«Bu təxribatdır, Rusiya Qarabağ müharibəsinin yenidən alovlanmasında maraqlıdır»
Vəfa Quluzadə: «Rusiya Azərbaycana qarşı açıq hücuma keçsə, NATO Türkiyənin timsalında baş verənlərə müdaxilə edəcək»
Son günlər mətbuatın gündəmini zəbt edən əsas xəbər cəbhə xəttində baş verənlərdir. Avqustun 1-də atəşkəs rejiminin pozulmasının ardınca cəbhə xətti boyunca ciddi hərəkətlik yaşandı. Azərbaycanın hərbi texnikanı cəbhə bölgəsinə cəlb etməsi irimiqyaslı əməliyyatlara hazırlıq kimi dəyərləndirildi. Amma baş verənlərlə bağlı kifayət qədər qaranlıq məqamlar da hələ də qalmaqdadır. Cərəyan edən hadisələrin Rusiyanın ssenarisi ilə baş verdiyini söyləyənlər də az olmadı. Qarabağ münaqişəsinin donunun açılması Rusiyaya nə verə bilər? Gündəmdə olan bu və başqa sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq.
– Atəşkəsin pozulması Rusiyanın rəhbərliyi altında oldu. Baş verənlər sadəcə olaraq Azərbaycanı genişmiqyaslı müharibəyə sürükləməyin təxribatı idi. Rusiya bilir ki, Azərbaycanın cəbhə xətti boyunca güclü silahlı qüvvələri yerləşdirilib. Məsələn, son günlər ermənilərin cəbhədəki təxribatlarına Azərbaycanın tam formada adekvat cavab verməsi Moskvanın ürəyindən olardı. Belə bir ssenari nəticəsində böyük bir müharibənin başlanğıcı qoyulacaqdı. Rusiya Ermənistanı müharibəni davam etdirməyə inandırmağa çalışacaqdı. Ona görə cəbhə xəttində baş verənləri belə şərh etmək olar. Azərbaycan qoşunları sadəcə olaraq ən təhlükəli istiqamətlərdə ermənilərin cəhdlərinin qarşısını aldılar. Nəticədə Rusiyanın Azərbaycanla bağlı planları həyata keçmədi. Rusiya prezidentlərin Soçi görüşü ərəfəsində müharibənin alovlanmasını istəyir. Baş verə biləcəklər Putinə sülhpərvər, Cənubi Qafqazda sülhün təminatçısı imicini qazandıra bilərdi. Eyni zamanda Putin bu addımları ilə o mesaj verir ki, Azərbaycan onun təklif etdiyi kimi Gömrük Ittifaqına daxil olmasa, Qarabağ müharibəsi daha şiddətli formada davam edəcək. Ermənistan özbaşına şəkildə bu cür qətiyyətli addım ata bilməzdi. Azərbaycan təxribata getmədi. Bütün cəbhə boyu atəşkəsi ermənilər pozmuşdu. Hətta belə bir məlumat da var idi ki, Ermənistan cəbhə xəttinə Rusiyadan peşəkar snayperlər gətirib. Məqsəd Azərbaycanı ciddi itkiyə məruz qoyaraq geniş müharibə vəziyyətinə cəlb etmək idi. Amma Rusiyanın bu təxribatı baş tutmadı. Ona görə Soçi görüşü də öz əhəmiyyətini itirir. Rusiyanın ssenarisi müharibənin qızışması ilə başlayıb, Soçi görüşündə yekunlaşmalı idi. Amma artıq Soçi görüşü bir piar aksiyası olacaq.
“Beynəlxalq aləmin narahatçılığı tam əsaslıdır”
– Cəbhə xəttində baş verənlərlə bağlı nüfuzlu dövlətlərdən çağırışlar davam edir. Artıq ABŞ-ın Dövlət Departamenti, ATƏT-in Minsk qrupuna üzv dövlətlər, BMT-nin baş katibi baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar cərəyan edən hadisələrin Cənubi Qafqazda sabitliyi poza biləcəyini söyləyiblər. Həqiqətənmi Cənubi Qafqazdakı sabitliyə təhlükə var?
