Hə, Bin Laden də öldü. Onun ələ keçirilməsinin və öldürülməsinin detalları ilə bağlı o qədər danışdılar ki, mənim elə bir söz deməyimə ehtiyac qalmadı. Bircə onu deyim ki, bu, gözəl seçki təbliğatı oldu! Indi B.Obamanın bir daha seçiləcəyinə şübhə etməmək olar. Əslində mən Obamanın siyasi komanda və administrasiyasını son illərin ən güclüsü və prinsipialı hesab edirəm. Nə edəsən ki, respublikaçılar demokratları daban-dabana təqib edirlər. Elə bu səbəbdən bir fikri deməyə bilmirəm. Bəlkə də o əsassızdır, amma fikirdir gəlib, mən də deyirəm! Mənə elə gəlir ki, Bin Laden eyni uğurla bir və ya da iki il bundan əvvəl də zərərsizləşdirilə bilərdi. Görünür, onun indi, məhz bu vaxt ölməsi məsləhət imiş! Bundan sonra nə baş verə bilər? Çox güman ki, əl-Qaida terror təşkilatı qısas haqda düşünəcək və özünə yeni lider seçib “fəaliyyət”ini davam etdirəcək. Hər halda, arxayın olmaq üçün elə bir əsas yoxdur. Bu dünya, ümumiyyətlə, arxayınçılığı sevmir. Ondan qala da terror təşkilatı ola! Nə isə! Terror haqda bu qədər! Amma mən bütün hallarda çox istərdim ki, demokratlar daha bir müddətə seçilsinlər. Düzdür, belə fikir var ki, guya respublikaçılar beynəlxalq siyasətdə daha sərt kurs yürüdürlər və yaxud tutaq ki, Rusiyanı sıxışdırırlar! Amma çox görmüşük bu sərt kursu və necə deyərlər, doymuşuq ondan! Bəli, artıq qulaqlarımız da cingildəyir bu siyasətdən! “Strateji nüvə silahlarının məhdudlaşdırılması haqda” daha bir müqavilə artıq bizim qulaqlarımızı oxşamır! Belə müqavilələrin kölgəsində dünyanın nə qədər irili-xırdalı ədalətsizlikləri ört-basdır edilir?! Bunları çox görmüşük! Ümumiyyətlə, bu mühafizəkarlar dünyanı bölməkdən xüsusi ləzzət alırlar, yəqin özləri öz gözlərində böyüyürlər!
Hə, indi ikinci dünya müharibəsinin növbəti ildönümü gəlir. Hələ də köhnə xronikalara baxanda özümü narahat hiss edirəm: faktiki olaraq üç dövlət dünyanı necə də rahat bölüşdürür! Bütün mühafizəkarlar gözümdə U.Çerçillə assosasiya yaradır. Sonuncuya böyük hörmətim olsa da, simpatiyam yoxdur, çünki o, əsl azad demokratiyanı heç vaxt ürəkdən qəbul etməyib! Bəli, indi çox şeydən dəm vurmaq olar. Amma nə faydası? Tarix özü hər şeyi yerbəyer edir! Sözsüz ki, Avropanın bütün demokratik dövlətləri kommunizm təhlükəsindən qurtuluş üçün Çörçilə minnətdar olmalıdır. Hər halda, belə deyirlər! Amma görək bu Avropa Çörçilin siyasi doktrinasını bölüşürdümü? Bax, mən buna o qədər də əmin deyiləm… Avropa çox mürəkkəb qitədir. Hər halda, mən bu avropalı gəncləri əllərində Çörçilin portretini tutan vəziyyətdə təsəvvür edə bilmirəm və bunu açıq etiraf edirəm, çünki U.Çerçil həmişə real siyasətin təcəssümü olub, onu əks etdirib! Romantikadan tamamilə uzaq real siyasət isə həmişə cəzb etmir, xüsusən də gəncləri!
Könülsüz-könülsüz Avropaya doğru… Bəli, bizi daha bir Avropa qurumuna cəlb etmək istəyirlər. Söhbət indi hamı üçün tanış olan Şərq Tərəfdaşlığı Parlament Assambleyasından gedir. Bəli, hakimiyyətin necə məyus olduğunu təsəvvür etmək mümkündür. Avropa da əcəb siyasət yürüdür! Belarusu dəvət etmirlər, amma bizimkiləri dəvət edir və hətta təkid edirlər ki, gəlin! Məgər bizimkilər demokratiyanın boğulması, azadlıqların məhdudlaşdırılması, azad insanların və xüsusən də müxalifətin təqib edilməsi sahəsində Belarusdan az iş görüblər? Gülməli cəhət heç fərz edirsiniz nədir? Bizimkilər həmişə “ikili standartlar”dan giley edirlər! Baxın, “ikili standartlar”ın bizim xeyrimizə işlədiyi vaxtlar da olur! Belarusu tənbeh edirlər, amma bizi dəvət edirlər!
Kiçik sözardı
Bir söz deyəcəm, amma qəribçiliyə salmayın sözlərimi. Mənə elə gəlir ki, Gürcüstanın Avropa strukturlarına inteqrasiyası həm də bizlərə görə bu qədər yubanır. Ona görə ki, Gürcüstanı tək qəbul etmək istəmirlər. Daha bir detalı deyim. Indi ekspertlər bəzi ölkələrin Avropaya inteqrasiyasına böyük pessimizmlə yanaşırlar. Yadıma NATO-nun genişlənməsinin ilkin mərhələsi düşür. O vaxt da çox böyük pessimizm vardı. Amma nə oldu?