Şərə analıq edənlərin “ana dili” arqumenti
Dəfələrlə yazmışıq ki, bu hakimiyyət arqumentsizlikdən əziyyət çəkir. Çünki, arqumenti yalana həyat vermək üçün axtarırlar. Tapdıqları isə, bir qayda olaraq öz əleyhlərinə işləyir. Bu dəfə öz ağıllarınca Leyla Yunusda cidd səhv tapıblar. Qeyd edək ki, hakimiyyət gecə-gündüz Leyla Yunus haqqında “ vətən xaini”, “ermənipərəst”, “vergidən yayınan” obrazı düzəltəmək istəsə də, bunun heç biri ictimai rəyə təsir etmədi. Çünki, erməniyə pərəstiş edənləri də, vergidən yayınanları da, vətəninə xəyanət edənləri də xalq yaxşı tanıyır.
Qayıdaq, Leyla Yunusun “səhv”inə. “Azərbaycan” qəzetinin yazdığına görə ana dilini bilməyən adamın, vətənə xəyanət etməsi zəruridir. Ona görə də yekə bir yazı yazıb, Leyla Yunusun “vətənə xəyanət” etməsini, Azərbaycan dilində yaxşı danışa bilməməsi ilə sübuta yetirməyə çalışıblar. Bir sözlə, ö z gözlərində tiri görməyib, özgəsində qıl seçməyə girişiblər.
Biz də razılaşırıq ki, hər bir vətəndaş ana dilində səlis danışmağı bacarmalı və bu dilə müqəddəs yanaşmalıdır. Amma bir şəxsin rus dilində təhsil alıb, Azərbaycan dilində çətin danışması, həmin şəxsin “ermənipərəst”, “vətən xaini” olması anlamına gəlmir.
Əgər “Azərbaycan” qəzeti dili yaxşı bilməməyi xəyanət hesab edirsə, həmkarlarımıza bəzi suallar verməyə məcbur qalacağıq.
Niyə, ölkənin baş naziri Azərbaycan dilində səlis danışa bilmir, niyə müxtəlif dövlət strukturlarında yüksək vəzifə tutmuş şəxslər ancaq rus dilindən istifadə edir?
Ey, dilimizi canından çox sevənlər. Niyə, prezidentin qızları rus dilində danışır? Prezidentin qızının tez-tez şerlərini oxuyuruq. Niyə,bu şerləri Azərbaycan dilində yazmır ki, hamı oxuya bilsin?
Doğrudan da dilimizi yaxşı bilməmək xəyanətdirsə, hakimiyyəti zəbt edənlər niyə bu “fəxri ad” a layiq görülmür?
Leyla Yunusun Azərbaycan dilində yaxşı danışa bilməməsi qəbahət deyil. Leyla Yunus hüquq müdafiəçisidir və heç bir dövləti vəzifə tutmur. Eyni zamanda nə çirkaba bulaşıb, nə də hər hansı dövlət əhəmiyyətli məsələdə Azərbaycanın əleyhinə fəaliyyət göstərib.
Amma ölkənin taleyindən cavabdeh olan adamların Azərbaycan dilini bilməməsi, bu dildə danışmaqdan imtina etməsi, böyük qəbahətdir. Amma qəbahət təkcə bununla bitmir. Bu adamlar ölkə vətəndaşına xəyanət ediblər, ölkə sərvətlərini talayıblar, vicdanlı insanları dustağa çeviriblər, korrupsiyanı dövlət siyasəti ediblər.
İnsanları şərləmək, ölkəni talan etmək, hüququ ayaqlar altına atmaq, Azərbaycan dilində danışa bilməməkdən daha böyük xəyanətdir. Hakimiyyətin bütün cinayətlərini 60 yaşında qadının çiyninə yükləmək isə, həm də insanlığa xəyanətdir.
Həqiqətən də yalanın, yalançının, şərin müdafiəçisi olmaq böyük dərddir. Görünür, insan şərin müdafiəçisinə çevriləndə, hüququ müdafiə edənləri də şərləyə bilir.
Bir sözlə, Leyla Yunus həbsdə də hakimiyyəti məğlub etməyi bacarır. Həm də hakimiyyətin öz silahı ilə. Yuxarıda qeyd etdiyimiz kimi, Leyla Yunusa Azərbaycan dilində danışa bilməməyi səhv tutmaqla “Azərbaycan” qəzeti hakimiyyəti hədəf seçmiş oldu.
Əsas odur ki, dilimizi şərə tərif deməkdən, vicdanlı insanları ləkələməkdən qoruyaq.
Əsas Azərbaycan dilini öyrənmək yox, öyrəndiyin dildən şərəflə istifadə etməkdi. Həqiqəti danışa bilməyəndən sonra, doğma dili bilməyin nə mənası var ki?
Əslində Leyla Yunus haqqında bu qədər böhtanların yazılmasının səbəbi budur ki, Leyla Yunus bu hakimiyyəti bütün dillərdə məğlub edib.
Akif