«Kərəm Həsənovun işi» birinci sırada nəzərdən keçirilir
Artıq Bakıda əmlakın sənədləşdirilməsi ilə bağlı bütün sahibkarlar bilirlər ki, paytaxtdakı “Heydər Əliyev Mərkəzi”nin (“Səttarxan” zavodunun ərazisində) və Milli Məclislə üz-üzə tikilən “Alov” adlı (əhali arasında bu tikinti kompleksini nəyə görəsə “Titanik” adlandırırlar) otel-plaza kompleksinin tikintisi Əmlak Komitəsinin sədri Kərəm Həsənova məxsus olduğu bildirilən “Azinko” şirkətinə həvalə edilib. Əmlak Komitəsi ilə işi olan bütün sahibkarları bu iki tikinti ilə bağlı “divara” dirəyib onlardan “rüsumlar” qoparırlar.
Hamı bilir ki, hər iki kompleksin sifarişçisi hakim ailədir. Sifarişçilər, Əmlak Komitəsinə yolu düşən sahibkarlarla təmaslarda bu layihələrin şərt olaraq göstərilməsindən qeyzləniblər. Əslində, hakim ailə bu nəhəng proyektlərin sahibinin sirr kimi saxlanılmasında maraqlı olub. Birinci layihə – “Heydər Əliyev Mərkəzi” ümumxalq məhəbbətinin təcəssümü kimi qələmə verilməli idi. Ikinci layihə isə, sadəcə, korrupsiya barədə söz-söhbətin qarşısının alınması üçün yarımməxfi qalmalı idi. Amma Əmlak Komitəsinin sədrinin “sadəlövhlüyü” ucbatından hər iki layihənin sahibi barədə bütün Respublika xəbərdardır.
Xəbərin yayılması isə çox sadə mexanizmlə baş verir: Əmlak Komitəsinə işi düşən böyük layihə sahiblərinin mütləq əksəriyyəti iri vəzifə sahibləridir. Kərəm Həsənov onlarla təmaslarında hansı əhəmiyyətli proyektlərin icrası ilə məşğul olduğunu təkcə lovğalanmaq xatirinə qabartmır, həm də qanunla nəzərdə tutulan rüsumdan kənar məbləğin istiqamətləndirildiyi ünvanı göstərir.
Beləliklə, Bakıdakı iki ən qabarıq tikinti layihələri ilə bağlı söz-söhbət fantastik həddə çatıb və hakim ailə buna görə Kərəm Həsənova bərk qəzəblənib. “Azadlıq”a çatan xəbərdə bildirilir ki, bu məlumatların yayılmasına görə birinci olaraq cəzalandırılması nəzərdə tutulan vəzifə sahibi də məhz Kərəm Həsənov olacaq.
Hədəfdə saxlanan növbəti nazir isə Səfər Əbiyevdir. “Azadlıq”ın əməkdaşının əldə etdiyi xəbərdə bildirilir ki, Müdafiə Nazirliyi ilə bağlı çox nəhəng həcmli bir cinayət işinin istintaqı aparılır və bu istintaq müdafiə nazirinin vəzifədən qoparılması ilə nəticələnəcəkdir. Əslində, bu işin təfərrüatları ilə bağlı da müəyyən məlumatlarımız var. Sadəcə, həm istintaq, həm də hərbi sirr xarakteri daşıya biləcəyinə görə bu məlumatları hüquqşünasla məsləhətləşmədən dərc etmək istəməzdik. Amma xüsusi vurğulayaq ki, bu cinayət işinin detalları ilə bağlı prezidentə məlumat verildiyi bəllidir.
İnformasiya şöbəsi