– Cənubi Qafqazda sabitliyin pozulması tam real idi. Ona görə beynəlxalq aləmin baş verənlərlə bağlı narahatçılığı tam əsaslıdır. Rusiya Qarabağ müharibəsinin yenidən alovlanmasını istəyir və bunda maraqlıdır. Bizim üzərimizə böyük missiya düşür. Bizə azğınlıqla hücum edənlərin cavabını tam formada verməməliyik ki, bu böyük müharibəyə aparmasın. Azərbaycan Ermənistana tam formada cavab verə bilər. Amma bu zaman Azərbaycanın belə addım atmasında qarşı tərəf maraqlı olacaq. Cəbhə xəttində baş verənlər müharibəni yenidən başlamaq üçün uğurlu zəmin olacaq. Qərb Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətindən narahatdır. Onlar Rusiyanın Qərbə qarşı ikinci cəbhəni məhz Cənubi Qafqazda açacağını düşünür. Rusiya Ukraynadakı uğursuzluqlarını Cənubi Qafqazda kompensasiya etmək istəyir. Rusiya düşünür ki, Ukraynadakı prosesləri artıq uduzub. Ona görə Rusiyaya revanş lazımdır. Ermənistanda Rusiyanın 3 hərbi bazası var. Heç kim zəmanət vermir ki, hərbi əməliyyatlar yenidən bərpa olunacağı təqdirdə həmin hissələr erməni əsgərlərinin formasını geyinərək, Azərbaycana qarşı vuruşmayacaqlar.
– Cəbhədə atəşkəsin pozulmasının ilk günündən proseslərin arxasında məhz Rusiyanın dayandığı düşünülürdü. Amma maraqlıdır ki, Soçi görüşünün də təşəbbüskarı məhz Rusiyadır. Bir qədər təzad alınmırmı? Rusiya Qarabağ müharibəsinin çözülməsində Qərbi qabağlamağa çalışır?
– Qərb əvvəlki illərə nisbətən Qarabağ problemi ilə daha aktiv formada məşğul olmağa başlayıb. Ona görə baş verənlərdən Rusiya narahat olmağa başladı. Rusiya regionda sülhün məhz ATƏT-in, Qərbin vasitəsilə bərqərar olunmasını istəmir. Rusiya Qarabağ probleminin məhz onun vasitəsilə həll olunmasını istəyir. Bu həll yolu isə Azərbaycanın maraqlarına uyğun deyil. Rusiya Azərbaycan torpaqlarının bir qismini azad edir və sülhməramlı qoşun adı altında regiona rus qoşunu yeridilir. Azərbaycandan isə Gömrük Ittifaqının üzvü olması tələb olunur. Nəticədə Azərbaycan yaranmamış çöküş yaşayan Gömrük Ittifaqının üzvünə çevrilir. Çünki Ukrayna əldən gedəndən sonra Gömrük Ittifaqının taleyi məlum idi. Ermənistan da hətta Azərbaycansız Gömrük Ittifaqına girməyin mənasız olduğunu bəyan edir. Bütün bunlar Putini məcbur edir ki, daha sərt yollara baş vursun. Rusiya Qərbi Qarabağ probleminin həllinə yaxın buraxmaq istəmir. Soçi görüşünün də əsas məqsədi məhz budur.
