Ramiz Mehdiyevin KİV rəhbərlərilə müşavirəsinin gerçək səbəbləri
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin KIV rəhbərləri ilə açıq-qapalı görüşünün gerçək səbəbləri barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib.
Müşavirədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Səadət Yusifova, dövlət orqanlarının mətbuat xidmətlərinin və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KIV) rəhbərləri iştirak ediblər.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, KIV rəhbərləri və dövlət orqanlarının rəsmi şəxslərinin iştirakı ilə keçirilən toplantının əsas məqsədi Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır. Mehdiyev çıxışında KIV-lərə xəbərdarlıq etməyi də unutmayıb.
Qeyd edək ki, bu görüşdən əvvəl “Azadlıq” qəzeti fövqəladə hallar naziri Kəmaləddin Heydərova xəbərdarlıq edilməsi barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, “fövqəlnazir”in nəzarətində olan media orqanlarında hakim ailə və özü istisna olmaqla digər məmurların tənqid olunması hakimiyyət dəhlizlərində ciddi müzakirəyə səbəb olub. Xüsusilə Kəmaləddin Heydərovun iqtidardakı rəqibləri vaxtaşırı “fövqəlnazir”in nəzarətində olan media orqanlarında tənqid hədəfinə çevrilmələrindən narazılıq ediblər. Narazılıqlarını birinci şəxsin də diqqətinə çatdırıblar. Bundan sonra Kəmaləddin Heydərova bildirilib ki, nəzarətində olan media orqanlarında istənilən hakimiyyət təmsilçisi barədə tənqidi materialın verilməsi qəbuledilməzdir. “Fövqəlnazir”ə bildirilib ki, bundan sonra bu məsələyə ciddi diqqət yetirməli, həmin media orqanları bütövlükdə hakimiyyətin maraqlarına xidmət etməlidir.
Redaksiyamıza daxil olan məlumata görə, Ramiz Mehdiyevin KIV rəhbərləri ilə görüşünün əsas səbəblərindən biri də məhz budur. Görüşdə yalnız rəsmi qəzetlərin və oliqarxların nəzarətində olan media quruluşlarının rəhbərlərinin iştirakı da təsadüfi deyil. Ramiz Mehdiyevin xəbərdarlığı da əslində oliqarxların nəzarətində olan media orqanlarının rəhbərlərinə idi. Məlumatda bildirilir ki, artıq hakimiyyət oliqarxların nəzarətində olan media orqanlarının yarımmüstəqil fəaliyyət göstərməsini istəmir. Yəni, hakimiyyət “müstəqil media” imitasiyasına son qoymağı düşünür. Çünki hazırda Azərbaycan iqtidarı çətin dövrlərini yaşayır. Repressiyaların şiddətlənməsi də bunun təzahürüdür. Belə bir vəziyyətdə hansısa oliqarxın nəzarətində olan media orqanları vasitəsilə rəqiblərini hədəfə almaqla iqtidardakı ziddiyyətləri daha da dərinləşdirməsi hakimiyyət üçün acı nəticələrə səbəb ola bilər.