Dünyada vəziyyətin gərginləşməsindən sui-istifadə edən hökumətimiz repressiyaları ardıcıl şəkildə davam etdirir. “Azadliq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Seymur Həzi uydurulmuş ittihamla həbs olundu. Aydındır ki, bu həbsin hədəfi birbaşa AXCP, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramıdır. Seymur bəyin hakimiyyətin hər bir addımını ifşa edən dərin analizlərinə, kəskin teleçıxışlarına, facebookda yazdığı statuslarındakı öldürücü ironiyaya tab gətirə bilmədilər. Әsəbləri dözmədi. Seymur bəyin həbs qərarı çoxdan verilmişdi. Özünü xəbərdar etmişdilər. Uğurlu bəhanə axtarırdılar, tapa bilmədilər, ona görə də heç bir bəhanəsiz tutdular.
Desəm ki, Seymur bəy AXCP-də böyüyüb, formalaşıb, məncə, səhv etmərəm. O, partiyaya faktiki qoşulanda, rəsmi üzvlük üçün yaşı çatmırdı. Sonradan 5 ilə yaxın bir müddətdə AXCP Gənclər Komitəsinə rəhbərlik etdi. Möhkəm əqidəli, ideallarına və prinsiplərinə sədaqətli bir şəxsiyyətdir. Nə həbs, nə də digər məhrumiyyətlər onu əyə, yolundan döndərə bilməz.
Seymur bəy həbsi demək olar ki, şüurlu seçdi. Leyla xanımın həbsindən sonra ona – həbsxanaya yazdığı məktubda belə qeyd edirdi:
“Siz “Azərbaycan saatı”na müsahibənizdə demişdiniz ki, 25 ildir həbs olunmağınızı gözləyirsiz. Mənim anam bunu eşidib, qəribə bir reaksiya verdi: “Hamı bizim kimi gözləyir”…
Sizin həbs xəbərinizdən sonra, o, mənə artıq “ehtiyatlı ol” demir. Yəqin ki, bunu öz qüruruna sığışdırmır. O, artıq anlayır ki, oğlunun yeri bu böyük həbsxana deyil, sizin yanınızdır”.
Seymur bəyi həbslə hədələyənlər həbs olunmamaq üçün ona “çıxış yolu” da təklif edirdilər. Ya ölkəni tərk etməli, ya da heç olmasa mübarizənin ön cəbhəsindən müvəqqəti də olsa, çəkilməli idi. Seymur bəy bu “çıxış yolundan” istifadə etmədi. Nəinki mövqeyini, heç ritorikasını da dəyişmədi.
Azərbaycan öz tarixinin ən çox utanc verən dövrlərindən birini yaşayır. İndi bu ölkədə ləyaqətli, şəxsiyyətli, ədalətpərəst, azadlıqsevər, məğrur, Azərbaycanı sevən, Azərbaycan üçün çalışan insanlar hökumətin hədəfindədir.
Seymur bəy optimist dostlarımızdandır. O da mənim kimi inanır ki, rəzalətin meydan suladığı, şərin at belində olduğu indiki dövr müvəqqətidir. Bu kütləvi ədalətsizlik toplumun vicdanını oyadacaq, oyatmalıdır!.