PA rəhbəri müəllifi olduğu uğursuz taktikanın məsuliyyətini üzərindən atmağa çalışır
Beynəlxalq təşkilatlara və müxalifətə qarşı barışmaz mövqedə olanların başında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin dayanması barədə məlumat vermişdik. Beynəlxalq təşkilatlara və müxalifətə qarşı kampaniya ilə bağlı həm ictimai-siyasi dairələrdə gedən müzakirələrdə Ramiz Mehdiyevin adının daha çox hallanması, həm də bu kampaniyanın metodologiyasının PA rəhbərinin nomenklatur dünyagörüşünə daha çox uyğun gəlməsi məlumatın əsassız olmadığını göstərirdi. Ramiz Mehdiyevin belə bir taktika seçməsi onunla izah edilirdi ki, akademik rəqiblərini sıradan çıxarmaq üçün cəmiyyətdə gərginlik yaradılmasından başqa çıxış yolu görmür. PA rəhbəri düşünür ki, müxalifətə və beynəlxalq təşkilatlara qarşı barışmaz mövqe nəticə etibarilə ölkədə sosial partlayışı stimullaşdıra bilər. Bu zaman kütləni sakitləşdirmək üçün ciddi islahatlara gedilməsi lazımdır. Bu islahatlar isə Ramiz Mehdiyevin rəqiblərinə yönələcək.
Elə bu səbəbdəndir ki, hakimiyyətdə Ramiz Mehdiyevə rəqib olan başqa bir qruplaşma – fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi qrup tamamilə əks mövqe tutub. “Fövqəlnazir” PA rəhbərinin məlum planının qarşısını almaq üçün cəmiyyətdə gərginlik yaradılmasının tərəfdarı deyil. Çünki Kəmaləddin Heydərov müxalifətə və beynəlxalq təşkilatlara qarşı barışmaz mövqenin sonda onun qurban verilməsi ilə nəticələnəcəyini anlayır. ABŞ səfiri Metyu Brayzanın Kəmaləddin Heydərovla görüşməsindən sonra bu xətt özünü daha qabarıq şəkildə göstərdi. Təsadüfi deyil ki, səfirlə “fövqəlnazir”in görüşü Ramiz Mehdiyevdə hiddət doğurmuşdu. Eyni zamanda bu görüşdən sonra müxalifətə və beynəlxalq təşkilatlara qarşı PA rəhbərinin müəlliflik etdiyi kampaniyaya ara verildi. Artıq efirdə “zəhmətkeşlər” görünmür, liderlərin evi və ofisləri qarşısında iyrənc aksiyalar keçirilmir, YAP-çılar beynəlxalq təşkilatları müxalifətə dəstək verdiyinə görə ittiham etmir və s. Indi hakimiyyət taktikanı dəyişib. Ötən sayımızda iqtidar ideoloqlarının cızdığı yeni “xilas planı” barədə məlumat vermişik, ona görə də təkrarçılığa yol vermək istəmirik.
Əldə etdiyimiz yeni məlumatlara görə, Ramiz Mehdiyev mövqeyinin artıq hakimiyyətdə də qəbul olunmadığını görüb, məsuliyyəti üzərindən atmağa çalışır. PA rəhbəri bu barədə ictimaiyyətdə aparılan müzakirələrə, mətbuatda yazılanlara birbaşa reaksiya verməsə də (Azərbaycan reallığında bu, zatən, mümkün deyil), yaxın çevrəsinə daxil olan şəxslər vasitəsilə məsələlərə “aydınlıq” gətirməyə çalışır. Götürək, deputat Fazil Mustafanın “Reytinq” qəzetinə müsahibəsini. Deputat korrupsiyaya qarşı mübarizə ilə bağlı danışarkən, ad çəkmədən Kəmaləddin Heydərovu “vurub”: “Korrupsiyaya qarşı mübarizə siyasəti görünməyən əllər tərəfindən durduruldu… Hər həftə bir inhisarı ləğv etməklə, hakimiyyət təşəbbüskar insanların fəaliyyət sferasını açmağı qarşısına məqsəd qoymalı idi. Amma heç bir inhisarçıya toxunulmadı, heç bir nazirin əlindən hansısa sahə alınmadı. Əksinə, korrupsiyaya qarşı mübarizə imkan yaratdı ki, müxtəlif orqanlar bundan istifadə edib, problemləri həm həll etməyi çətinləşdirsin, həm də qiymətləri qeyri-rəsmi qaldırsın”.
