Deyir, qulaq gündə bir söz eşitməsə kar olar, mən də dünən eşitdim ki, kinorejissor Ayaz Salayev açıqlama verib, deyib, Qarabağ uğrunda döyüşməyə hazırdır, indi oturub Ali Baş Komandanın əmrini gözləyir.
Ayaz müəllimin belə cəsarətini alqışlayıram, amma arzu edirəm ki, o, eyni cəsarəti son çəkdiyi film ilim-ilim itiriləndə də nümayiş etdirəydi. Bu haqda bir neçə dəfə yazmışam, yəqin sadiq oxucularımız xatırlayar, hər halda unudanlar üçün bir daha xatırladaq. Salayevin dövlət sifarişi ilə çəkdiyi “Ehram TV” adlı son filmi siyasi konyukturanı razı salmadığı üçün ləğv edildi. Əvvəllər Ayaz müəllim iki ayağını bir başmağa dirəyib bu filminin senzura qurbanı olduğuna dair iddiaları yalanlayırdı, deyirdi, filmin nümayişi başlayanda həmin iddia müəllifləri utanıb yerə girəcəklər. Şəxsən mən neçə ildir utanıb yerə girəcəyim günü gözləyirəm, amma gəl gör ki, Salayevin filmindən hələ də heç bir xəbər yoxdur.
Indi istər-istəməz soruşmaq istəyirsən: öz filmini hakim recimin senzurasından qoruya bilməyən adam torpaqları necə qoruya bilər? Öz filminin başına gətirilən oyunlara təpkisiz qalan, qorxub etiraz səsi çıxara bilməyən adamın “Qarabağ uğrunda ölümə hazır olmaq”la bağlı cəsarətli açıqlamasının səmimiyyətinə necə inanmaq olar?
Bu yerdə yadıma özünü hər fürsətdə Sovet dövrü dissidenti kimi sırımağa çalışan psevdoyazıçılardan biri düşür. Guya bu xalqsız xalq yazıçısı Sovet hakimiyyəti illərində əlaltından sistemə qarşı mübarizə ilə məşğul olurmuş, buna görə xeyli təqiblərə də məruz qalıb. Amma həmin bu psevdoyazıçının ssenarisi ilə çəkilən bir filmin bəzi epizodlarını müstəqillik dövründə telekanallardan biri kəsib-doğrayanda onun etirazını eşitmədik.
Hansısa müdrikin belə bir sözü var: “Insanın keçmişdə etdikləri gələcəkdə edəcəklərinin xəbərçisidir”. Biz indi bunu belə də yaza bilərik: “Insanın bu günki əməlləri onun keçmiş və gələcək əməllərinin aynasıdır”.
Bu gün ssenarisi əsasında çəkilən filmin kadrları qayçılanarkən susan bir yazıçının Sovet hakimiyyətinin qılıncının dalı da, qabağı da kəsən vaxtlar dissidentliklə məşğul olduğuna hansı ağlı başında olan adam inanar? Yaxud minbir əziyyətlə çəkdiyi filmi ləğv edilərkən özündə etiraz cəsarəti tapmayan bir adamın əlinə silah alıb torpaq uğrunda ölümə hazır olduğunu deməsindən gülməli nə ola bilər?
Ümumiyətlə, keçdiyimiz hər gün bizə bir həqiqəti çox aydın göstərməkdədir: insanları azad olmayan ölkənin işğaldakı torpaqlarının azad ediləcəyinə inanmaqdan böyük sadəlöhvlük ola bilməz. Qəlbən, ruhən, düşüncə, təfəkkür etibarı ilə yarımçıq adamlarla hansı torpaq bütünlüyünə, ərazi bütövlüyünə ümid etmək mümkündür?
Dəyişiklik olmaya bilərmi?!
Bir neçə kəlmə də son vaxtların artan repressiyaları, həbsləri fonunda əksəriyyətimizin şüuruna hakim kəsilən bir düşüncə, yanlış bir qənaət haqda. Rejimin basqılarının güclənməsi istəsək də, istəməsək də insanlar arasında pessimizm ovqatını gücləndirir, heç nəyin dəyişməyəcəyinə dair bir əhval-ruhiyyə yaradır. Belə əhval-ruhiyyəyə qarşı ən tutarlı fikirləri keçən yüzil alman mədəniyyətinin ən böyük simalarından biri Bertold Brextin qələmindən oxuyaq: “Insanlar anlamalıdır ki, bu gün qarşısında özlərini gücsüz hesab etdiyi rejimlər heç də həmişə güclü olmayacaqlar. Bu günün qalibi sabahın məğlubudur. ”Zaman istənilən tiraniyanın gücünü tükədir” – bu həqiqəti Utikalı Kato 2 min il əvvəl söyləmişdir.
Dünyada hər şeyin dəyişən olduğuna əsaslanan dialektik dünyagörüşü əsarətdə olan xalqın ruhunu yüksəltmək üçün zəruri vasitədir. Onların əcdadlarının beyinlərinə əsrlərlə yeridilmişdir ki, dünya dəyişməzdir, əzəldən belədir, onu dəyişmək insan gücü daxilində deyil… Hakim inhisarçı azlığın işinə yarayan bu miflər birdəfəlik dağıdılmalıdır. Əgər dünya dəyişməzdirsə, necə oldu ki, 5 min il əvvəl daş alətlərlə ov edən insanların nəsilləri bu gün təyyarədə gəzirlər?!”
Əlavə sözə gərək varmı?