Elton Quliyev: «İstintaq bu addımıyla təsdiqləyir ki, həmin şəxs Seymura hücum edib»
Hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzi vəkili Elton Quliyevlə görüşüb. Bu barədə “Azadlıq”a məlumat verən vəkil bildirib ki, jurnalistin əhval-ruhiyyəsi yaxşıdır, saxlanma şəraitindən də narazılığı yoxdur.
“Seymur dostlarının hamısına salam söyləyir”, – deyə vəkil qeyd edib.
Elton Quliyev bir daha vurğulayıb ki, Seymur Həziyə qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur: “Biz rəsmi şəkildə vəsatət vermişik və bildirmişik ki, burada xuliqanlıq əməli yoxdur. Çünki xuliqanlıq motivsiz cinayətdir, belə qəbul olunub. Xuliqanlıq edən şəxsin məqsədi, niyyəti yalnız ictimai qaydanı pozmaq, cəmiyyətə hörmətsizlik etmək, insanlar arasındakı formalaşmış dəyərlərə saymazyanalıq nümayiş etdirmək və s. olmalıdır. Ancaq Seymur Həzi motivsiz hərəkət etməyib. Ona qarşı hücum olub. Mən vəsatətdə də qeyd etmişəm ki, kimisə xuliqanlıqla məsuliyyətə cəlb etmək lazımdırsa da, bu, Seymur Həzi yox, digər şəxs olmalıdır, yəni, ona hücum eləyən. Çünki heç bir səbəb olmadan küçənin ortasında, camaatın yanında, ictimai yerdə ona yaxınlaşıb vurmağa başlayıb. Seymur da ondan canını qurtarmaq üçün özünü müdafiə edib. Əlindəki şüşə qabı onun başına hücumlarından özünü müdafiə etmək, əlindən qurtulmaq üçün vurub. Buna görə də vəsatəti məhkəməyə təqdim edəndə yeganə xahiş kimi onu qoymuşuq ki, Seymur Həzi barədə cinayət təqibinə xitam verilsin. Çünki o, zəruri müdafiə həddində hərəkət edib, həddini aşmayıb və nəticələr də göz önündədir. Onun müdafiəsi adekvat müdafiə hesab edilməli, barəsində cinayət təqibinə xitam verilməlidir”.
Seymur Həziyə hücum edən Məhərrəm Həsənovun da bugünlərdə həbs olunması məsələsinə toxunan vəkilin sözlərinə görə, istintaq bu addımla dolayısıyla müdafiə tərəfinin mövqeyini təsdiqləmiş oldu: “Əgər həmin şəxsin həbsi barədə məlumat doğrudursa, bu, bizim mövqeyimizi bir daha möhkəmləndirir və təsdiqlənir ki, bu adam Seymur Həziyə hücum edib”.
Xatırladaq ki, Seymur Həzi avqustun 29-da həbs olunub. O, Ceyranbatan qəsəbəsində yerləşən evlərindən çıxıb gələrkən Məhərrəm Həsənov adlı birisi yaxınlaşaraq, “facebook”da ona göndərdiyi mesaja niyə cavab vermədiyini soruşub. Seymur Həzi də öz növbəsində bildirib ki, belə bir mesaj görməyib, ola bilsin, diqqətindən yayınıb, imkan olan kimi cavab yazacaq. Bu cavabla kifayətlənməyən Məhərrəm Həsənov Seymur Həziyə hücum edib. Belə olan halda, jurnalist də özünü müdafiə etmək məcburiyyətində qalıb. Hadisə yerindən uzaqlaşanda isə ətrafda dayanmış polislər Seymur Həzini həbs edib. Jurnalistə qarşı CM-nin 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşya vasitəsilə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülərək, ilkin istintaq dövrü üçün barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Seymur Həziyə qarşı baş verənlərin əvvəlcədən hazırlanmış təxribat olduğu şübhə doğurmur. Məsələ burasındadır ki, ona həbsindən təxminən bir həftə əvvəl tutulacağı haqda xəbərdarlıq edilmişdi.
Ramin DEKO