Korrupsiyaya qarşı “mübarizə” Ramiz Mehdiyevin təşəbbüsü ilə başlayıb. PA rəhbəri bu şou ilə ərəb ölkələrindəki inqilab dalğasının Azərbaycana keçməsinin qarşısını almaq məqsədilə düşünüb. Ona görə də əlbəttə ki, Fazil Mustafa “korrupsiyaya qarşı mübarizə siyasəti görünməyən əllər tərəfindən durduruldu” deyəndə Ramiz Mehdiyevi nəzərdə tuta bilməz. Digər tərəfdən Fazil Mustafa PA rəhbərinin “deputatlar qrupu”na daxildir.
Deputat daha sonra hakimiyyətin müxalifətə qarşı barışmaz mövqedə dayanmasına toxunub: “Ümumiyyətlə, müxalif fikrə qarşı münasibət xoşagələn deyil. Bunun nəticəsində müxalifətin mitinqlərdən, kəskin addımlardan başqa yolu qalmır. Başqa cığır açılmır ki, bu yolla ən azı o da iradəsini ortaya qoysun”.
Fazil Mustafanın bu fikirləri ilə müxalifəti müdafiə etdiyini düşünürsünüzsə, yanılırsınız. Deputat əslində Ramiz Mehdiyevi müdafiə edir. Fazil Mustafa ictimaiyyətə çatdırmaq istəyir ki, müxalifətə qarşı barışmaz mövqedə dayanan Ramiz Mehdiyev deyil. Məntiq var: Əgər Ramiz Mehdiyev belə mövqedə olsaydı, Fazil Mustafa müxalifətə haqq qazandırmazdı. Yəni, PA rəhbərinə yaxın şəxs, müxalifətə kəskin addımlar atdığına görə haqq qazandırırsa, deməli, demokratik düşərgəyə qarşı barışmaz mövqedə dayanan başqa qüvvələrdir.
Fazil Mustafanın sonrakı fikirlərinə diqqət edək: “Hakimiyyətin içindəki zor tərəfdarlarına şərait yarandı və bildirdilər ki, biz olmasaq, bu müxalifət ölkədə böyük qarışıqlıq yarada bilər”. Burada deputat bir qədər də açıq şəkildə hakimiyyətin içindəki zor tərəfdarlarının Ramiz Mehdiyevin qrupu olmadığına eyham vurur.
Deputat APA-ya müsahibəsində də oxşar fikirlər səsləndirib. Məsələn, o, müxalifətin aksiyalarına münasibət bildirərkən deyib: “Mən bu aksiyaları müxalifətin hüququ hesab edirəm. Düşünürəm ki, hakimiyyət paytaxtın 11 rayonunda aksiyalar üçün yer ayırmalıdır. Müxalifət də israr etməməlidir ki, bu yerlər Azadlıq meydanı və ya harasa olmalıdır. 11 rayonda qanuna uyğun, əhalinin gediş-gəlişinə mane olmayan, ictimai təhlükəsizlik baxımından əlverişli yerlər ayrılmalı və şərait yaradılmalıdır. Çölün düzündə yer verilməsi cığallıqdır. Mən müxalifətin bütövlükdə hakimiyyəti dialoqa çəkməsinin tərəfdarıyam. Çünki hər hansı bir şəkildə zorakılıq, təzyiq formaları doğru deyil. Bu, islahat istəyən qüvvələrin mövqeyini zəiflədir”.
Bütün bunlar onu deməyə əsas verir ki, nomenklatur taktikası ilə rəqiblərinə fürsət verən Ramiz Mehdiyev indi məsuliyyəti elə onların üzərinə qoymaqla vəziyyətdən çıxmağa çalışır. Güman ki, bundan sonra da Ramiz Mehdiyevin ruporları PA rəhbərinin müxalifətə və beynəlxalq təşkilatlara qarşı barışmaz mövqedə olmadığını sübut etməyə çalışacaqlar…
Analitik informasiya şöbəsi