Həsrətlə “12-ci Qızıl Ordu”nu gözləyənlər sevinməyə tələsməsinlər
“Rəsmən təsdiq olundu ki, Rusiyanın sayı 1000 nəfərdən artıq olan nizami ordu hissələri çoxlu sayda zirehli texnika ilə Ukrayna sərhədlərini keçərək “Donetsk separatçıları” adı altında Ukraynanın bir şəhərini və bir neçə yaşayış məntəqəsini işğal edib.
Әvvəlcədən də məlum idi, Rusiyanın hazırki rəhbərliyi ölkəni elə çətin dalana salıb ki, indi onun qarşısında yalnız çətin seçimlər var. Ya geri çəkilərək, Ukraynanın şərqində özünün savaşa cəlb etdiyi separatçıların labüd məğlubiyyəti ilə barışıb, əvəzində Qərblə münasibətlərin tədricən düzəlməsinə, iqtisadi sanksiyaların yüngülləşməsinə çalışacaqdı və bu halda Putinin reytinqi ölkə daxilində ciddi şəkildə düşəcəkdi, ya da sanksiyaların sərtləşməsini də gözə alaraq, separatçılara dəstəyi ciddi şəkildə artırmaqla, onları labüd hərbi məğlubiyyətdən qoruyacaqdı ki, ölkə daxilində rejimin populyarlığını saxlamaq mümkün olsun.
Məlum olur ki, Rusiya hökuməti seçimini etdi. Nəticələrini gözə alıb, Ukraynaya hərbi müdaxiləni artırmaq qərarı verdi. Dərhal xəbərdar edim ki, həsrətlə “12- ci Qızıl Ordu”nu gözləyənlər sevinməyə tələsməsinlər. Rusiyanın Ukraynada əldə edəcəyi hərbi uğurlar yalnız Pirr qələbəsi olacaq.
Әvvəla, Rusiya işğalı rəsmiləşdikcə, nəinki Rusiyanın siyasi təcridi güclənəcək, üstəlik iqtisadi sanksiyalar da sərtləşəcək və deməli, Rusiyanın iqtisadi tənəzzülü də sürətlənəcək. Avropa Birliyi artıq Rusiya qazından tamamilə imtina variantına nəzəri hazırlıqları başa çatdırıb və açıq bəyan edir ki, Rusiya qazı olmadan da keçinə bilər. Amma Rusiya qazını Avropaya satmadan keçinə bilməz. Rusiya açıq hərbi müdaxilə ilə Qərbdəki tərəfdarlarını, lobbiçilərini pis vəziyyətdə qoyur. Hətta Rusiyada ciddi iqtisadi maraqları olan şirkətlər və ya siyasi liderlər üçün də rusiyapərəst mövqe sərgiləmək çox çətin olacaq. Rusiya-Qərb qarşıdurmasında həlledici məqam bundan ibarətdir ki, tərəflərin iqtisadi imkanları çox fərqlidir. 2013- cü ilin nəticəsinə görə, dünya iqtisadiyyatında Rusiyanın payı cəmi 2.8 faiz olub. Sanksiyaların nəticəsində gələn il bu rəqəmin 2.5 faizə, 2019-cu ildə isə 1.8 faizə düşəcəyi gözlənilir. Belə zəif iqtisadiyyatla superdövlətlik iddiasına düşmək çox yersizdir. Bir çox nüfuzlu beynəlxalq ekspertlər sanksiyalar sərtləşəcəyi təqdirdə artıq 2016- cı ildə Rusiyanı defolt gözlədiyini proqnozlaşdırırlar.
İkincisi, Rusiyanın açıq hərbi müdaxiləsi Ukraynanın bir dövlət və millət kimi səfərbər olunmasına təkan verəcək. Ukraynalılar üçün vətən müharibəsi mərhələsi başlayacaq. İndiyə qədər bir çox ukraynalı “bu boyda dövlət 8-10 min nəfər separatçıya qarşı anti-terror əməliyyatını mənsiz də apara bilər” düşüncəsilə ordudan yayınırdısa və ictimai rəy də belələrinə qarşı çox sərt deyildisə, indi dövlətin və millətin bütün imkanları vətən müharibəsinə cəlb olunacaq. Qərb ölkələri təbii ki, Ukrayna üçün vuruşmayacaq, amma onun məğlub olmasına da imkan verməyəcəklər. Ukraynaya iqtisadi, hətta hərbi yardımlar da artacaq. Beləlıklə, Rusiya açıq hərbi müdaxiləni durdurmasa, Ukraynada ikinci Әfqanstanla qarşılaşacaq. Sonrasını da hamı bilir.
Regiondakı yeni vəziyyətin Azərbaycana da ciddi təsiri olacaq. Qərblə Rusiya arasında var-gəl edən bütün hökumətlər seçim etmək məcburiyyətini daha açıq hiss edəcəklər. Artıq “balanslaşdırma” siyasəti heç kimi qane etməyəcək. Azərbaycan xalqı da seçimini etməlidir.
Bu arada İlham Әliyevin alovlu tərəfdarı Jirinovski Rusiya hökumətini Cənubi Qafqazda (başqa sözlə Azərbaycanda) möhkəmlənməyə çağırıb. Yəqin ki, bizim sözdə vətənpərvərlər buna görə ondan inciməzlər. Әsas odur ki, İlham Әliyevi dəstəkləyir, Azərbaycana və azərbaycanlılara qarşı olması önəmli deyil, onlar üçün”.