Əsabəli Mustafayev: «Dedilər, istintaq gedir, həbsdə qalmalıdır»
Dünən Bakı Apelyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının şikayətinə baxıb. Vəkil Əsabəli Mustafayev “Media forum”a açıqlamasında deyib ki, proses A.Hacılının iştirakı ilə keçib:
“Ilk dəfədir onu məhkəməyə əliqandallı gətirdilər. Lakin dəmir barmaqlıqlar arxasında deyil, vəkillərin yanında oturtdular. Arif Hacılının həbs cəzasının ev dustaqlığı ilə əvəzlənməsi üçün Səbayel Rayon Məhkəməsinə müraciət etmişdik. Məhkəmə müraciətimizi təmin etməmişdi. Səbayel Rayon Məhkəməsinin qərarının ləğvi üçün Bakı Apelyasiya Məhkəməsinə üz tutduq. Lakin bu gün hakim heç bir əsas göstərmədən şikayəti təmin etmədi və Səbayel Məhkəməsinin qərarını qüvvədə saxladı. Məhkəmədə iştirak edən prokurorlar da Arif Hacılının həbs cəzasının ev dustaqlığı ilə əvəzlənməsinə niyə razı olmadıqlarını əsaslandıra bilmədilər, sübut təqdim etmədilər. Yalnız onu dedilər ki, istintaq gedir və ona görə də Arif Hacılı həbsdə qalmalıdır”.
Ə.Mustafayevin sözlərinə görə, ölkənin 18 ictimai-siyasi xadimi, bir necə baş redaktor A.Hacılını zaminə götürmək üçün müraciət imzalayıb: “Müraciəti imzalayanlar Arif Hacılının qaçıb gizlənməyəcəyinə, təkrar cinayət törətməyəcəyinə zamin dururlar. Həmin müraciəti də məhkəməyə təqdim etdik. Lakin heç bir faydası olmadı”.
Prosesdə A.Hacılı da çıxış edib. O deyib ki, təkrar cinayət törədəcəyi, qaçıb gizlənəcəyi və istintaqa təsir edəcəyi haqda deyilənlərin heç bir əsası yoxdur: “Mən heç bir cinayət törətməyəcəyimə, qaçıb gizlənməyəcəyimə, istintaqa təsir etmək imkanım olmadığına görə bu istiqamətdə heç bir addım atmayacağıma söz verirəm. Mən vaxtilə daha ağır cinayətdə, hətta dövlət çevrilişində ittiham olunmuşam. Amma heç vaxt qaçıb gizlənməmişəm. Mən ailə başçısıyam. Öz ailəmi atıb heç bir yerə getmək, gizlənmək fikrim yoxdur. Mənim qaçıb gizlənəcəyimi deyən prokurorlar hansı səbəblərə görə belə qənaətə gəldiklərini əsaslandırmalıdırlar”.
Vəkil bildirib ki, A.Hacılının girov müqabilində zaminə buraxılması üçün məhkəməyə müraciət edəcəklər.