“Bəxt üzüyü” filminin unudulmaz səhnələrindən biri də şair Moşu Göyəzənlinin sonadək xoşbəxtlik haqqında bircə misra belə yaza bilməməsidir. Film komediya kimi təqdim olunsa da, əslində faciədir. Filmdəki hər kəsin bir dərdi, qayğısı, şəxsi faciəsi var. Yeganə qayğısız görünən Moşunun arvadı da xoşbəxt deyil. Çoxlu uşağı və Moşu kimi istedadsız əri olan qadının xoşbəxtçiliyi ondadır ki, o heç nə anlamır, düşünə bilmir. Alkoqolik və onun bədbəxt ailəsi, hər an həbs olunma təhlükəsi ilə yaşayan ticarətçi Rasim, onun etibarsız arvadı, yaxınlarının unutduğu müharibə veteranı, eyni zamanda bağ sahibi…
Filmdə ən qayğısız görünən bağ sahibinin nəvəsi və onun nişanlısıdır. Babanın ölümündən sonra bağın qanuni sahibləri olacaq bu insanlar da əslində xoşbəxt deyillər. Onları da bir gün öz övladları unudacaq…
Müstəqillik dövrü üçün oxşar mövzuda əsər yazmaq çox çətindir. Bakı ətrafında torpağın bir sotunun neçəyə olduğunu yəqin ki, hamınız bilirsiniz. Belə bir şəraitdə sadə insanları bağda bir yerə toplamaq qeyri-mümkündür. Hətta kağız üzərində buna cəhd olunsa belə, bu inandırıcı görünməyəcək. Əsər, yaxud film çox bayağı alınacaq. Son illərdə çəkilmiş ilk Azərbaycan seriallarını götürək. Ədalətin zəfər çalması, xoşbəxt insan, vicdanlı məmur surətləri, ən əsası, reallıqdan uzaq və türk seriallarından oğrulanmış ssenariləri tamaşaçılar rədd etdi. Ədalət naminə deyək ki, heç onlar da sadə azərbaycanlının xoşbəxt obrazını yaratmağa cəsarət etmədilər…
Bugünkü yaşadığımız həyatla müqayisədə onlar sanki qaralama dəftərinə bənzəyir. Bu gün Azərbaycanda xoşbəxt insan surəti yaratmaq mümkün deyil. Xoşbəxtliyin qısa fraqmentlərini yaşamaqla təskinlik tapırıq. Misal üçün, marşrut avtobuslarının bəzən vaxtında gəlməsi, xərçəng qorxusu ilə verdiyimiz analizin mənfi çıxmasını, yayda havaların soyumasını, suyun 9-cu mərtəbəyə verilməsini, nəhayət övladın dünyaya gəlməsinı göstərmək olar. Lakin bu nəşə dolu (!) fraqmentlər də özü ilə qayğılar gətirir. Qısamüddətli sevinc kədərlə əvəz olunur. Yeni doğulan körpədən başlayaq, – o anadan olan anda avtomatik girova çevrilir, ona “sahib olmaq” üçün doğum evinə 500 manatla 1500 manat arasında məbləğ ödəməlisən. Suyun 9-cu mərtəbəyə qalxması ilə kəsilməsi arasındakı zaman kəsiyində birgünlük su ehtiyatını toplamalısan. Havaların soyuması isə o deməkdir ki, yeni mövsüm üçün əyin-baş haqda düşünməlisən və s.
Cəmiyyətdə başqa bir kəsim də var ki, bu qayğılardan uzaqdır. Loru dildə desək, bunlar rüşvət alan məmurlar, yəni iqtidar nümayəndələridir. Onlar da xoşbəxt deyillər. Çünki bu sevinci paylaşa bilmirlər.
Yadınızdadırsa, Bakı prokurorluğunun şöbə müdirinin oğlu dəyəri yüzminlərlə ölçülən avtomobillərini sosial şəbəkədə nümayiş etdirmişdi. Yəni xoşbəxtliyini açıq şəkildə büruzə vermişdi. Nəticəsi nə oldu. Atasını işdən çıxardılar. Bunun təmtəraq içində yaşamağa adət etmiş ailə üçün nə demək olduğunu özünüz təsəvvür edin.
Xoşbəxtliyi büruzə vermədən yaşamaq, elə bədbəxtçilik kimi bir şeydir. Hər gün var-dövlətinin əlindən çıxacağı qorxusu ilə yaşayan məmurların əksəriyyəti kardioloji xəstədir. Elə tibbin bu sahəsinin ölkəmizdə digərlərinə nisbətən daha gəlişmiş olması dediklərimizə əyani sübutdur. Ən müasir avadanlıqlarla təhciz edilmiş xüsusi təcili yardım maşınlarının daimi “müştərilərinin” əksəriyyəti məmurlardır…
Əliyev iqtidarının məmurlarının əksəriyyəti hakimiyyətin dəyişəcəyi təqdirdə Azərbaycanda yaşamağı təsəvvür edə bilmir. Bu da bədbəxtçilikdir, çünki onlar dəqiq harada yaşayacaqlarını bilmirlər. Çünki Azərbaycanda hakimiyyətin seçkilər yolu ilə dəyişəcəyi, demək olar, inandırıcı deyil. Tarixi təcrübə göstərir ki, belə vəziyyətlərdə hər şey bir neçə günün, hətta saatın içində baş verir. Hara gedəcəksən, bir karvan var-dövləti necə çıxaracaqsan, ümimiyyətlə, gedə biləcəksənmi? Məskunlaşacağın məmləkətdə səni sorğu-suala tutanda nə cavab verəcəksən. Həmin dövlət qeyri-demokratik olsa, vəziyyət daha da çətinləşir. Axı orada da başqasının var-dövlətini əlindən almağa adət etmiş məmurlar var.
Razılaşın ki, ağır suallardır. Həmişə bu haqda düşünən məmur necə xoşbəxt ola bilər?..
Kiçik bir kəsimin əbədi hakimiyyət, xalqın isə əbədi demokratiya arzusundan biri reallaşana qədər bu vəziyyət davam edəcək.
Odur ki, xoşbəxtlik deyib qələmə sarılmayın. Moşunun aqibəti sizi də gözləyir.