Sebastyan Kurts insan haqlarına hörmət istədi; Məmmədyarov hirsləndi; hökumətyönlü media hücuma keçdi
Avstriya xarici işlər naziri Sebastyan Kurtsun Azərbaycana səfəri zamanı insan haqları sahəsindəki problemləri müzakirə etməsi Avstriya mətbuatının da diqqətindən yayınmayıb. Derstandard nəşrinin yazdığına görə, XIN başçısının Ermənistana və Gürcüstana səfərləri problemsiz keçsə də, Azərbaycanda vəziyyət fəqrli olub.
Qəzetin yazdığına görə, Avropa üçün potensial tərəfdaş olan neflə zəngin Azərbaycanda insan haqları sahəsində vəziyyət ürəkaçan deyil. Hökumət dissidentlərə qarşı sərt davranır, siyasi məhbusların sayı artır.
Nəşr yazır ki, Avstriyanın XIN başçısı Bakıda həmkarı Elmar Məmmədyarovla da bu mövzuda danışıb. Hər iki nazirini birgə mətbuat konfransında Avstriya XIN başçısı insan haqları sahəsində vəziyyətin bundan sonra yaxşılaşacağına ümud etdiyini dilə gətirib.
Mətbuat konfransı həm də qalmaqalla yadda qalıb. Elmar Məmmədyarov Avstryalı jurnalistlərin ölkədə insan haqlarının pozulması ilə bağlı suallarından qəzəblənib. O, həmçinin Avstryalı jurnalist Yutta Bauerin Azərbaycana buraxılmaması ilə bağlı suallara da əsəbi tonda cavab verib. “Azərbaycanı insan haqlarının pozulmasında ittiham etməzdən əvvəl mən avstriyalı jurnalistlərə məsləhət görərdim ki, regionun digər ölkələrindəki, hətta Avropadakı vəziyyətlə tanış olsunlar. Avropa Ittifaqının fundamental prinsiplərindən biri qanunun aliliyinə hörmət etməkdir. Əgər jurnalist başqa ölkənin ərazisinə qanunsuz daxil olursa, bu, qanunun pozulmasıdır. Siz başqa ölkələrin qanunlarına hörmət etməlisiniz və Avropa institutlarının arxasında gizlənməməlisiniz”, – deyə Elmar Məmmədyarov bildirib.
Azərbaycanlı hökumətyönlü jurnalistlər isə Sebastyan Kurtsu ikili standartda ittiham ediblər.
İnformasiya şöbəsi