4 iyun hərbi qiyamından sonra Cəbrayılın eləcə də Ağdam, Füzuli, Qubadlı və Zəngilan rayonlarının düşmənə döyüşsüz təslim edilməsi və paralel olaraq on minlərlə əli silahlı könüllülərdən ibarət özünümüdafiə batalyonlarının ləğvi tariximizin ən qaranlıq və kədərli səhifələrindən biridir. O günlərin canlı şahidlərindən biri, AXC Cəbrayıl rayon şöbəsinin keçmiş sədri, Cəbrayılın könüllü özünümüdafiə batalyonunun yaradıcılarından olan Vaqif Əlisoyun xatirələrindən bəzi hissələri təqdim edirik.
Kaş gözlərim kor olaydı…
“Əvvəlcə Cəbrayılda yerləşən N saylı hərbi hissə və onun qəhrəmanlıqla dolu yolu haqqında bir neçə kəlmə demək istəyirəm. Hərbi hissə əvvəllər ərazi müdafiə batalyonu formasında Milli Ordu yaradılması haqqında fərmandan sonra formalaşdı. Ilk dövrdə 72 nəfər heyəti var idi. Onların da əksəriyyəti AXC üzvləri idi. Silah-sursat tədarükünü özümüz təşkil etmişdik. Peşəkar zabit kadrları olmadığından rayon əhalisinə müraciət etdik ki, kimin övladı sovet ordusu sıralarında zabit kimi qulluq edirsə, rayona qayıtsın.
Beləliklə, Milli Qəhrəman Mübariz Qasımov kimi bir neçə zabitimiz sovet ordusundan imtina edərək batalyona gəldi. Əfqanıstanda döyüş yolu keçmiş, rayon hərbi komissarlığında çalışan kapitanlar Ruhulla Babayev, Qədir Vəlişov batalyonun təşkilinə cəlb olundu. Yalnız onu bildirmək istəyirəm ki, cəbrayıllılar 1988-ci ildən 1993-cü il avqust ayının 23-nə qədər öz torpaqlarını layiqincə müdafiə etmiş, bir qarış belə torpaq verilməmiş, əksinə, Hadrut rayonunun 15 kəndi azad edilmişdir.
15 avqust
Səhər bütün cəbrayıllılar kimi mən də “Qrad”, top səsinə yuxudan durdum. Artıq beşinci ildir ki, biz buna adət etmişdik. Rayon mərkəzinə getdim. Bir-birindən həyəcanlı xəbərlər gəlirdi. Artıq ermənilər Quşçular, Daşbaşı kəndlərini işğal etmişdilər. Ordu iflic olmuşdu. Sonra dedilər ki, icra hakimiyyətinin başçısı K.Kərimov, polk komandiri M.Həsənov Bakıdadır. Ermənilər Süleymanlı, Doşulu, Qışlaq kəndlərinə hücum edirdi.
4 iyul hadisələri baş verəndən sonra qohumların, dost və tanşların təhriki ilə söz vermişdim ki, əlimə silah almayacağam. Bilirdim ki, yenə AXC üzvləri günahkar hesab olunacaq. Çünki icra başçısı AXC üzvü idi. Onun bütün hərəkətləri AXC RŞ-nin hərəkəti kimi qiymətləndirilirdi.
Saat 12:00-da icra hakimiyyətinə gəldim. Qubadlı rayon icra hakimiyyətinin başçısı Elxan bəy, Zəngilan rayon icra hakimiyyətinin başçısı Ilham bəy də gəldilər. Özləri ilə qüvvə gətirmişdilər.
Elə həmin gün bu qüvvələrin və Cəbrayıldakı yerli polisin və əsgərlərin köməyi ilə Daşbaşı postu geri alındı. Düşmən itki verərək geri çəkilmişdi. Həmin postda olan 20 nəfərə yaxın əsgərimizin meyidini elə hala salmışdılar ki, onları görən əsgərlərdən bir neçəsi özündən getmişdi. Əsgərlərimiz ermənilərə məxsus bir torba tapmışdılar. Orada narkotik maddələr olmuşdu. Bu narkotik maddələri qəbul edən ermənilər sanki bizim əsgərlərimiz üzərində cərrahiyyə əməliyyatı aparmışdılar. Budur, özünü bütün dünyaya yazıq görkəmində göstərən ermənilər! Onları insan adlandırmaq olmazdı.
