Bakının “Sovetski” ərazisində köçürmə işinin təşkilindəki yarıtmaz fəaliyyət hökumətin xalqın məişətindən, problemlərindən uzaq olduğunu bir daha aşkara çıxardı. Burada bir əsrdən artıqdır yaşayan nəsillərin – bütöv toplumun tələm-tələsik köçürülməsi, onların gözü qarşısında yurd-yuvasının viran edilməsi hələ uzun müddət yaddaşlarda dərin iz qoyacaq.
Əvvəla, plana düşən bütün evlərin sahibləri ilə köçlə əlaqədar razılıq əldə edilmədən, onların problemləri əvvəlcədən öyrənilmədən və çözülmədən ərazinin başdan-ayağadək hasarlanması insanlığa sığmayan hərəkətdir. Bir neçə evin razılığını alıb onları dərhal sökmək, qonşu evlərdə yaşayanlara dözülməz şərait yaratmaq isə sözün həqiqi mənasında barbarlıqdır.
“Sovetski”də hətta bir evin həyətində yaşayan qonşulardan, məsələn, beş qonşudan dördünün köçürülməsilə həmin həyət tar-mar edilir ki, bu da yerdə qalan ailəyə işgəncə vermək, göz görə-görə insan həyatına təhlükə törətmək deməkdir.
Burada köçürmə ilə əlaqədar ortaya çıxan əsas problemlər isə sahəsi kiçik olan evlər və hüquqi məsələlərlə bağlıdır.
“Sovetski” küçəsi ilə bitişik Akademik Qarayev küçəsi, dalan 18, ev 3-də yaşayan Səftər Quliyevin problemi də mənzilinin sahəsinin kiçik olmasıdır. Cəmi 21 kv.metr olan mənzilə görə hökumətin təklif etdiyi kompensasiya onu razı salmır: “Ailəm 4 nəfərdən ibarətdir. Hökumət hər kvadratmetr üçün 1500 manat verir, bu da 31500 manat edir… Bu pulnan harda ev almaq olar?” – deyir S.Quliyev.
Əslən novxanılı olan 44 yaşlı ailə başçısı vurğulayır ki, hökumətin verdiyi pulla heç əcdadlarının kəndində də ev ala bilməz. Onun sözlərinə görə, məmurların vədlərinə inanıb evlərini düşünmədən satan sadəlövh insanlar indi peşmançılıq çəkirlər; Xırdalan, Masazır kimi yerlərdə alınan evlərin sonradan “kupça”sız olduğu üzə çıxıb…
“Sovetski” küçəsi, 130 saylı evdə yaşayan Valentina Hüseynovanın problemi isə hüquqi məsələdir. Burada özü, oğlu, gəlini və iki nəvəsilə yaşayır. Həyat yoldaşı 10 ildir rəhmətə gedib. 76 yaşlı bu xanımın sözlərinə görə, 51 ildir yaşadığı və əziyyətini çəkdiyi evə indi mərhum ərinin qohumları iddia edir. Iddiaçı bu evdə yaşamadığı və ayrıca evi olduğu halda, ona da pay verilməsini tələb edir.
V.Hüseynovanın sözlərinə görə, iddiaçının öz tələbini hüquqi cəhətdən əsaslandırması da mübahisəlidir. Problemin həllinə Yasamal Rayon Icra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasındakı xüsusi hüquqi yardım qrupu da aydınlıq gətirə bilmir. Odur ki, sahəsi 70 kv.metrə yaxın olan evin pay bölgüsündəki anlaşılmazlıq ucbatından evin satılması yubanır.
Oxşar problemlə “Sovetski” ilə bitişik Əli bəy Hüseynzadə küçəsi, dalan 2, ev 2-də yaşayan Rafiq Süleymanov da üzləşib. 72 yaşlı ev sahibinin sözlərinə görə, sahəsi 30 kv.metr olan mənzilində cəmi 6 nəfər yaşayır. Evinin sahəsinin az olması bir yana, üstəlik, qardaşı oğlu vərəsəlik payını istəyir. Bu halda, Rafiq kişiyə evdən 20 kv.metr pay düşür ki, bunun müqabilində ona veriləcək kompensasiya ilə yeni mənzil sahəsi əldə etmək absurddur. Indi o da evinin sahəsi kiçik olan sakinlər kimi hökumətin nə qərar verəcəyini gözləyir.
Xatırladaq ki, bu yaxınlarda baş nazirin müavini Abid Şərifov mətbuata açıqlamasında sözügedən problemə toxunub. Baş nazirin müavini bildirib ki, “Sovetski”də sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlanacaq. Lakin bu məsələyə ərazidə inventarlaşma prosesi başa çatandan sonra baxılacaq. Inventarlaşma isə 1-2 aya yekunlaşacaq.
Göründüyü kimi, “Sovetski”də söküntü işləri aparılsa da, ərazinin ləğv edilməsi hələ bir neçə il öncə hakimiyyətin planında olsa da, lakin sakinləri gözləyəcək problemlər əvvəlcədən götür-qoy edilməyib. Iki aydır “tikinti meydançası”nda yaşamağa məhkum edilən insanlar daha iki ay da əziyyət çəkməli olacaqlar.
Sosial şöbə