanlı alim edib. Onun məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub. Görəsən bu necə beynəlxalq konfransdır ki, bir konfrans materialında bir adamın 8-9 təqdimatını çap etdirir.
Dörd müdafiə şurasının hamısının sədri?!
Digər ilginc bir məqam, milyonlarla qrant almasına baxmayaraq, Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o, ya sonununcu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub. Elm adamları üçün cavablar çox maraqlı olardı!! Əlbəttə, müasir elm xarici alimlərlə geniş əməkdaşlıqdan keçir. Amma hər şeyin həddi var! Nazim Məmmədovun həmişə məşğul olduğu mövzu marginal bir mövzu olduğundan o, bir az aktual sahələrə baş vurmağa çalışır, gah topoloji izolyatorlara aid məqalələrə həmmüəlliflik edir, gah AMEA Rəyasət Heyətində ona qətiyyən aidiyyəti olmayan kristalloqrafiya sahəsində aktual bir bir təqdimatda həmməruzəçi kimi çıxış edir, gah da doktotluq dissertasiyaları hazır olmuş alimlərə məsləhətçilik edir.
Bax indi sual olunur: görəsən yenicə direktor təsdiq edilmiş Nazim Məmmədov elmin inkişafında hansı xidmətlərinə və hansı qiymətli tədqiqatlarına görə ən yüksək elmi rütbələrdən birinə layiq görülüb? Hansı elmi nailiyyətlərinə görə və elmi nüfuzuna görə Fizika Institutunda olan dörd müdafiə şurasının hamısının sədridir. Yeri gəlmişkən, mən heç bir müdafiə şurasında təmsil olunmuram və yeganə laboratoriya rəhbəriyəm ki, Institutun Elmi Şurasında belə təmsil olunmuram. Halbuki, həmin Elmi Şurada bir neçə elmlər namizədi, hətta bir neçə laboratoriyadan bir neçə nəfər təmsil olunur.
Çox maqarlı bir faktı da qeyd etmək istəyirəm. Nədənsə Institutda olan müşahidə kameralarının monitorinq mərkəzi Oktay Ələkbərovun otağında yerləşir. Görəsən kim ona bu əlahiddə səlahiyyətləri verib! Deyəsən doğrudan da “1984″ (Corc Oruell) uzaqda deyil.
Digər bir təəccüb doğuran fakt ondan ibarətdir ki, Oktay Ələkbərov bütün məsuliyyət həddini aşaraq, işlərini pis-yaxşı tamamlamış bəzi biçarə aspirantlardan, dissertantlardan tələb edir ki, filan elmi rəhbərinizdən imtina edin ki, mən sizi müdafiəyə buraxım, təsdiqdə probleminiz olmasın və sair. Şəxsi simpatiyası əsasında mütəmadi olaraq Institut direktorlarından (həm indiki, həm də əvvəlki direktorlardan) tələb edib ki, mənim filan adamlardan xoşum gəlmir, onları vəzifədən çıxart, işdən çıxart və sair. Məgər bu Institutu o, özəlləşdirib? Axı kim ona bu səlahiyyətləri verib? O hansı haqla təyin edilmiş direktorlara regentlik edir?
Baza fizika təhsili olmayan “fizik”
Işdən çixarmaq məsələsinə gəlincə, bir maraqlı faktı Sizin diqqətinizə çatdırmaq istəyirəm. Fizika Institituna 2002-ci ildən 2009-cu ilin yazına qədər 2007-ci ildə elmlər doktorluğundan birbaşa akademik təyin edilmiş Arif Həşimov rəhbərlik edirdi. Doğrudur, baza fizika təhsili olmayan Arif Həşimova Instituta elmi cəhətdən rəhbərlik etmək çox çətin idi, amma o, rəhbərlikdə olduğu vaxt yuxarılardan bəlli dəstənin üzvü kimi dəstək ala bildiyinə görə müəyyən abadlıq, təmir işləri həyata keçirirdi. Başqa sözlə, təmirə maliyyə vəsaitlərini ayrılmasına nail olmuşdu. Görünür, elə bu amil onun birbaşa akademik təyin edilməsində əsas olmuşdu. Bu həmin Arif Həşimovdur ki, doktorluq müdafiəsini belə dissertasiya yazmadan avtoreferat əsasında eləyib. Bu təyin olunmuş akademikin elmi işlərinə sitatların sayı hətta scholar.google.com-da belə yox dərəcəsindədir. Görəsən bu insanlar məsuliyyət hissinə niyə belə biganədirlər axı! Yoxsa fikirləşir ki, bunlara hər şey istədiklərinə, arzuladıqlarına uyğun verilməlidir!!! Başqaları on illiklər ərzində çalışır, zəhmət çəkir, elmə bacardıqları qədər sitatlar gətirir, bunlar isə bəlli dəstənin üzvü olacaqlar deyə hər şeyə sitatsız, zəhmətsiz, təyinatla nail olurlar!!! Bu nə ədalətsizlikdir axı, bu nə məsuliyyətsizlikdir axı!
