«AŞ üzvü olan Azərbaycanda yüzlərlə siyasi məhbus, insan haqları ilə bağlı dəhşətli durum, avtoritar qanunlar var»
Böyük Britaniyanın tanınmış «The Guardian» nəşri Rusiya, Belarus və Azərbaycandakı repressiv rejimlərlə bağlı məqalə ilə çıxış edib. Məqalənin maraqlı hissələrini diqqətinizə çatdırırıq: «ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays 2005-ci ildə Belarusu Avropada sonuncu diktatura kimi damğalamışdı. Həmin bəyanatdan sonra Raysın söylədikləri siyasilər və beynəlxalq KİV-lər tərəfindən dillər əzbəri oldu». Bu sözlər siyasi ekspert, Belarus politoloqu Rıqor Astapena məxsusdur: «Putinin Rusiyadakı rejimi hər zaman Lukaşenkonun hakimiyyətindən daha az təhlükəli, mötədil sayılırdı. Amma hazırda hər iki rejimin düşünüləndən də çox oxşar cəhəti var». Astepana görə, Rusiyada insan haqlarının pozulması Belarusla bir sıra aspektlərinə görə oxşardır. Onun fikrincə, ölkədə siyasi məhbusların sayının artması, siyasi rəqiblərə qarşı hücumlar nəzərə alınarsa, Rusiyada vəziyyət durmadan pisləşir: «İqtisadi azadlıqlar baxımından isə Rusiya ilə Belarus oxşar olaraq qalır. Baxmayaraq ki, Belarusdan fərqli olaraq Rusiya 2012-ci ildə ÜTT-yə üzv qəbul olunub. Hər iki dövlət korrupsiya ilə bağlı ciddi problemlərdən əziyyət çəkir. Amma bu istiqamətdə deyəsən, Belarusdakı durum Rusiyaya nisbətən daha ürəkaçandır. «Transparency International»ın hesabatında qeyd olunur ki, korrupsiyanın vəziyyətinə görə, Belarus 123, Rusiya isə 127-ci yerdə qərarlaşıb. Belə görünür ki, Belarus heç zaman Avropada yeganə diktatura olmayıb. Avropa Şurasının üzvü olan Azərbaycanda da yüzlərlə siyasi məhbus, insan haqları ilə bağlı dəhşətli durum, avtoritar qanunlar var. Onu da qeyd etmək vacibdir ki, Belarus və Azərbaycanda olan avtoritarizm hər iki xalqın problemi olsa da, avtoritar Rusiya region üçün təhlükə mənbəyi olaraq qalır».
Belarus politoloqu hesab edir ki, hazırda postsovet məkanında baş verənlər Qərb siyasətçiləri üçün siqnal olmalıdır. Baş verənlər sübut edir ki, Qərbdə ümid bəslənildiyi kimi Rusiya Belarusu demokratikləşdirmək niyyətində deyil. Ona görə Qərb keçmiş SSRİ ölkələri ilə viza rejimini sadələşdirməli, demokratiya və insan haqlarının müdafiəsində vətəndaş cəmiyyətlərinə dəstək olmalıdır».
azadliq.info