Yaxud acizliklə öyünmək məharəti
20 ildən artıqdır ki, ölkə əhalisi “çətin xidmət”in əsarətində yaşayır. Məktəbdən tutmuş, gömrük məntəqələrinə qədər hər yerdə süründürməçilik, korrupsiya, hüquqsuzluq meydan sulayır. Bütün bu neqativ hallardan şikayətlənəndə isə, “rüşvət bizim qanımızdadır” arqumenti ilə silahlananlar üstümüzə hücum çəkir. Nəhayət, 20 ildən sonra ölkəmizdə “Asan xidmət” deyilən bir yenilik peyda oldu və rejimin qürur mənbəyinə çevrildi. Əlbəttə, vətəndaşların asanlıqla problemlərini həll etməsi, yorucu proseslərdən keçmədən istəklərinə nail olması sevindiricidir və adamlar bu xidmətdən razı qalırlar.
Bəs, ölkəmizdə yaradılmış bu “Asan xidmət”lə öyünməyə haqqımız varmı?
Ötən gün “Azərbaycan” qəzeti “ASAN brendi dünya ölkələri üçün istinad yeri ola bilər” başlıqlı yazı dərc edib. Bu yazını yazmağıma səbəb də məhz həmin məqalə oldu.
Əvvəla, 20 ildən artıq bir müddətdə ölkədəki süründürməçiliyin, məmur özbaşınalığının, rüşvətin qarşısını ala bilməyib, əvəzində “Asan xidmət” yaratmaqla kifayətlənmək, öyünməyə əsas vermir. Əksinə, daha dərindən analiz edəndə, “Asan xidmət”i rejimin özünüifşası da saymaq olar. Çünki, rejim əyani şəkildə sübut etdi ki, ölkədə şəffaflığın, düzgünlüyün bərpa olunması məhz hakimiyyətin iradəsindən asılıdır. Yəni hakimiyyət maraqlı olsa, “rüşvət bizim qanımızdadır” şüarı beyinlərdən silinər.
Digər tərəfdən sual meydana çıxır. Niyə Gömrük sistemində, səhiyyədə, məhkəmə sistemində, sahibkarlıq sahəsində də eyni sistem fəaliyyət göstərmir? Niyə bu sadaladığımız sahələrdə də rüşvətin kökü kəsilmir? Niyə “monopoliya”lara son qoyulmur? Bir sözlə, niyə ölkənin bütün sahələrində xidmətlər asanlaşdırılmır?
Bütün avtoritar rejimlər xalqı ən kiçik uğurlara sevinməyə məhkum edir. Məsələn, belə rejimlərdə vətəndaş bahalı maşın aldığı üçün deyil, evinə 2 kilo ət aldığı üçün sevinir. Çünki, həmin bahalı maşını almaq artıq arzular siyahısına daxil deyil və böyük arzular yalnız xəyallarda gerçək olur.
Yaxud son günlər xəbər yayıldı ki, yas mərasimlərindəki israfçılığa qadağa qoyulacaq və bu xəbər sadə vətəndaşları sevindirdi. Çünki, maddi baxımdan uçurumun dibində olan vətəndaş üçün ölmək də problemə çevrilib və belə bir qadağa göydəndüşmə olur. Təsəvvür edin, korrupsiyanın at oynatdığı, seçib-seçilmək azadlığının olmadığı, vicdanlı adamların həbs olunduğu, təhsilin, səhiyyənin bərbad vəziyyətə düşdüyü, vətəndaşların kredit bataqlığında süründüyü, işsizliyin baş alıb getdiyi, əmək haqlarının aşağı səviyyədə olduğu ölkədə, vətəndaşlar yas mərasimlərindəki israfçılığa qadağa qoyulmasına sevinə bilir. Normal ölkədə isə, vətəndaşlar bu kimi təşəbbüslərə sevinməz və belə təkliflər gündəmi zəbt etməz.
Yəni ölkənin hər yerində “Asan xidmət”lər yaratmaq hakimiyyətin borcudur və buna görə vətəndaşa minntə qoyula bilməz. Digər tərəfdən, “Asan xidmət” nümunəsi təsdiqlədi ki, ölkədə fəaliyyət göstərən dövlət strukturları öz vəzifələrini yerinə yetirmir və aciz qalan hökumət biabırçılığını ört-basdır etmək istəyir. Daha sonra məlum oldu ki, bu “Asan xidmət” də hakimiyyətin istəyindən doğan nailiyyət deyil. Bəli, “Asan xidmət” qrant layihəsidir və belə bir qurumun formalaşması üçün beynəlxalq təşkilatlar Azərbaycana kifayət qədər vəsait ayırıb.
Qayıdaq, ölkəmizdəki “Asan xidmət”in dünya üçün istinad yeri olmasına. Bunu iddia etmək, daha böyük biabırçılıqdır. Dünyanın hansı ölkəsində əlillik dərəcəsini pulla satırlar, hansı ölkədə ünvanlı sosial yardımın 6 ayını mənimsəyirlər, o hansı ölkədir ki, xidmət çəkəcəyin hərbi hissəni pul müqabilində seçə bilirsən, hansı dövlətin gömrük məntəqəsində 3 kilo bananın keçirilməsinə qadağa qoyulub ki, indi bu ölkələrdə “Asan xidmət” yaradılsın?
Almaniya, Norveç, ABŞ, Fransa və digər bu kimi ölkələrin vətəndaşlarını “Asan xidmət”lə təəccübləndirmək olarmı?
Şərqin ilk demokratik ölkəsini, yeraltı-yerüstü sərvətlərlə zəngin olan dövlətin vətəndaşını “Asan xidmət”lə “müjdə”ləmək absurd deyilmi?
21-ci əsrdə yaşayırıq. Bakının bəzi qəsəbələrində kanalizasiya sistemi, içməli su, qaz hələ də yoxdur. Hələ də hansısa rayona qaz verilməsi böyük uğur sayılır və AzTV-lər bunu analoqu olmayan inkişaf kimi təqdim edir.
Bir sözlə, demək istəyirik ki, bir uğurdan yapışıb dayanmaqdansa, dünyaya nümunə olduğunuzun təbliğatını aparmaqdansa, bütün sahələri şikəst olmuş məmləkətin sağalması ilə məşğul olun.
Biz daha neçə il “Asan xidmət”lə öyünməliyik? Reallıq budur ki, Azərbaycan bütün beynəlxalq hesabatlarda ən son sıralarda qərarlaşıb, ölkədə insan haqları tapdanır, sosial vəziyyət getdikcə ağırlaşır.
Yəni ölkədəki vəziyyəti çətinləşdirib, “Asan xidmət”lə manevr etmək olmaz. Demokratik dünyanın müsbət nümunələrindən yararlanmaq və xalqın yaşayışını asanlaşdırmaq gərəkdir.
Akif