Vəfa Quluzadə: «Gürcüstan digər keçmiş sovet ölkələrindən bir addım irəlidir»
“Putinin Ukraynaya təcavüzü ABŞ və Gürcüstanı hərbi əməkdaşlığı gücləndirməkdə qətiyyətli edir” – bunu ABŞ-ın müdafiə naziri Çak Hegel Tbilisidə deyib. Hegel NATO-nun Uelsdəki sammitini Gürcüstanın NATO-ya qoşulmaq səylərinin əsası adlandırıb. O bildirib ki, ABŞ Krımın, eləcə də Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır.
ABŞ və Gürcüstanın müdafiə nazirlərinin görüşündə iki ölkənin gələcək hərbi əməkdaşlığı məsələləri razılaşdırılıb. “Bizim məqsədimiz bu sıx əməkdaşlığı inkişaf etdirmək və genişləndirməkdir”, – deyə Pentaqonun başçısı bildirib.
Gürcüstanın müdafiə naziri Alasania da öz növbəsində ölkəsinin ABŞ-ın strateji tərəfdaşı və etibarlı müttəfiqi olduğunu vurğulayıb. Qeyd edək ki, Çak Hegel sentyabrın 6-da Tbilisiyə rəsmi səfərə gəlib. O, sentyabrın 7-də Gürcüstanın prezidenti və baş naziri ilə görüşüb.
Maraqlıdır, ABŞ müdafiə nazirinin Cənubi Qafqaza səfərini niyə yalnız Gürcüstanla məhdudlaşdırır? Azərbaycan da NATO ilə hərbi əməkdaşlığa can atmalıdırmı? Bu suallara politoloq Vəfa Quluzadə ilə aydınlıq gətirməyə çalışdıq.
Politoloq deyir ki, Gürcüstan NATO ilə uzun müddətdir yaxından əməkdaşlıq edir. Bu dövlət NATO-ya daxil olmaq arzusunu bəyan edib və buna görə də ABŞ-ın müdafiə naziri ora səfər edir: “Bu baxımdan, Gürcüstan digər keçmiş sovet ölkələrindən bir addım irəlidir. Çünki keçmiş sovet ölkələri yalnız sülh naminə tərəfdaşlıq proqramında NATO ilə əməkdaşlıq edirlər. Digər tərəfdən, Gürcüstan bütün keçmiş sovet ölkələri üçün Türkiyə üzərindən Avropaya çıxışdır. Rusiya Gürcüstanı ram eləsə, başqaları barəsində heç düşünmək lazım olmayacaq”.
Vəfa Quluzadə qeyd edir ki, o zaman Rusiya “Bakı-Tbilisi-Ceyhan”a, TANAP-a, başqa kommunikasiya layihələrinə də nəzarət edəcək.
Gürcüstanın Qərb üçün çox əhəmiyyətli olduğunu vurğulayan politoloq əlavə edir ki, bu səbəbdən də həmin ölkəyə xüsusi olaraq yardım edilir.
Nigar