– Belə bir fərziyə də var ki, cəbhədəki atışma ilə Rusiya regionun Avropaya inteqrasiyasının qarşısını almaq istəyir. Yəni hazırda Azərbaycan və Türkmənistan qazı Rusiya qazına alternativ sayılır. Rusiya isə Avropanı bu imkanlardan məhrum etmək üçün regionda sabitliyi pozur. Başqa bir fərziyəyə görə isə Rusiya Qarabağ müharibəsini başlama təhlükəsi altında Ermənistan və Azərbaycanı Gömrük Ittifaqına üzv qəbul etmək istəyir…
– Obamanın Rusiya ilə “soyuq müharibə”nin başlamasını inkar etməsinə baxmayaraq, əslində Qərblə Rusiya arasında hazırda kəskin iqtisadi müharibə gedir. Azərbaycan da bu iqtisadi müharibədən kənarda qala bilməz. Çünki Rusiyanın inhisarına zərbə endirmək üçün Avropa Birliyi Azərbaycan və Türkmənistan qazını istifadə etmək istəyir. Deməli, biz istər-istəməz böyük bir oyunun içərisindəyik. Ona görə Azərbaycan sayıq olmalıdır. Rusiyanın Azərbaycana qarşı başqa təxribatları da ola bilər. Çünki Putin çox arzu edərdi ki, Azərbaycanı Gömrük Ittifaqına sürükləsin. Ermənistanın siyasi iradəsi yoxdur. Ondan nə tələb etsələr, onu edəcək. Azərbaycanla Ermənistan isə müharibə şəraitində ola-ola bir ittifaqda təmsil oluna bilməzlər. Buna görə Putin Soçidə əlindən gələni edəcək ki, Ermənistanla Azərbaycanı barışdırsın. Putin bəlkə də Qarabağdan başqa Azərbaycanın işğal altında olan torpaqlarının bir qismini azad etməyi söz verə bilər. Amma şərt çox ağır olacaq. Putinin istəyi Azərbaycanın müstəqilliyini əlindən almaqdır. Bununla Rusiya Qərbin regiondakı bütün lahiyələrinin üstündən xətt çəkmiş olacaq. Gömrük Ittifaqına daxil olan ölkələrin müstəqilliyi heçə enir. Qazaxıstan və Belarus düşünür ki, Gömrük Ittifaqı onsuz da baş tutmayacaq və Rusiyanı qıcıqlandırmamaq üçün bu dövlətlər həmin təşkilatda təmsil olunurlar. Amma reallıqda bu ittifaq mövcud deyil. Bu ittifaqda Ukraynanın olmaması ağır zərbədir. Ona görə Putin bu birliyə Ermənistanı və Azərbaycanı cəlb etmək istəyir.
“Rusiyanın təşəbbüslərinə baxmayaraq Soçi görüşündə iştirak vacibdir”
– Belə fikirlər var ki, Soçi görüşü ərəfəsində Rusiya Azərbaycanla Ermənistan arasında növbəti gərginliyin yaranmasına çalışacaq. Bu da təsadüfi addım deyil. Ona görə bu görüşdən, ümumiyyətlə, imtina etmək lazımdır…
– Bizim Rusiyaya qarşı rəsmi siyasətimiz dost siyasətidir. Biz bu siyasəti sona qədər davam etdirməliyik. Bir məqamı nəzərə almaq lazımdır ki, Rusiya cəbhə xəttində bizə qarşı açıq formada çıxış etmir. Rusiya regionda gözəl bir ssenari yaradıb. Iki ölkə sülh bağlamaq istəyəndə bu cəhdlərə zərbə vurulub. Ona görə formal surətdə müharibəni Azərbaycanla Ermənistan aparır. Amma qeyri-formal şəkildə isə Azərbaycanın rəqibi Rusiyadır. Bütün bu situasiyanı yaradan Rusiyadır. Ona görə görüşdə iştirak etməməklə biz heç nə qazanmırıq. Əksinə, görüşdə iştirak etmək və arqumentlərimizi çatdırmaq imkanımız var. Bu görüşdə iştirak edib, diplomatik səyləri işə salmaq lazımdır.
– Rusiyanın Cənubi Qafqazda stabilliyi pozmaq istiqamətində səyləri davam edərsə, Qərbin bu siyasətə qarşı çıxmaq imkanı varmı? Qərb Azərbaycanı müdafiə etmək üçün hansı addımları ata bilər?
– Rusiya Azərbaycana qarşı aşkar formada hücum etməyəcək. Çünki, Rusiya heç Ukraynadakı addımlarını etiraf etmir. Rusiya çox güclü olsaydı, heç kəsdən çəkinmədən siyasətinin arxasında dayanardı. Necə ki, vaxtilə SSRI təsir altına almaq istədiyi ölkələrə aşkar formada qoşun yeridir və bunun arxasında da dayanırdı. Amma Rusiya SSRI deyil. Rusiya Qərbdən asılıdır. Rusiya üzləşdiyi sanksiyalardan böyük əzab çəkir və sanksiyaların acı nəticələri daha da böyük olacaq. Ona görə Putinin Azərbaycana açıq ekspansiyası mümkün deyil. Qərbin addımlarına gəlincə, Rusiya Azərbaycana qarşı açıq hücuma keçsə, Qərbin bütün lahiyələri iflasa uğrayacaq. Bu zaman Qərb Türkiyənin timsalında baş verənlərə müdaxilə edə bilər. Türkiyənin NATO üzvü olduğunu da unutmaq lazım deyil. Belə olan halda Rusiya Türkiyənin timsalında NATO ilə üzləşəcək.
Xəyal