Qeyri-adi “tramplin”
Akademik təyinatından sonra Arif Həşimov və Oktay Ələkbərov arasında soyuq müharibə başladı və tezliklə o, direktorluqdan uzaqlaşdırıldı. Arif Həşimovu direktorluqdan uzaqlarlaşdırmaq Oktay Ələkbərov üçün artıq ideya-fiksə çevrilmişdi. Deyilənlərə görə, Arif Həşimov Oktay Ələkbərova söz veribmiş ki, akademik təyin olunandan sonra direktorluq postunu tərk edəcək, amma layiqsiz təyinatdan sonra vədini yerinə yetirmək istəməyib. Uzaqlaşdırmaq üçün hətta onu AMEA-nın birinci vitse-prezidenti(!!!) təyin etmişdilər. Bundan sonra belə Institut direktorluğunu da əldə saxlamaq üçün Arif Həşimov müxtəlif manipulyasiyalara əl atıb, Elmi Şuranın adından Pezident Administrasiyasına müraciətlər təşkil edib ki, bu da sonda onun direktor postundan getməsi ilə nəticələnib.
Sual olunur ki, Oktay Ələkbərovun bu “prinsipallığının” arxasında nə dayanırdi? Cavab çox sadədir: Oktay Ələkbərov (və Arif Həşimov) yaxşı bilirdi ki, tezliklə Elmin Inkişaf Fondu və başqa Fondlar Azərbaycan elminə Azərbaycan şəraiti üçün külli miqdarda vəsait ayırmağa başlayacaq. Görünür, özünün yuxarılarda dəstəyi olan Arif Həşimov bu maliyyə axınına Oktay Ələkbərovun şəriksiz nəzarətinə mane ola bilərdi! Və Oktay Ələkbərov yeni direktor axtarışına çıxdı. Bir neçə sınaq variantından sonra 2011-ci ildə Nazim Məmmədov Innovasiya üzrə məhz onun üçün yaradılmış direktor müavinliyinə gətirildi və aylar sonra – 2012-ci il dekabrın sonunda isə direktor təyin edildi. Direktor təsdiq edildikdən üç ay sonra isə müxbir üzv təyin edildi. Belə çıxır ki, Oktay Ələkbərov çox qısa müddətli administrativ vəzifədən istədiyi adamı AMEA-ya üzv təyin etdirmək üçün tramplin kimi istifadə edir. Son seçkilər bu tendensiyanı bir daha təsdiqlədi, AMEA üzvləri tutduğu direktor, müavin vəzifələrindən çıxarılır, onların əzəzinə lap yenicə təyin olunmuşlar qısa bir müddət sonra AMEA-ya yeni üzv təyin olunurlar. Bir sözlə, AMEA tədricən elm ocağından daha çox direktor-müavin-rektor-prorektor-lar şurasını xatırladır.
Namiz Məmmədov müavin təyin edildikdən sonra Institutda təmir işləri həyata keçirildi, bu məqsədlə dövlət büdcəsindən bir neçə milyon vəsait ayrıldı (baxmayaraq ki, Institut 2007-2008-ci illərdə pis-yaxşı təmir olunmuşdu). Təmir işlək cihazları belə yararsız hala saldığından (hər halda istəsəydilər bunun qarşısını alardılar), EIF Nazim Məmmədovun adının keçdiyi layihələrə külli miqdarda qrantlar ayırmağa başladı. Yəqin ki, bu, maliyyə axınına nəzarət, onun hakimiyyətini möhkəmlətmək, Institutun digər işçilərini Nazim Məmmədovdan və Oktay Ələkbərovdan asılı vəziyyətə salmaq üçün həyata keçirilir. Axı, Fizika Institutunda 35-ə yaxın laboratoriya var ki, onların da çoxu müxtəlif istiqamətlərdə pis-yaxşı işləyirlər. Bildirim ki, Fizika Institutuna 2009-2012-ci illərdə formal olaraq 2001-ci ildə akademik təyin edilmiş, yaşı çoxdan 80-ni ötmüş Çingiz Qacar rəhbərlik edir (Cavad Abdinov isə direktor müavinidir, və real direktorluq onun əlində idi). 86 yaşlı bu təyin olunmuş akademik elmdə olduğu 65 il ərzində Azərbaycan elminə heç otuz belə sitat gətirməyib. Üstəlik, bu yaxınlarda ona görkəmli Azərbaycan xadimlərinin adına mükafat da təqdim olunub ki, elmi bundan sonra da daha yeni nailiyyətlərlə zənginləşdirsin??? Qeyd edim ki, Qacar-Abdinov tandemi Institut rəhbərliyinə eyni zamanda gətirilmişdi, amma nədənsə C.Qacar 2012-də istefa verəndə Cavad Abdinov istefaya getməyi “unutdu”.
Müxtəlif mənbələrdən eyni adamlar qrant alır
Yeri gəlmişkən, hazırda Azərbaycan elminə EIF-dən başqa Dövlət Neft Şirkəti də, AMEA-nin Rəyasət Heyəti də külli miqdarda qrant ayırır. Hər mənbədən qrant alanlar elə, demək olar, eyni şəxslərdir. Yuxarıda qeyd olunmuş Arif Həşimov AMEA-nin Rəyasət Heyətinin qərarı ilə az qala iki milyonluq qranta layiq görülüb (Layihənin həmrəhbəri kimi, digər həmrəhbər isə Fizika Institutunun bir elmlər doktoru olan əməkdaşıdır). Layihənin adı: “Nanostrukturlu materiallar əsasında yüksək effektivli bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində kompleks tədqiqatlar”. Bildirim ki, məlumata görə, ilk milyonluq qrant 2010-2012-ci illərdə ayrılıb, ikinci milyonluq qrant isə (burada nədənsə layihənin həmrəhbəri kimi Arif Həşimovun yerinə başqa şəxs görtərilir: səbəbini aşağıda açıqlayacağam) 2013-2015-ci illəri əhatə edir.
ardı var