Tomas de Vall: «Azərbaycan və Belarus Avropa Birliyi ilə maraqlanmır»
“Ukraynaya, Moldovaya, Cənubi Qafqaz ölkələrinə nəzər yetirsək, onların tezliklə AB-yə üzv olacağına inanmaq belə, olmur. Yaxın 10-20 ildə belə bu, görünmür. Azərbaycan və Belarusa baxsaq, görərik ki, hər iki ölkə Avropa Birliyinin nə təklif etməsi ilə maraqlanmır. Lakin Moldova üçün Avropa Birliyi stimuldur, Gürcüstan üçün də belə demək mümkündür. Ukraynanın hazırkı rəhbərliyinin timsalında müsbət perspektivdən danışmaq çətindir”.
Bunu, “Karneqi” Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Tomas de Vall “Azadlıq” radiosuna Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” layihəsinin maneələri və perspektivləri barədə açıqlama verərkən deyib. Tomas de Vall açıqlamasında Belarus və Azərbaycanı repressiv rejimlər kimi qiymətləndirib: “Hər ikisi repressiv rejimdir, amma Azərbaycan həmişə bu qurumla münasibətlərini aydın şəkildə ifadə edib. O, özünü heç də Avropa ölkəsi kimi görmür. Buna görə də ondan gözlənti azdır. Amma Belarus Avropa ölkəsidir, onun Avropa Birliyi ölkələri ilə sərhədləri var və ona burda ümidlər böyük idi”.
Siyasi ekspert Rahim Hacıyev bildirir ki, Tomas de Vallın Azərbaycanın Avropa Birliyinə, Avropa dəyərlərinə münasibəti ilə bağlı dedikləri mövcud gerçəkliyi obyektiv şəkildə əks etdirir: “Çox təəssüf ki, bu belədir. Azərbaycan hakimiyyəti bütün antidemokratik addımları ilə Azərbaycanda ümumbəşəri dəyərlərin bərqərar olmasının qarşısını almağa çalışır”. Ekspert deyir ki, Avropa ilə yaxınlıq, Avropa Birliyi ilə sıx əməkdaşlıq Azərbaycana həyatın bütün sahələrində geniş inkişaf imkanları aça bilər: “Insan hüquq və azadlıqlarına hörmət, qanunun aliliyi, söz və mətbuat azadlığının təmin edilməsi, demokratik seçkilər Avropa Birliyinə doğru gedən ən qısa yoldur. Azərbaycan hakimiyyəti isə apardığı siyasətlə Azərbaycan xalqını faktiki olaraq belə inkişaf imkanından məhrum edib”.