16 avqust
Səhərə qədər yata bilmədim. Daşbaşında əsgərlərimizin başına gələnlər intiqama çağırırdı. Qana-qan! Daha belə yaşamaz olmaz.
Öz-özümə sual verirdim: nə üçün ermənilər geri çəkilən zaman bizim uşaqların meyidlərini özləri ilə aparmayıblar? Axı onlar həmişə belə ediblər. 1992-ci il 28 iyul və 15 avqust əməliyyatında da belə olmuşdu. Bəlkə psixoloji hazırlıqdır?
Səhərin açılmasını gözləyirəm. Heç bir şey yemədən, heç kəsə demədən polis şöbəsinin yeni binasına gəldim. Bir vaxtlar, yəni düz 1 il sərhədlərimizi qoruyan “Ziyalı” batalyonu da silahlanıb. Onun sıralarında müxtəlif baxışlı, siyasi əqidəsinə görə fərqlənən oğullar birləşmişlər. Onların ancaq bir fikri var idi: Torpaq, vətən! Indi onları bu birləşdirirdi. Rəisdən xahiş etdim ki, mənə də silah versinlər, döyüşmək istəyirəm. Silah verdilər. Soltanlıdan gələn könüllülərlə birlikdə azad olunmuş Daşbaşı postuna yola düşdüm. Səttar, Elbrus, Məhərrəm, Hacını indi də hörmətlə xatırlayıram.
17 avqust
Daşbaşı postundan qayıtdım. Silahı növbətçi polisə təhvil verdim. Rayon mərkəzi atəşə tutulduğundan əhali Iranla sərhəd kəndlərinə köçürülürdü. Yük maşınlarına yüklənmiş ev əşyaları da aparılırdı. Polis idarəsinin binasında şəhər sakinləri Zəkəriyyə Hüseynov, Islam Ismayılov, Aygün, Məhəmmədəli Əliyev, Mahmud Quliyev polis rəisi Məhərrəmovla söhbət edirdilər. Məlum oldu ki, Hüseynov Zəkəriyyə, Islam Ismayılov, Aygün Bakıya respublika rəhbərliyinin yanına kömək istəməyə gedirlər. Məhəmmədəli Əliyev, Tahir Səmədov, Mahmud Quliyev gedənlərə yolxərci verirlər. Hamı onlara uğurlu yol arzulayır, vəziyyəti olduğu kimi danışmağı xahiş edirlər. Bakıda Ali Sovetin qabağında onları Cəbrayıl ziyalıları da gözləməli idi. Rəis onlara çatdıracaqdı.
Rəis postdan gələnlərə dincəlmək əmri verdi. Gözlərimizə yuxu getmir. Vəziyyət doğrudan da ağırdır. Cəbrayılı Ağdamın taleyi gözləmirmi? Füzulidə də şiddətli döyüş gedir. Axırı necə olacaq? Hamı narahatdır. Dincəlmək vaxtı deyil.
Gündüz saat 11-dir. Mahmud Quliyevin maşınında icra hakimiyyətinə gəldim.
Bakıya köhnə tanışlara zəng vurub Cəbrayıldakı vəziyyəti demək istəyirdim. Icra Hakimiyyətinin növbətçi otağında qoyulmuş telefonla Tamerlan Qarayevə zəng vurdum. Yerində yox idi. Köməkçisinə vəziyyəti dedim. Söz verdi ki, Tamerlan bəyə çatdıracaq. Sonra Rövşən Cavadova zəng vurdum. Dedi ki, Vaqif, vəziyyətdən xəbərim var. Telefonla danışan zaman icra hakiminin müavinləri Vaqif Məmmədov, Arif Məhidov, hüquq şöbəsinin müdiri Qürbət də orda idi.
