Şahvələd Çobanoğlu
Bütün dünyaya, bütün qanunlara, bütün dəyərlərə məhəl qoymamaq məgər uğurdur?
Siyasi həbslər davam edir və növbə bu ölkədə həbsə bəlkə də ən hazırlıqlı adam olan Seymur Həziyə çatdı. Seymur bəyi illərdir tanıyıram. Hər ikimizin də gözləri qıyıqdır, amma təvazökarlıqdan uzaq görünsə belə, deyə bilərəm ki, bu ölkənin dərdlərinə ikimiz də kifayət qədər geniş baxa bilənlərin cərgəsindəyik. Elə bu da kifayət qədər yaxın olmağa bəs edir. Illərdir eyni qəzetdə yazırıq, “Azərbaycan saatı”nda da tez-tez onun qonağı olurdum. Indi Seymurun cəsarətindən, gördüyü işlərdən və arzularından danışmağa ehtiyac duymuram, çünki niyə həbs olunduğu hər şeyi deyir.
Amma illər öncə gördüyüm bir hərəkətini həmişə danışıram. Jurnalistlərin piketi idi, polis aksiyanı dağıdıb bizi dövrəyə almış, maşına dolduraraq bölməyə aparmağa çalışırdı. Artıq mən də daxil olmaqla bir neçəmiz polis maşınında idik və maşının ətrafında bir dartışma vardı, çünki daha kimlərisə saxlamaq istəyirdilər. Bu zaman aksiyaya gecikmiş Seymur Həzinin uzaqdan gəldiyini gördüm. Çox səliqəli və ütülü geyinmişdi, əlində qara çanta vardı. Qarışıqlığı görüb bir anlığa dayandı və birdən polis maşınına tərəf qaçdı, gözləmədən əlindəki çantanı jurnalistlərdən birinə verib, özü polis maşınına oturdu və polislərə qışqırdı: “Yaxşı, maşın doldu, qapıları bağlayın gedək”. Polislər də elə bil çaşdılar, bu zaman dartışma da bitdi, başqa heç kimi saxlamadılar.
Elə o gündən əmin idim ki, Seymur həbsə çox hazırdır. Bilirdi ki, cinayətkar rejimlə üz-üzədir və taleyin bu üzünü həmişə gözləməlidir. Başına torba keçirilib oğurlandıqdan sonra Seymurun söylədiyi sözlər bəlkə də hamımızın yadından çıxıb: “O an yalnız bir şeyi düşünürdüm, sanki erməni əsirliyindəyəm və hər şeyə hazır olmalıyam!”
Bütün bunları təkcə Seymur Həzini tanıtmaq üçün söyləmirəm…
Bu həbslər Seymurun və həbsdə olan digərlərinin, həbsdən çəkinməyərək yoluna davam edənlərin mübarizəsidir. Həbslər təkcə mübarizənin nəticəsi deyil, həm də mübarizənin özüdür, mübarizənin davam etməsidir.
Biz öncə ictimai fəalların həbsini cinayət kimi qiymətləndiririk, bu rejimin ölkəyə etdiyi zülmün ən bariz nümunəsi kimi dəyərləndiririk. Hər kəsin azadlığını tələb edirik. Bu həbslərin proseslərə vurduğu zərbəni də deyirik. Amma bu həbslərin arxasında bir mübarizənin, dirənişin olduğunu da görməmək mümkün deyil. Repressiyaların güclənməsi ona gətirib çıxardı ki, bu gün siyasi həbslər siyasi mübarizənin ən geniş cəbhəsidir. Ona görə ki, bu hakimiyyətin oğru və yalan siyasətinə tabe olmaq istəməyən çox sayda insan var və onlar həbs olunmaq təhlükəsinə tabe olmurlar.
Indi hamı Azərbaycan hakimiyyətinin yeni həbslər dalğasına izah tapmağa çalışır. Müxtəlif versiyalar söylənilir, üstəlik, bilmədiyimiz səbəblər, planlar və təlaşlar da ola bilər. Bəli, 100-dən çox siyasi məhbus var, çox sayda tanınmış şəxs həbs olunub. Həmişə siyasi həbslər olur, amma bu dəfə, necə deyərlər, siyasi həbslərin “riyazi kubudur”. Bütün simvolik qırmızı xətlər keçilib. Odur ki, başqa bir nəticə də ortaya çıxıb (sanki bumeranqın ikinci başı kimi): son həbslərdən sonra bu hakimiyyət 100 siyasi məhbusu həbsdə saxlayan rejimə çevrilib, özünün avtoritar mahiyyətini tam açmağa məcbur olub. Bu, ağrı və əzablarla, fədakarlıqlarla, məhrumiyyətlərlə, bir çoxlarının şəxsi həyatına təhlükələrin yaranması ilə başa gəlib, amma siyasi nəticədir. Azərbaycan hakimiyyəti nə qədər özünü dünyada heç kimi vecinə almayan bir qüvvə kimi aparsa da, bu, onun üçün asan nəticə deyil.
Imitasiya ilə pərdələnmək dövrü çox uzaqda qaldı. Artıq Ilham Əliyevin və Azərbaycanın yeni adı var. Ilham Əliyev siyasi məhbuslar ölkəsinin repressiv başçısıdır, Azərbaycan isə diktatura ölkəsi. Ola bilsin, Azərbaycan hakimiyyəti bu həbslərlə hansısa problemlərini həll etmək istəyir, amma daha böyük bir problem yaradıb özünə. Özü də xalis siyasi problem – siyasi həbslər problemi.
Siyasi müxalifət, vətəndaş cəmiyyəti, ictimai fəallar bu həbslər olmadan da çox məhdud imkanlar sahib idi, həbslər bu imkanları ciddi şəkildə zəiflətmir, amma bu hakimiyyətin yeni obrazı yaranıb. Bütün dünya gördü ki, Putinin Ukraynaya qarşı sərgilədiyi tərzi Ilham Əliyev öz xalqına, öz cəmiyyətinə qarşı sərgiləyir. Heç nəyə məhəl qoymadan addımlar atmaq hər iki halda bütün dünyanın izlədiyi əsas tərzdir. Məgər bu, uğurdur?