Qubad İbadoğlu: «Düşünmürəm ki, Avropa Birliyi Azərbaycanda baş verənlərlə bağlı susqun mövqe sərgiləyir»
Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sentyabrın 8-də Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ilə görüşüb. AB-nin yaydığı məlumatda deyilir ki, görüşdə məqsəd AB-nin vətəndaş cəmiyyətinə ölkə hakimiyyətinə tərəfdaş kimi verdiyi dəyəri vurğulamaq olub. Görüşdə vətəndaş cəmiyyətinin fəaliyyəti, son vaxtlar tanınmış insan haqları fəallarına təzyiqlər müzakirə olunub. Görüşdə Füle Azərbaycanda vətəndaş cəmiyyətinin demokratik islahatların irəli aparılması, islahat prosesinin dəstəklənməsi və hökumətdən hesab sorulmasında vacib rol oynadığını vurğulayıb: «Siz demokratiyanın və hüququn aliliyinin irəlilədilməsi, fundamental azadlıqların müdafiəsində mühüm rol oynayırsınız. Avropa Birliyi, sizin məhdudiyyətlərə baxmayaraq göstərdiyiniz əzmkarlığı yüksək dəyərləndirir. Biz durumu yaxından izləyirik və dəfələrlə QHT qanunvericiliyinə dəyişikliklər, həbslər, vətəndaş cəmiyyətinin tanınmış üzvlərinə həbs cəzalarından narahatlığımızı bildirmişik. İctimai müzakirə və fərqli fikirlər sabit demokratiyanın tərkib hissəsidir və onlara hədə kimi baxılmamalıdır. Məhz buna görə də biz Azərbaycanın vətəndaş cəmiyyətini dəstəkləmişik və dəstəkləyəcəyik. Bu məqsədlə Avropa Birliyi Azərbaycan vətəndaş cəmiyyətinə, demokratiya və insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə 3 milyon avro ayırıb».
Qapalı keçirilən görüşdə Füle və vətəndaş cəmiyyəti nümayəndələri mövcud durumu müzakirə edib.
Görüşdə iştirak edən QHT rəhbərlərindən Qubad İbadoğlu açıqlamasında bildirib ki, görüş qapalı keçirildiyindən, detallar barədə açıqlama verməyəcək. Bununla belə, o qeyd edib ki, görüşdə ölkədəki ümumi problemlərlə bağlı məsələlər müzakirə olunub və o, mövcud durumla bağlı çıxış edib: “Ölkədəki vəziyyət barədə geniş təəssürat yaratmağa çalışdım. Vətəndaş cəmiyyətinin indiki vəziyyəti ilə bağlı fikir mübadiləmiz, müzakirəmiz oldu. Vətəndaş cəmiyyəti olaraq yaranmış problemlərdən danışdıq. Həmçinin perspektivlər barədə danışdıq. Biz eyni zamanda, həmkarlarımızın həbsindən narahat olduğumuzu bildirdik. Qarşı tərəf də qeydlərini götürdü”.
Fülenin Azərbaycanda olarkən ölkədəki mövcud durumla bağlı bəyanatının olduğunu deyən Q.İbadoğlu vurğuladı ki, AB Azərbaycanla bağlı siyasətini davam etdirmək əzmindədir. Yəqin ki, bundan sonra da AB ölkədə baş verənlərlə bağlı hakimiyyət sərt mesajlar verəcək. «Düşünmürəm ki, Avropa Birliyi Azərbaycanda baş verənlərlə bağlı susqun mövqe sərgiləyir. Hesab edirəm ki, onlar durumun yaxşılaşmasına töhvə vermək üçün addımlar atacaqlar. Ola bilər ki, gözləntilər çox böyükdür və həmin gözləntilərin müqabilində atılan addımlar adekvat sayılmaya bilər. Amma düşünürəm ki, Avropa Birliyinin Azərbaycandakı durumun yaxşılaşması istiqamətində atdığı addımlar kifayət qədər əhəmiyyətlidir».
Görüşün başqa bir iştirakçısı Zaur Əkbər isə qəzetimizə bildirib ki, 3 saata yaxın çəkən görüşdə əsas müzakirə mövzusu son zamanlar vətəndaş cəmiyyəti fəallarına qarşı olan həbslər olub. Zaur Əkbər ölkədəki vəziyyətə görə Qərbin də məsuliyyət daşıdığını bilirib və ölkədə günbəgün siyasi məhbusların artdığını vurğulayıb. Təklif edib ki, gənclərə dəstək olaraq siyasi səbəblərə görə universitetlərdən qovulan tələbələrin Avropa univeristetlərində təhsil almasına şərait yaradılsın.
Oeyd edək ki, görüşdə vətəndaş cəmiyyəti təmsilçilərindən Arzu Abdullayeva, Vüqar Bayramov, Əliməmməd Nuriyev, Fuad Həsənov, Şəhla İsmayıl, Zaur Əkbər və Xalid Bağırov iştirak ediblər.
Xəyal