Ölkədəki bu tuthatut, bəlkə də, tarixə yaşadığımız yüzilliyin ikinci “37″-si kimi düşəcək. Yenidən intellektualların kütləvi ov mövsümü başlanıb. Eynilə, qanundankənar brakonyerlikdə olduğu kimi. Yolda, küçədə, evdə, kimi harada fürsət düşdü ovlayıb götürürlər. Səbəb axtarmaq üçün çox dərinə getməyə dəyməz. Hər şeyi 37-dəki kimi təyinatlı ”troyka” həll edir. Zaman baxımından 77 il uzaqda qalan o illərin vahiməli ab-havasını hər gün xatırladan mühüm bir mexanizm də var həmin “troyka”nın əlində – “konspektli” media. Ölkənin informasiya məkanını osminoq kimi caynağına almış bu media orqanları insanların beynini yumaq üçün ən cılız və ən ucuz yollara belə baş vururlar…
Ənənəvi olaraq, yenə məlum saytlardan qarşıma çıxan ilk xəbər ingilis şahzadəsi Harrinin “Miss Edinburgh” gözəli Kamilla Terloy ilə yaşadığı eşq macəraları haqqındadır. Onların hansı barda görüşdükləri, yaxta ilə haralara üzdükləri, necə əyləndikləri… Belə məşhurların romantik həyatı ilə işim yoxdur. Kim üçün maraqlıdır, gen-bol yazsın hər gün. Amma məsələ eyni saytın və bənzər media orqanlarının ölkənin ən önəmli hadisələrinə bir kəlmə də olsun, yer verməməsindədir. Üç gündür Azərbaycan mediasının ən nüfuzlu imzalarından biri olan Seymur Həzi həbs olunub, amma həmin portalların cınqırı çıxmır. Gündəlik nə tirajladıqlarını da bilirsiniz – rəsmi qurumların mövqeyini əks etdirən sovetsayağı yazılar, bir də düşük şou və təcavüz xəbərləri…
Əslində, Harri ilə Kamillanın adı keçən xəbəri boşuna xatırlatmadım. Yadınızda olar bəlkə, həmin bu Kamilla vaxtı ilə şahzadə Diananın himayə etdiyi “The Halo Trust” təşkilatının aparıcı əməkdaşlarından biridir. Həmin təşkilat ki, 2000-ci ildən işğal olunmuş Qarabağ ərazilərində qanunsuz şəkildə minatəmizləmə işləri aparır. Elə bu fəaliyyətinə görə də Azərbaycan hökuməti onu “qara siyahı”ya salıb. Bu hay-küy çıxanda “The Halo Trust”ın Seymurun doğulduğu Laçın rayonunda da təmizləmə işlərinə xüsusi diqqət ayırdığı yazılmışdı. Təşkilatın Qarabağ üzrə layihə rəhbəri demişdi ki, onların şirkəti Təzəkənd kəndinin ərazisini minalardan təmizləyir. O, kənddə 50 hektara qədər ərazinin minalardan təmizlənməsinə ehtiyac duyulduğunu bildirərək, bu işlər başa çatdıqdan sonra kənddə yaşayan 105 nəfərin rahat nəfəs alacağını vəd etmişdi.
Bax, sözümün canı odur ki, Seymur kimi intellektualı şərləmək, əlindəki plastik su qabını soyuq silah kimi rəsmiləşdirib, onu xuliqanlıqda ittiham etmək çox asandır. Siz əsl işğal olunmuş torpaqlarımız haqqında pafoslu nitqləri kənara qoyub, “The Halo Trust” kimilərin xuliqanlığına son verin! Verə bilərsinizsə əgər! Bəs vaxtaşırı saxta vətənpərvərlik çığır-bağırı ilə baş-beynimizi aparan media təmsilçilərinin qeyrət damarı harda qaldı” Bəs siz niyə, öz dediyiniz kimi, “erməni dəyirmanına su tökən” bu Kamillanı belə sevə-sevə reklam edirsiniz? Dərddən qan ağlayan bu ölkədə kimin nəyinə gərəkdir o qızın Harri ilə haralarda oturub-durduğu axı”..
Doğrudan da, biz “vətən xainləri”, “milli satqınlar”, “ünsürlər”, “xuliqanlar”, “xalq düşmənləri” kimi ifadələri daha çox sovet tarixindən eşitmişdik. Indi öz ləyaqətli intellektuallarımızı gözümüzün önündə həmin damğalarla şərləyib, həbsxanalara doldururlar. Amma bu repressiya və həbslərin tək günahkarı onu həyata keçirənlər deyil ki. Susan çoxluq, yaltaq və ələbaxan yazarlar ordusu, qorxaq alimlər, qəpik-quruş müqabilində kölələşən məddah sənətçilər… Ağır zamanlar keçib gedəcək, şübhəsiz. Bu ölkə insanın taleyində nə qədər dərin yaralar açmış olsa da, qapanacaq o qara səhifələr. Lakin günlərin birində tarix hər kəsi öz adıyla çağıracaq. Kimsə o gün həmin yazılı tarixin hansı lənətli səhifəsində yer alacağını unutmasın!