18 avqust
Əhali kütləvi sürətdə rayon mərkəzini tərk edirdi. Yol kənarında durub gedənlərə baxıram. Axı niyə belə oldu? Bu suala cavab tapa bilmirəm. Tahir, Mahir, Habil mənə ürək-dirək verirlər. Axı bu beş ildə ermənilərə qan udduran Cəbrayıl niyə bu günə düşdü? Kapitan R.Babayevin Cəbrayıldan uzaqlaşdırılması cəbrayıllılara baha başa gəldi.
Öz-özümə fikirləşirəm, hanı əslən Cəbrayıldan olan deputatlar? Murad Babayev, Əli Həsənov(baş nazirin müavini – V.Ə.), Abbasqulu Fərzəliyev niyə susur? Axı namus, qeyrət, torpaq əldən gedir…
19 avqust 1993-cü il
Vəziyyət get-gedə ağırlaşır. Ermənilər Qışlaq, Süleymanlı, Doşulu, Qaracallı, Balyand, Daşkəsən kəndlərini işğal ediblər. Respublikanın hər yeri ilə əlaqə kəsilib. Orduda fərarilik kütləvi hal alıb. Deyilənə görə, Bakıdan kömək gəlir. Bakıya gedənlər (dövlət rəhbərləri ilə görüşə gedənlər) qayıdıb. Surət Hüseynov söz verib ki, kömək edəcək. Mən ona inanmıram. S.Hüseynov, R.Qazıyev, Ə.Hümbətov eyni adamdır. Azərbaycanın bugünkü məğlubiyyəti onların adı ilə bağlıdır. Dəfələrlə Cəbrayıl və Füzuli şəhərləri təyyarələrdən bombalanıb. Bu gün də öz təyyarəmiz Şahvəlli kəndini bombaladı. “Xalqım mənə əmr etsə…”
Nə oldu? Əsl qiyməti tarix özü verəcək. Kaş, zənnimdə yanılım.
21 avqust
Səhər alatoranlıqda Zəngilandan qüvvələr gəldi. Bir ədəd T-72 tankı “Qartal”ın yanına qalxdı. O, Hərəkül yolunu gözləməli idi. Artıq Bakıdan, Zəngilandan, Qubadlıdan göndərilən qüvvələr şəhərə girmişdi. Polis şöbəsinin qabağında xeyli qüvvə var idi. Polis şöbəsinə gələndə bir qız (rayonda hamı onu dəli hesab edirdi. Sən demə, o da gecə rayondan çıxmayıb. Anası hamamda xidmətçi işləyirdi) yolda qabağımı kəsdi: “Əlisoy, qurban olum, düzünü de, ermənilər Cəbrayılı tutacaq?” Qəhər məni boğdu. Onu qucaqladım. Hər ikimiz ağlamağa başladıq. Əlimlə polis şöbəsinin qabağındakı qüvvəni göstərib dedim ki, arxayın ol, bacı, hər şey yaxşı olacaq.
Yadıma dostlarımın, anamın, qardaşımın sözü düşdü: “Cəbrayıldakı hadisələri AXC-nin üstünə yıxacaqlar. Gəl, döyüşə getmə”. Mən isə elə düşünmürdüm. Axı, H.Əliyev özü demirdimi ki, kimin qeyrəti varsa, kim öz ata-babasının qəbrini qorumaq istəyirsə, əlinə silah alsın. Bəs, indi nə oldu? Geri çəkilmək olmazdı. Kim nə deyir-desin. Öləcəyəm, silahı əlimdən yerə qoymayacağam. Şikarın, Mirələmin, Kazımın, Arifin, Mehmanın qanı yerdə qalmamalıdır. Mənim günahım varsa, cavab verməyə hazıram. Mayor Isgəndərin dediklərini Məhərrəmova çatdırıb, geriyə, posta qayıtdım.
ardı var